news Image
2013.03.18
16:34
| A A A
Regionlarda mənzillərin icbari sığortası hələ də problem olaraq qalır
Əli Məsimli: «Regionlarda evlərin icbari qaydada sosial sığortalanmasının həyata keçirilməsi çətin məsələdir» Nazim Məmmədov: «sığorta şirkətləriöz üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiyindən, icbari qaydada sığortalanmaya maraq yoxdur» Azər Mehtiyev: "Sığorta şirkətlərinə etibarsızlıq hələ də hökm sürür"


Məlumat verildiyi kimi 2011-ci ilin dekabrından ölkədə mənzil və evlərin icbari sığortasına ötən ilin dekabr ayından başlanıb. Mənzilini sığorta etdirməyən İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunur. Paytxat Bakıda evlərini çığorta etdirənlərin sayında artım olsa da, rayonlarda bu sahədə vəziyyət qənaətbəxş sayılmır. Nəticədə belə rayonlarda evlər qəzalı vəziyyətə düşəndə onun xərcini dövlət çəkmək məcburiyyətində qalır. Halbuki, icbari qaydada sığorta reallaşsaydı, buna gərək qalmazdı. Çox maraqlıdır görəsən Azərbaycan regionlarında evlərin icbari sığortalanması nə üçün aşağı həddədir?!


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı Mövqe.az-a açıqlamasında bildirib ki, regionlarda evlərin icbari qaydada sosial sığortalanmasının həyata keçirilməsi çətin məsələdir: "Bu sahədə qanun var və həmin qanuna əməl olunmalıdır. Burda iki problem var: insanlar özləri təşəbbüs göstərməlidirlər. İkincisi isə əlaqədar şəkilatlar bu işi normal təşkil etməlidirlər. Hər iki variant normal qaydada həyata keçirilmir. Evlərin dəyəndirilməsi ilə bağlı olan problem də böyükdür. Xüsusilə də regionlarda evlərin icbari qaydada sosial sığortalanmasının həyata keçirilməsi müşkül məsələdir. Sadaladığım problemlər həll olunmalıdır ki, bu proses həyata keçirilə bilsin".


Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov xatırladır ki, 2010-cı ilin Kür daşqınları zamanı daşqın və torpaq sürüşməsi olan bölgələrdə ev tikintisinə sığortalanma olmadan icazə verilməməsi məsələsi gündəmə gəldi: "Təbii fəlakətlər baş vermiş məkanlarda dövlət yox, sığorta şirkətləri konpensasiya verməlidirlər. Ümumilikdə sığorta bazarı ölkəmizdə zəif inkişaf etdiyindən, o cümlədən bu məsələlərlə bağlı maariflənmə aşağı olduğundan və sığorta şirkətləriöz üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiyindən, icbari qaydada sığortalanmaya maraq yoxdur.

Təhlükə ehtimalı olan yerlərdə fərdi evlərin tikintisindən qabaq sığortalanması lazımdır. Bu sahədə vətəndaşların maariflənməsi labüddür. İcbari sığorta növlərini artırmaqla yox, könüllü sığortanın tətbiqini daha çox genişləndirmək lazımdır"


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev icbari qaydada əmlak sığortalanması zaman vətəndaşların hansı prosesləri yerinə yetirməli olduğuna dair bildirir: "Daşınmaz əmlakın və ümumiyyətlə, əmlakın icbari sığortası baş verə biləcək cəza hallarından və təhlükələrdən sığortalamaq xarakteri daşıyır. Bu halda hər hansı bir hadisə baş verdikdən sonra əmlaka ziyan dəyərsə, həmin ziyanın konpensasiyası ödənir. Bunun üçün də hər il insanlar kiçik məbləğdə vəsait ödəməklə praktiki olaraq öz əmlakını sığortalamış olurlar. Əmlakın sığortalanmasının çox vacib şərtləri var. Birincisi, insanlar əmlaklarını sığortalamaq üçün mütləq şəkildə müəyyən gəlirə sahib olmalıdırlar. Bəzən insanlar məsuliyyətsizlik edib, "heç bir şey baş verməz" –deyib, əmlaklarını sığortalamırlar. Hadisə baş verən zaman isə dövlətdən yardım istəyirlər. Hərçənd ki, dövlətin elə bir öhdəliyi yoxdur.

İkinci bir məsələ isə sığortalanmanın olması üçün insanların əmlak hüquqları tanınmalı, təsdiq olunmalıdır. Yəni evlərin mülkiyyət hüququnu təsdiqləyən sənədi (kupçası) olmalıdır. Amma regionlarada əksər insanların mülkiyyət hüququnu təsdiqləyən sənədi yoxdur. Bu sənəd olmadığı halda isə sığortalanma məsələsi xeyli dərəcə də çətindir. Üçünçüsü isə, sığorta şirkətlərinə insanların inamları olmalıdır. İnsanlar bir çox hallarda sığorta üçün vəsait ödədikdən sonra bunu hadisə baş verdikdə sübut edərkən əziyyət çəkirlər. Sığorta şirkətlərinə etibarsızlıq hələ də hökm sürür. Bu cür təşkilatlarla insanlar işləmək təcrübəsinə malik deyillər. Bu baxımdan da problem xeyli dərəcədə çətinləşir".