news Image
2013.03.14
10:56
| A A A
”Azadlıq” qəzeti ilə bağlı son qərarı iddiaçı nazirlər özləri verəcək”
“Azadlıq” qəzetinin “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” sərlövhəli yazı ilə bağlı üzr istəməsi çarəsizlikdən, məhkəmədə ifşa olunmaq qorxusundan irəli gələn məsələdir”. Bu sözləri APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib.

Sadiq Gözəlov qeyd edib ki, bu barədə son sözü iddiaçılar özləri deyəcəklər: "Özlərini ölkədə azad sözün, mətbuatın az qala yeganə nümayəndələri sayan, əslində müəyyən siyasi təşkilatların və ayrı-ayrı şəxslərin təsir dairəsində olan bəzi qəzetlər və xəbər portalları hansısa "etibarlı", "məlumatlı" mənbələrə istinad edərək iqtidar mənsubları, o cümlədən Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanlarının rəhbərliyinə daxil olan şəxslər barədə onların işgüzar imiclərini və nüfuzlarını ləkələyən əsassız və şayiə xarakterli dezinformasiyalar yayırlar. Onlar ən azından jurnalist etikası baxımından adətən dürüstlüyü, obyektivliyi açıq-aşkar şübhə doğuran belə informasiyaların səhihliyini barələrində yalan və böhtan xarakterli məlumatlar yaydıqları vəzifəli şəxslərin rəhbərlik etdikləri dövlət orqanlarının mətbuat xidmətləri ilə yoxlayıb dəqiqləşdirməyə nədənsə həvəsli görünmürlər.

"Azadlıq" qəzetinin 1 mart 2013-cü il tarixli sayında dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" sərlövhəli məqalədə dövlətin iki önəmli orqanının, güc strukturlarının rəhbərlərinin birinin barəsində böhtan xarakterli, şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salmağa hesablanmış məlumatlar dərc olunub, digəri isə ağır və xüsusilə ağır cinayətdə ittiham edilib.

Çox maraqlıdır ki, özlərini daxili işlər nazirinin yaxın çevrəsi ilə etdiyi söhbətdən guya xəbərdar olanlar kimi göstərməyə çalışan sözügedən qəzetin rəhbərliyi "Daxili İşlər Nazirliyi və ya digər nazirlikdən heç bir reaksiya olmadı və biz də heç nə etmədik" deyə yaxasını kənara çəkməyə, məsuliyyətdən yayınmağa çalışsa da fakt faktlığında qalır. Əgər qəzet rəhbərliyinin marağında olsa idi, mediaya ən açıq qurumlardan biri olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dərhal əlaqə saxlaya, mövzu ilə bağlı bizim mövqeyimizi öyrənə bilərdilər. Çünki işimizlə, xidməti vəzifənin icrası ilə bağlı bizim bir çox KİV illə, o cümlədən "Azadlıq" qəzetinin təmsilçiləri ilə demək olar ki, müntəzəm təmaslarımız olur. Ancaq konkret olaraq həmin məqalə ilə bağlı eyni operativliyin göstərilməməsi, faktiki rəsmi mövqenin öyrənilməməsi isə qəzet rəhbərliyinin səmimiliyini şübhə altına alır, təxribat xarakterli yazının qəsdən, məqsədyönlü şəkildə yazılmasından və dərc olunmasından xəbər verir. İndi həmin yazıda qeyri-dəqiqliyə yol verildiyini iddia edən, candərdi bir təkzib verib məsələni bitmiş hesab edənlər dəqiqləşdirməni məhkəməyədək aparmalı idilər.

Bununla da qəzet söz və mətbuat azadlığından sui-istifadə edərək "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinin tələblərini kobud şəkildə pozub. Barələrində böhtan xarakterli məlumatlar yayılıb, cəmiyyətdə böyük nüfuz sahibləri olan hər iki şəxs "Azadlıq" qəzetinin yaratdığı problemi haqlı olaraq çox sivil qaydada, qanunvericiliyə uyğun şəkildə həll etməyə qərar verərək məhkəməyə müraciət ediblər. İndi kimlərsə nazirlərin məhkəməyə müraciət etmələrini az qala söz və mətbuat azadlığının boğulmasına cəhd kimi qiymətləndirirsə, onlar məsələnin mahiyyətini təhrif edirlər və obyektivlikdən çox uzaqdırlar. O ki qaldı "Azadlıq" qəzetinin məlum yazı ilə bağlı üzr istəməsinə, bir daha qeyd edirik ki, bu, çarəsizlikdən, məhkəmədə ifşa olunmaq qorxusundan irəli gələn bir məsələdir. Vəkilin və qəzet təmsilçilərinin son davranışlarından, hərəkətlərindən də bunu görmək olar. Onlar məhkəmə prosesini uduzacaqlarının fərqindədirlər. Artıq Mətbuat Şurasının rəhbərliyi də hörmətli nazirlərə müraciət edərək onlardan şikayətlərini geri götürmələrini xahiş edib. Lakin sonda buna iddiaçılar özləri qərar verəcəklər".

Qeyd edək ki, martın 12-də "Azadlıq" qəzeti "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" sərlövhəli yazı ilə bağlı daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. "Təkzib" rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: "Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adıçəkilən məmurlardan üzrxahlıq edirik".

Təkzib verildikdən sonra Qənimət Zahidin vəkili bəzi KİV-ə açıqlamasında nazirlərin xüsusi ittiham qaydasında "Azadlıq" qəzetinin baş redaktorundan etdikləri şikayətləri geri götürməli olduqlarını bildirib