Əlaqə Arxiv
news Image
2018.01.16
15:29
| A A A
Bakıda təhlükə- Partlayışın zərbəsi 1 kvadrat metrə 400 tona bərabərdir

Əvvəlki illərlə müqayisədə dəm qazından zəhərlənmə hadisələri getdikcə azalır. Son vaxtlar mətbuatda da dəm qazından zəhərlənmə ilə bağlı xəbərlərə az-az rast gəlinir. Əvvəllər hər gün bir yaxud bir neçə belə məlumat oxuyurduqsa, indi bu tip xəbərlərin sayında nəzərəçarpacaq qədər azalma var.
Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov da təsdiqləyir. A. Maqsudov deyir ki, bu, aparılan marifləndirmə tədbirlərinin bəhrəsidir: “Son illər KİV-in köməyi ilə bu istiqamətdə ciddi marifləndirmə işləri aparıldı. Qazdan zəhərlənmənin hər an ölüm təhlükəsi yaratdığı barədə həm qəzetlərdə, həm internet saytlarında, həmçinin də televiziyalarda reportajlar, marifləndirici materiallar yer aldı. Bu marifləndirmə tədbirləri də öz nəticəsini verdi. Ötən il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 215 nəfər müraciət etmişdi.  İl ərzində dəm qazı zəhərlənməsindən xəstəxanada 2 nəfərin ölməsi faktı qeydə alınıb. 2016-cı ildə isə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Statistik rəqəmlər də təsdiqləyir ki, dəm qazından zəhərlənmə halları ilbəil azalır. Bizim də məqsədimiz əhalinin bu istiqamətdə marifləndirilməsi, qazdan istifadə zamanı ehtiyatlı davranmasına nail olmaqdır. Çünki, dəm qazı insan həyatına son qoymaq iqtidarındadır. İnsanlar öz həyatlarını təhlükəyə atmamaq üçün qazdan, qızdırıcı cihazlardan istifadə etdikdə qaydalara əməl etməlidirlər”.
Qeyd edək ki, dəm qazından zəhərlənmə hadisələri bəzən qazın tərkibi ilə də əlaqələndirilirdi.  Azad İstehlakçılar Birliyinin komunal məsələlər üzrə eksperti Nüsrət Qasımov deyir ki,  dəm qazından zəhərlənmələri qazın tərkibi ilə əlaqələndirənlər kimya elmindən bixəbər olanlardır. Onun sözlərinə görə, 1 kub metr qazın yanması üçün tələb olunan norma var: “Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Əgər oturduğumuz otağa 0,1 faiz qaz yığılarsa, 7-40 dəqiqə ərzində ölümə səbəb ola bilər”. 
Həmsöhbətimiz deyir ki, qaz xəttlərinin ixtisaslı çilingərlər tərəfindən çəkilməməsi də mənzillərdə partlayışlara, zəhərlənmələrə yol açır: “ İndi əlinə hər açar alan şəxsə qaz xətti çəkdirirlər. Bu düzgün deyil. Qaz xəttini mənzillərə yüksək təcrübəsi, lisenziyası olan şəxslər çəkməlidir. Dəm qazından zəhərlənmələrə yol açan digər problem isə qazla işləyən cihazlardan istifadəyə laqeyid münasibətlə bağlıdır. Bu cihazlar altı aydan bir yoxlanılmalıdır. Fövqəladə Hallar Nazirliyi bu məsələlərə nəzarət etməlidir. Qazla zəhərlənmələrə, ölümə səbəb olan daha bir amil tüstü bacalarının təmizlənməməsidir. Tüstü ötürücülərin diametri ilə bağlı norma var. Tüstü ötürücülərin diametri 100-150 diametrdən kiçik olmamalıdır. Bundan əlavə, tüstü boruları bayıra çıxarıldıqda, evin damından yarım metr hündürə qaldırılmalıdır. Bəzən tüstü borusunu hamamın divarından çölə bir neçə sm çıxardırlar ki, bu da dəm qazının yenidən hamama daxil olmasına səbəb olur. Hamam qapılarının altından 2,5 sm diametrdə dəliklər açılmalıdır”.
Bundan əlavə ekspert deyir ki, qaz sızması əleyhinə detektorlar mütləq şəkildə hər bir evdə quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. 
N. Qasımov bildirir ki, bəzən qaz cihazlarında aparılan dəyişikliklər də, partlayışlara, dəm qazından zəhərlənmələrə yol açır: “Avropa istehsalı olan qaz cihazları 200, İran istehsalı olan qaz cihazları isə 178 millimetr təzyiq qaz üçün hesablanıb. Bizdə isə qazın maksimum təzyiqi 130 millimetrdi. Bu cihazlar mövcud təzyiqdə mavi qazla işləmədiyindən abonentlər cihazların qazın təzyiqini tənzimləyən klapanlarını ləğv edir. Bu klapanlar qazın verilişi dayandırılarkən avtomatik bağlandığından, qazın verilişi bərpa olunduqda otağa qaz dolmasının qarşısını alır. Yaxud da istehlakçılar bu cihazlarda dəyişikliklər aparmaqla qazın zəif təzyiqdə belə işləməsini təmin edirlər. Bütün bu dəyişikliklər nəticədə qazdan partlayışlara, zəhərlənmələrə yol açır”.
Mütəxəssis son vaxtlar qazın təzyiqinin süni artırılması üçün abonentlərin qaz sovurucu nasoslardan istifadə etdiyini, bunun təhlükəli olduğunu söyləyir. Onun sözlərinə görə, bəzi abonentlər avtomobil bazarında satılan maşın nasoslarını alaraq qaz xəttinə qoşur, qazın sorularaq çoxalmasına nail olurlar: “Bu olduqca təhlükəli haldır. Qaz borusunda hava 4,5 faizə çatdıqda, hava qarışığı çox güclü partlayışa səbəb olur. Bu, polad boruların bu güclü partlayışdan deşilməsinə, ciddi zədələnməsinə gətirib çıxardır. Bu partlayışın zərbəsi 1 kvadrat metrə 400 tona  çatır. Nəticədə evlər partlayışdan ciddi ziyan çəkir. Ona görə də bu cür nasoslardan istifadə çox təhlükəlidir”.
N. İbrahimov deyir ki, bu cür nasoslardan istifadə qanunla cinayət məsuliyyəti də yaradır. 
N. Qasımov dəm qazından zəhərlənmələrin sayının indikindən də aşağı həddə düşməsi üçün istehlakçıların qazla ehtiyatlı davranması, qanunlara əməl etməsinin şərt olduğunu bildirir. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz