news Image
2018.02.13
14:30
| A A A
Molla nikahının məhkəmə instansiyalarında tanınması aktuallaşır

 Bir müddət öncə ölkədə rəsmi nikah olmadan dini nikah kəsmək mollalara qadağan edildi. Bu, molla kəbini ilə ailə quran qadınların, bu qeyri-rəsmi nikahdan dünyaya gələcək uşaqların hüquqlarının qorunması üçün atılan addım olsa da, hələ də bu cür hallara rast gəlinir. Odur ki, bu günlərdə dini nikahların məhkəmə instansiyalarında tanınması ilə bağlı təklif irəli sürülüb. 
Bəs görəsən dini nikahların məhkəmə instansiyalarında tanınması mümkündürmü? 
“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova bu təklifin yalnız molla kəbini ilə ailə quran uşaqlı qadınlara şamil olunmasının tərəfdarıdır. Həmsöhbətimiz deyir ki, hazırda ən çox hüququ pozulan zümrə dini kəbinlə ailə quran qadınlardır: “Azərbaycanda qızlara rəsmi nikah olmadan ailə qurmağın fəsadları ilə bağlı çoxsaylı çağırışlar edilsə də, hələ də belə hallara rast gəlinir. Bundan ən böyük zərbə isə qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqlara dəyir. Həmin uşaqların atalığının müəyyən edilməsi, aliment alınması ciddi problem olur. Uşaqlar sənədsiz qaldıqlarından təhsildən yayınırlar. Bütün bunların hamısı dini nikahın yaratdığı problemlərdir. Kişilər molla kəbinin heç bir hüquqi sənəd olmamasından məharətlə istifadə edirlər. Onlar üzərlərinə düşən məsuliyyətdən molla kəbinin rəsmi sənəd kimi qəbul edilməməsini əsas gətirərək yayınırlar. Bu gün çox sayda qadın var ki, rəsmi nikah olmadığına görə aliment ala bilmir. Atalığın müəyyən olunması uzun vaxt alır. Nikahsız ailə quran qadınların çoxu bunun hansı problemlərə yol açacağını dərk etmədiklərindən məhkəmələrdə öz pozulmuş hüquqlarını qoruya bilmirlər.  Ona görə də mən də təklif edirəm ki, məhkəmələr dini kəbini ortada uşaq varsa tanısınlar”.
M. Zeynalova buna bənzər praktikadan xarici ölkələrdə də istifadə olunur: “Dini kəbin başqa ölkələrdə bu cür geniş yayılaraq problemlərə yol açmır. Bizdə isə böyük bir problemə çevrilib. Ona görə də məhkəmələr molla kəbinindən sonra uşaq dünyaya gəlibsə, dini kəbini qəbul edə bilərlər. Bu, molla kəbini ilə məsuliyyətdən yayınanlarda məsuliyyət yarada bilər. Molla kəbinin məhkəmə proseslərində bir müddət tanınması ailəsini, uşağını ataraq aliment ödəməkdən yayınan kişiləri də məsuliyyətli davranmağa vadar edər. Düşünürəm ki, ortada uşaq varsa, dini kəbinə məhkəmə proseslərində rəsmi nikahı əvəz edən sənəd kimi baxıla bilər”.


Hüquqşunas Vüqar Səfərli isə bunun mümkünsüz olduğunu deyir.   Onun sözlərinə görə, moll kəbinin dövlət orqanı tərəfindən rəsmi sənəd kimi qəbul edilməsi yolverilməzdir: “Bu gün molla kəbini ilə ailə qurub uşaq dünyaya gətirən qadınların öz övladlarının atalıq hüququnu bərpa etməsinə hüquqi müstəvidə mane olan amil yoxdur. Dini kəbinlə ailə quran qadınlar məhkəməyə dövlət rüsümu ödəyərək məhkəməyə atalığın tanınması üçün müraciət edə bilərlər. Eləcə də uşağa bundan sonra aliment də tələb edilə bilər. Ona görə də molla kəbinin məhkəmələrdə tanınması həm sui istifadəyə, həm də hüquqsuzluğa gətirib çıxarda bilər”.
Hüqüqşunas deyir ki, İran İslam Respublikasında dini kəbin həm də rəsmi nikah kimi tanındığından, molla kəbinin məhkəmələrdə qəbul olunması normaldır: “Bizdə isə bu mümkünsüzdür. Çünki, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Bu halda molla kəbini rəsmi nikah kimi qəbul edilə bilməz”.

Zülfiyyə QULUYEVA  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs