news Image
2013.03.13
16:38
| A A A
İctimai yerlərdə siqaret qadağası bu il müzakirəyə çıxarıla bilər
Musa Quliyev: «Payız sessiyasında ictimai yerlərdə siqaret qadağası məsələsi yəqin ki, yenidən gündəmə gələ bilər» Əhməd Qəşəmoğlu: «Ən bahalı siqaretlərin içində insanlara nə təklif olunur, heç o məlum deyil»

Siqaretin zərəri barədə indiyə qədər kifayət qədər məlumat verilib. ABŞ mütəxəssisləri tərəfindən siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilib. Araşdırmalara görə, siqaretin tüstüsüsundəki elementlər hər birinin insan orqanizminə bir faydası yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid və xərcəng yarada bilən maddələrdir. Daha az sayda insanın siqaretin zərərli təsirinə məruz qalmasına nail olmaq üçün bir sıra ölkələrdə ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulub. Azərbaycanda da belə qadağanın tətbiqi hələ də gecikir. Belə bir vaxtda yayılan məlumata görə, ölkəmizdə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq. Səbəb isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmamasıdır.


Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Mövqe.az-a açıqlama verib: "Payız sessiyasında ictimai yerlərdə siqaret qadağası məsələsi yəqin ki, yenidən gündəmə gələ bilər. 2 il ərzində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasının Milli Məclisdə müzakirəyə çıxarılmaması məsələsini isə heç kim müəyyən edə bilməz. Elə bir şey yoxdur. Yanlış informasiyadır. Layihə hazırdır və istənilən vaxt müzakirəyə çıxarıla bilər. Sadəcə yaz ssesiyasının gündəliyi zəngin olduğuna görə salınmadı. Heç bir ayrı səbəb yoxdur".

Sosioloq Əhməd Qəşəmoğlu isə ictimai yerlərdə siqaret çəkilməsinin qəti şəkildə yolverilməz olduğuun bildirir: "Tütün bütün statistik göstəricilərə və aparılan tədqiqatlara görə təhlükəli vasitədir. İllər keçdikcə yeni texnologiya vasitəsilə yeni siqaret növləri yaranır ki, onlarında tərkibində müxtəlif naməlum və təhlükəli qarışıqlar olur. Əvvəllər çiy tütündən hazırlanan siqaretlərin indi tərkibi naməlumdur. Ən bahalı siqaretlərin içində insanlara nə təklif olunur, heç o məlum deyil.

Bir çox xəstələr var... Məsələn, şəkər xəstəliyinin müəyyən növləri var ki, o cür xəstələrin yanında siqaret çəkəndə pis təsir edir. Hamilə qadınların yanında siqaret çəkmək isə özü cinayətdir. Çünki hamilə qadının həm özünə, həm də ki, bətnindəki uşağa siqaret iyinin çox böyük ziyanverici təsiri var. Bir çox xəstələrə siqaretin iyi çox mənfi təsir göstərir".

Sosioloq belə hesab edir ki, Milli Məclisdə bu məsələnin müzakirəyə çıxmamasına mane olan qüvvələr var: "Siqaret satışı ilə məşğul olan qüvvələr müəyyən yollarla bu layihənin müzakirəyə çıxmamasına çalışırlar. Bu işlərlə məşğul olan insanlar razı olmaz axı siqaretə qoyulan məhdudiyyətlər artsın. Siqaretlə bağlı bu cür ciddi əhəmiyyətli məsələnin müzakirəyə çıxarılmaması yaxşı hal deyil. Çünki ən təsirli mübarizə üsullarından biri də ictimai yerlərdə siqaret çəkilməsinə qoyulan qadağa haqqında qanunun qəbul olunmasıdır".

Sosioloqun siqaret satışı ilə məşğul olan qüvvələrin Milli Məclisə təsir göstərməsiən isə deputat M. Quliyev belə cavab verib: "Həmin şəxslərin Milli Məclisə təsiri yoxdur. Bu məsələ vətəndaşları əhatə edən bir məsələdir. "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun siqaretin satışını məhdudlaşdırmır. Sadəcə siqaretin qapalı mühitdə çəkilməsini nəzərdə tutur. Həmçinin bu qanun siqaret çəkməyən insanları qoruyub, yeniyetmə gənclərin siqaretə olan meylinin azalmasından ötrüdür. Yoxsa ki, 20-30 il siqaret çəkən insan bu qanunun qəbul olunması ilə siqareti tərgidəcəyi inanılmaz bir faktdır".