Əlaqə Arxiv
news Image
2018.01.12
14:22
| A A A
Restoran və kafelərin qapısı ağzında da siqaret çəkmək düzgün deyil-Deputatdan açıqlama

Yaxın vaxtlarda tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə bir sıra yerlərdə tütün çəkilməsi qadağan ediləcək. Bu qadağalar ötən ilin dekabr ayında ölkə başçısının imzaladığı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda öz əksini tapıb. Qanun təsdiq olunsa da, hələki qadağaların icra mexanizmi bəlli olmadığından, tətbiqinə nəzarət həyata keçirilmir. Bununla belə artıq bir sıra qapalı yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulub. Hətta bəzi restoran, bar, kafe tipli iaşə obyektlərində, eləcə də, ticarət obyektlərində siqaret çəkməyin yasaq olduğunu əks etdirən xəbərdarlıq tabloları asılıb. Kafe, restoran tipli iaşə obyektlərində tütün çəkilməsinə qoyulan qadağalar siqaret aludəçilərini narazı salsa da, qanunun tətbiqi ictimaiyyət tərəfindən alqışlanır. Restoran və kafelərdə siqaret aludəçilərinin hər dəfə siqaret çəkmək üçün açıq havaya çıxmağa məcbur olması, qapalı yerlərdə tütündən istifadə üçün ayrıca yerlərin ayrılması ilə bağlı təkliflərin səslənməsinə səbəb olub. Bəs görəsən restoran və kafe tipli iaşə obyektlərində, eləcə də qapalı alış-veriş mərkəzlərində siqaret çəkmək üçün ayrıca yerlərin olması tələbi nə dərəcədə düzgündür? 
Hüquqşunas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında deyir ki, “Tütün və tütün məmulatı haqqında” 2001-ci il qanunu quvvədə olan qanunda qapalı olan müəssisələrdə siqaret çəkmək üçün ayrıca yerlərin yaradılması tələbi vardı: “Hətta müəssisə rəhbərlərinə siqaret çəkənlər üçün qapalı yerlərdə ayrıca kabinetin yaradılmamasına görə cərimə də nəzərdə tutulurdu. Amma  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbulu həmin tələbi rədd etdi. Artıq sahibkarların müəssisə rəhbərlərinin üzərində belə bir öhdəlik yoxdur. Yeni qanunda restoran kafe, bar, hətta stadionda belə siqaret çəkənlər üçün ayrıcaq yerlər yaradıla bilər. Amma bu məsələ könüllüdür. Belə halda həmin müəssisə rəhbərlərinə qarşı ayrıca tələblər olacaq. Bu tələblər Nazirlər Kabineti tərəfindən hazırlanacaq. Əgər restoran sahibi düşünsə ki, onun müştəriləri arasında siqaret çəkənlər var və onlara siqaret çəkmək üçün şərait yaradılmalıdır, bu zaman həmin məkana dair NK-nın hazırlayacağı tələblərə əməl etməlidir”.
Ə. Hüseynov deyir ki, ən yaxşısı sahibkarların qapalı yerlərdə siqaret çəkənlərə şəraitin yaradılmamasıdır: “Çünki, yeni qanunun əsas məqsədi odur ki, insanlar bu pis vərdişi tədricən tərgitsinlər, imkan olduğu qədər az siqaret çəksinlər. Ona görə də, siqaret çəkmək üçün ayrıca yer yaratmaq lazım deyil”.
Ə. Hüseynov deyir ki, elə yerlər var ki, həmin məkanlarda siqaret çəkmək üçün ayrıca yerlərin ayrılması qəti qadağandır. 


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə Movqe.az-a açıqlamasında deyib ki, qanunun məqsədi,  2020-ci ilə qədər siqaret çəkənlərin sayınını 10 faiz azaltmaqdır: “Hazırda Azərbaycanda əhalinin təxminən 38 fazi siqaret çəkir. Bu kiçik göstərici deyil. Biz bu rəqəmin 10 faiz azaldılmasını, 27-28 faizə endirilməsini düşünürük. Bu inkişaf etmiş ölkələrin göstəricisidir. Qapalı məkanların yaradılması ilə bağlı məsələni isə  sahibkarın öz öhdəsinə buraxmışıq. Sahibkar istəsə belə bir yer yarada bilər. Amma düşünürük ki, buna ehtiyac yoxdur. Çünki, Azərbayacnda qış sərt keçmir. Bizim ölkədə çıxıb bayırda siqaret çəkib içəri daxil olmaq olar. Bundan əlavə qapalı yer yaradılması müəssisə üçün əlavə yer yaradılması əlavə xərcdir. Çünki, iş belə bir yer yaratmaqla bitmir. Oraya əlavə ventilyasiya sistemi qoyulmalıdır”.
Millət vəkili deyri ki, restoran və kafelərdə qapının ağzına yığılıb siqaret çəkilməsi də düzgün deyil: “Düşünürəm ki, bununla bağlı məsələlər də, NK-nın hazırlayacağı sənəddə öz əksini tapacaq. Çünki, bu tip iaşə obyektlərinə böyüklərlə yanaşı uşaqlar da daxil olur. Siqaret çəkənlərin qapının ağzına toplaşıb onların hərəkətinə maneə yaratması, siqaret tüstüsü ilə zəhərləməsi düzgün deyil".  
Həmsöhbətimiz bildirir ki, yeni qanun siqaret çəkənlərin sayını azaldacaq: “Bu qanunun qəbulu ilə bağlı əsas hədəf uşaq və yeniytetmələrdir ki, onlar bu pis vərdişə aludə olmasınlar. Gələcəkdə yeni nəsil üçün tütünsüz mühit yaratmaq mümkün olsun”.
Qeyd edək ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz