Əlaqə Arxiv
news Image
2018.01.20
14:28
| A A A
İtaliya KİV: 20 Yanvar Azərbaycanın müstəqilliyinə qovuşmasında həlledici yolun başlanğıcı oldu

20 Yanvar faciəsi ilə Azərbaycan və Sovet İttifaqı arasında mənəvi bağ sarsıldı və həmin tarix Azərbaycanın öz müstəqilliyinə tam qovuşması istiqamətində həlledici yolun başlanğıcı oldu.

Movqe.az-ın məlumatına görə, bu barədə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzinin “Qara Yanvar və Azərbaycanın müstəqilliyinə aparan yol” adlı məqaləsində bildirilir.

Məqalədə keçmiş Sovet İttifaqının tənəzzülə uğramasının ilk olaraq Qafqaz regionuna zorakı sosial-siyasi nəticələr gətirdiyi bildirilir. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə Dağlıq Qarabağ böhranının yaranması, ermənilərin Kommunist Partiyasında ən yüksək vəzifələrdə təmsil olunması səbəbindən rəsmi Moskvanın problemə qərəzli münasibəti, Dağlıq Qarabağ böhranı ilə bağlı birtərəfli siyasəti və Ermənistandan minlərlə azərbaycanlının qovulmasına biganə yanaşmasına etiraz olaraq, Azərbaycanda ardıcıl şəkildə keçirilən nümayişlər haqqında söz açılır. Xalqın etiraz səsini boğmaq üçün yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet hərbi birləşmələrinin, xüsusilə də xüsusi təyinatlı “Alfa” qrupunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi qırğın haqqında məlumat verilir və qırğın zamanı 137 nəfərin öldürüldüyü, 744 nəfərin yaralandığı, 841 nəfərin həbs olunduğu qeyd edilir.

Məqalədə 20 Yanvar qırğınının törədilməsində əsas məqsədin sovet rəhbərliyinin imperiyanın ərazisində öz hakimiyyətini itirməsinin qarşısını almaq üçün presedent yaratmaq istəməsi, həmçinin müsəlman çoxluğa malik respublikanın mərkəzi hakimiyyətə qarşı çıxmasından və bunun digər Mərkəzi Asiya respublikalarına da təsir edəcəyindən narahatlıq keçirməsi olduğu bildirilir. Eyni zamanda, Moskvanın bu addımının əks effekt yaratdığı, Azərbaycanın müxtəlif şəhərlərində yeni etirazlara rəvac verdiyi qeyd olunur.

Müəllif sovet rəhbərliyinin bu qanlı müdaxiləsinin uzunmüddətli effekt yaratdığını, Qara Yanvarın Azərbaycanın birdəfəlik Sovet İttifaqından ayrılmasına vəsilə olduğunu vurğulayır. Bildirir ki, 20 Yanvar faciəsi ilə Azərbaycan və Sovet İttifaqı arasında mənəvi bağ sarsıldı və həmin tarix Azərbaycanın öz müstəqilliyinə tam qovuşması istiqamətində həlledici yolun başlanğıcı oldu. Nəticədə, 1991-ci ilin 18 oktyabr tarixində müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi.

Müəllif, həmçinin əlavə edir ki, müstəqil Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və onun üçrəngli bayrağını, gerbini, dövlət himnini və yarandığı 28 May tarixini Respublika Günü kimi qəbul edir.

Yazıda Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini anmaq üçün 20 Yanvar faciəsinin hər il ölkədə rəsmi səviyyədə qeyd edildiyi və həmin gün minlərlə azərbaycanlının Şəhidlər Xiyabanını ziyarət etdiyi qeyd olunur.Trend

Sizin Reklam Yeriniz