news Image
2013.03.13
16:31
| A A A
Təhsil naziri bəzi peşə liseyləri və məktəblərinin rəhbər şəxslərini cəzalandırıb

Azərbaycanın təhsil naziri Misir Mərdanov ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqinin nəticələri əsasında bəzi peşə liseyləri və məktəblərinin rəhbər şəxslərini cəzalandırıb.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, 2013-cü il fevral ayının 11-15-də Bakı şəhərinin 3, 6, 9, 14, 17 saylı peşə liseylərində və 1, 6 saylı peşə məktəblərində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi keçirilib. Nazirin bu monitorinqlə bağlı verdiyi əmrə görə, monitorinq keçirilən təhsil müəssisələrində imtahanlar ümumilikdə "Peşə məktəbi və peşə liseylərində imtahanların aparılması və şagirdlərin kursdan-kursa keçirilməsi haqqında" təlimata uyğun keçirilsə də, bəzi müəssisələrdə müəyyən çatışmazlıqlar aşkarlanıb.

Müəyyən edilən çatışmazlıqların aradan qaldırılması, gələcəkdə imtahanların və istehsalat təcrübəsinin daha səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə nazir imtahan keçirilən "İKT proqramları", "Mühasibat uçotu" fənlərindən imtahanqabağı hazırlıq işlərini qismən yerinə yetirdiklərinə görə 17 №-li Bakı peşə liseyinin direktoru Qəhrəman Hacıyevə və həmin liseyin tədris istehsalat işləri üzrə direktor müavini Azad Qədirova, tədris planının tələblərinə əməl etmədiyi üçün isə 1 №-li Bakı peşə məktəbinin direktoru Pərviz Əliyevə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edib.

Əmrdə qeyd edilib ki, imtahanların və istehsalat təcrübəsinin təşkil edilməsi işində əmək müqaviləsi üzrə əmək funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyinə görə 1 №-li Bakı peşə məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini Nazim Nağıyevlə bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməlidir. Lakin onun uzun müddət işlədiyini, inzibati tənbeh almadığını və öz xahişi ilə vəzifədən azad olunması üçün ərizə yazdığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69-cu maddəsinə əsasən 01.03.2013-cü il tarixdən ləğv edilsin.

Bununla yanaşı, 3 №-li Bakı peşə liseyinin direktoruna imtahanlara hazırlıq mərhələsində və imtahanların keçirilməsi prosesində işəgötürən təşkilatların nümayəndələrinin cəlb edilməsini təmin etmək tapşırılıb. Direktor imtahan suallarının praktika yönümlü olmasına da üstünlük verməlidir.

Mərdanov eyni zamanda, ilk peşə ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırı ki, imtahanlar mövcud normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilsin, imtahan biletlərinin tərtib edilməsi zamanı praktika yönümlü suallar üstünlük təşkil etsin, təhsil alanların ixtisas dərəcələrinin vaxtında müəyyən edilməsi məqsədi ilə mərhələli attestasiyaların keçirilməsi qaydalarına əməl olunsun. İmtahan verənlərin bilik və bacarıqlarının praktikaya uyğunluğu işini daha da təkmilləşdirmək məqsədi ilə işəgötürən təşkilatların nümayəndələrinin imtahanlarda iştirakı təmin edilməlidir.