Əlaqə Arxiv
news Image
2018.01.24
12:55
| A A A
Paytaxt klinikalarında “Check-up”-qiymətləri-677 manatdan 39 manatadək dəyişir

Həkimlərin məşhur bir sözü var: “Profilaktika həmişə müalicədən daha yaxşıdır”. Statistik rəqəmlər də təsdiqləyir ki, vaxtsız ölümlərə yol açan əsas səbəb də, elə bir sıra xəstəliklərin vaxtında aşkarlanmamasıdır. Odur ki, bu səbəbdən də həkimlər  əhaliyə “check-up”- dan keçməyi məsləhət görürlər. Son günlər cavan insanların qəfil ürək tutmasından dünyasını dəyişməsi də “check-up”- müayinə məsələsini gündəmə gətirir. Bəs görəsən“check-up” müayinə paketi Azərbaycanda pasiyentlərə neçəyə başa gəlir? Movqe.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün paytaxtda fəaliyyət göstərən özəl klinikalarla əlaqə saxlayıb.
Apardığımız kiçik araşdırma zamanı bəlli olub ki, paytaxtdakı pullu klinikaların bir hissəsi pasiyentlərə “check-up” müayinə paketi təqdim etmir. Əlaqə saxladığımız klinikalardan bunu, “check-up”- müayinələrə pasiyentlərdə marağın olmaması ilə izzah etdilər. “Çheck-up”- müayinə paketi təqdim edən özəl klinikalarda isə qiymətlər paketə daxil edilən xəstəliklərə görə dəyişir. 
N.Tusi klinikasından bildirdilər ki, tibb müəssisəsində pasiyentlərə iki cür “check-up”- müayinə təklif edilir: “ “Check-up”- müayinə paketimizin biri sadədir. Sadə “check-up”- müayinə qadınlar üçün 209 manata, kişilər üçün isə 219 manata başa gəlir. Bu paketə EKQ, UZİ, döş qəfəsinin rentgen müayinəsi, qanın, sidiyin ümuni analizi, qanda şəkər, terapevtin müayinəsi daxildir. Amma kim ətraflı müayinə olunmaq istəyirsə digər “check-up”- müayinə paketinə müraciət edə bilər. Ətraflı “check-up”- müayinə kişilər üçün 536 manat, qadınlar üçün isə 677 manat təşkil edir”.
Klinikadan qadınların “check-up”- müayinəsinin qiymətində kişilərlə müqayisədə fərqin olmasını ginekoloq müayinəsi ilə izzah etdilər.
 “Qrand Hospital”da isə fərqli “check-up”- müayinə paketləri təqdim edildiyini bildirdilər. Öyrəndik ki, bu özəl klinikada terapevtik “check-up”- müayinə 98 manatdır: “Dietoloji və hemotoloji  “check-up”- müayinə isə 60 manata başa gəlir”.
“Avrasiya” klinikasında isə terapevtik “check-up”- müayinə 50 manatdır. Bura ağciyərin rentgeni, EKQ, qarın boşluğunun UZİ müayinəsi, qanın və sidiyin ümumi analizi, qanda şəkər və terapevtin müayinəsi daxildir.
“Sağlam Ailə” klinikasında isə 49 manata terapevtik “check-up”- müayinə mümkündür. Bu müayinə paketinə də  döş qəfəsinin rentgeni, EKQ, qarın boşluğunun UZİ müayinəsi, qanın və sidiyin ümumi analizi, qanda şəkər və terapevtin müayinəsi daxildir. 
Mərkəzi Klinikada isə “check-up”- müayinənin qiyməti yaşa uyğun olaraq dəyişir. Klinikadan bildirdilər ki, 40 yaşdan aşağı qadınlar üçün “check-up”- müayinə qiymərləri 165 manat, kişilər üçün isə 110 manatdır. 40 yaşdan yuxarı qadınlar üçün isə “check-up”- müayinə 228, kişilər üçün isə 154 manata başa gəlir. Buraya terapevtin müayinəsi, döş qəfəsinin rentgeni, qarın boşluğunun UZİ müayinəsi, qaraciyərin funksional testləri, zobun, xolesterin yoxlanması kimi müayinələr daxildir. 
“Vital” kilinkada isə terapevtik “check-up” 39 manatdır. Bura daxili orqanların UZİ ilə müayinəsi və qan analizləri daxildir.
Qeyd edək ki, “check-up”- paket halında hazırlanmış laborator, instrumental və klinik müayinələrdən ibarətdir. Bu müayinənin məqsədi insanın sağlamlığı  haqqında tam və ətraflı məlumat toplamaqdan ibarətdir. Klinikalardan bildirdilər ki, “check-up” paketləri hazırlanarkən yaş, cins, hər hansı sistemin xəstəliklərinə olan risk faktorları nəzərə alınır. Əsasən 40 yaşdan aşağı və yuxarı, ayrılıqda kişi və qadınlar üçün paketlər nəzərdə tutulur. Eyni zamanda müxtəlif terapevtik, onkoloji, kardioloji , bəzi irsi xəstəliklərə, virus hepatitlərinə, osteoparoza və s.  xəstəliklərə riski nəzərə alaraq check-up paketi hazırlana bilər. 
Məlumat üçün qeyd edək ki, dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə “check-up” 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki “check-up”-ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür. Mütəmadi aparılan check-up-ların faydası çox böyükdür. Həkimlər ilkin profilaktika tədbirlərinin vaxtında aparılmasının xroniki xəstəliklərə risk faktorlarının müəyyənləşdirilməsi, əvvəl aparılan check up nəticələri ilə müqayisə, bəzi xəstəliklərin erkən stadiyada diaqnostikası və müalicəyə başlanılması, eləcə də ümumilikdə sağlam həyat tərzi tədbirlərinin həyata keçirilməsi baxımdan əhəmiyyətli hesab edirlər. 
Terapevt Emin Dadaşzadə Movqe.az-a açıqlamasında bildirib ki, sağlam insanların ildə bir dəfə “check-up” etdirməsi məsləhətdir: “Bəlkə də illər öncə “check-up” üçün üç, beş il ara məsafəsi keçərli olardı. Amma hazırki ekoloji durum, qidalanma, iş rejimi, həyat tərzi sağlam insanların  ildə bir dəfə  “check-up”etdirməsini şərtləndirir”.
Həmsöhbətimiz deyir ki, sağlam insanlar o qədər də baha olmayan terapevtik “check-up”-dan keçə bilərlər: “Ürəyin EKQ-i, döş qəfəsinin rentgeni, qanın, sidiyin ümumi analizi, qanda şəkərin təyini, qarın boşluğunun UZİ müayinəsi orqanizmdə baş qaldıran xəstəliklər barədə ilkin məlumat almağa kifayət edir. Bu gün qəfil ürək tutmalar üçün hamının EKQ  müayinəsindən keçməsi tövsiyyə edilir. Amma savadlı terapevt təzyiqi ölçərək, ürək döyüntülərinə qulaq asaraq ürəkdə narahatçılığın olduğundan şübhələnə bilər. Qanın ümumi analizi orqanizdə bəd xassəli xəstəliklərin riski ilə bağlı ilkin siqnalları verir. Ona görə də sadaladığım müayinələrin “check-up”da olması yetərlidir”.
E. Dadaşzadə bildirir ki, özlərini narahat hiss edən xəstələr isə üç, altı aydan bir müayinələrdən keçməlidirlər.

Zülfiyyə QULUYEVA  
  

Sizin Reklam Yeriniz