news Image
2013.03.15
15:07
| A A A
Yoxsulluğun azaldılmasında aktiv sosial yardımların təsiri

"Müasir dövrdə əmək bazarı siyasəti sahəsində baş verən dəyişikliklərə nəzər salsaq, bir çox inkişaf etmiş ölkələrin müavinət və yardımlara yönəldilən maliyyə vəsaitlərinin artıq əhalinin aktivləşdirilməsi, yaxud əmək bazarına inteqrasiya və məşğulluqlarının təmin edilməsi istiqamətində tədbirlərə yönəldildiyini görmək mümkündür". Bu sözləri Mövqe.az- a açıqlamasında Bakı Dövlət Universitetinin doktorantı, iqtisadçı-ekspert Hüseyn Hüseynov bildirdi: "Başqa sözlə desək, əhalinin aztəminatlı təbəqəsinə istiqamətlənmiş passiv vəsaitlərin aktivləşdirilməsi və kasıb, lakin müəyyən potensialı olan insanların əmək bazarına inteqrasiyasının stimullaşdırılması müasir sosial müdafiə siyasətinin başlıca prioritetidir. Aztəminatlıların sosial reabilitasiyası və məşğulluğunu dəstəkləmək, onların rifah halını davamlı olaraq yüksəltmək, yoxsulluq risklərini azaltmaq və aktiv əmək bazarına inteqrasıyasını təmi etmək üçün, beynəlxalq təcrübədə iki istiqamət daha çox fərqləndirilir. Bunlar, dəstək qrantları və kiçik mikrokreditlərdir. Sözügedən transferlər müxtəlif ölkələrdə fərqli mənbələrdən maliyyələşdirilir. Belə ki, bəzi ölkələrə proqram tamamilə, yaxud müəyyən hissəsi dövlət büdcəsindən ayrılan xərc maddəsilə, digərlərində isə donor təşkilatların maliyyə dəstəyi ilə yerinə yetirilir. Respublikamızda da passiv proqramlara daxil olan Ünvanlı Dövlət Sosial Yardımı adı altında tətbiq edilən transferlər 2006-cı ildən həyata keçirilməyə başlanılıb. Lakin qeyd etmək lazımdır ki, ünvanlı sosial yardımlar passiv proqramlara aid olunduğundan və benefisiar ailələrin bu yardımların büyük bir hissəsinin ərzaq məhsullarına xərclədiyindən və yardımların yoxsulluq həddindən aşağı göstərici olan ehtiyac meyarı ilə hesablandığından bu tədbirlərin birbaşa yoxsulluğun azaldılmasına təsiri birmənalı deyil. Buna görə də dayanıqlı sosial müdafiə sisteminin yaradılıb möhkəmləndirilməsi, aztəminatlı ailələrin tam dövlət dəstəyi ilə təmin edilməsi, onların səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitisaya edilməsi imkanlarının yaradılması üçün, əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən "Birdəfəlik sosial yardım – Özünədəstək" proqramı hazırlanıb. Bu, respublikanın bir sıra rayonlarında pilot olaraq sınaqdan keçirilməkdədir. Qeyd edək ki, bu proqramın əsas məramı, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və ya səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri sosial yardımın məbləğinin birdəfəlik ödənilməsidir. Nazirliyin ilkin statistikasına nəzər salsaq, reabilitasiyada iştirak edən ailələrin 96 faizinin müsbət nəticə əldə etdikərini demək olar. Belə ki, proqrama qatılan ailələrin əvvəlki dövrə təyin edilən aylıq yardımlarla müqayisədə gəlirlərində artım olmuşdur. Qeyd etmək lazımdır ki, aztəminatlıların reabilitasiyası tədbirlərinin digər istiqaməti sosial mikrokreditlərdir ki, bunlar da bir sıra ölkələrdə (Avstriya, Almaniya, Birləşmiş Krallıq, Niderland, Avstraliya və s.) sınaqdan keçirilmiş və müsbət nəticəsini verib".