Əlaqə Arxiv
news Image
2017.12.13
16:24
| A A A
Nazir məişət zorakılığı qurbanlarının sığındığı sığınacağa baş çəkdi-FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub. Tədbir zamanı nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət  kursuna uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: “Hazırda «Sosial xidmət haqqında» Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar,  müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər”.

 S.Müslümov qeyd edib ki, hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirilir: “2013-cü ildə 30 belə layihə icra olunubsa, cari ildə onların sayı 70-i ötüb. 
S.Müslümov “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin də 2013-cü ildə akkreditasiyasının həyata keçirildiyini və hazırda öz fəaliyyət sahəsində müsbət iş təcrübəsi ilə seçildiyini bildirib: “Son illərdə həmçinin bu təşkilat  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında sosial xidmət layihəsi də icra edib və məişət zorakılığından zərər çəkən uşaqlara həmin layihə çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlər göstərib”. 
Tədbir zamanı “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq müəssisələrlə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi də qeyd olunub.
İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi,  tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib. 
  

Sizin Reklam Yeriniz