news Image
2018.02.15
17:37
| A A A
ADAU-da fermerlərlə görüş


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Aqrar Məsləhət Xidməti”nin (AMX) bir qrup mütəxəssisi Şəmkir rayonu Kənd Təsərrüfatı İdarəsində istixana şəraitində pomidor becərən fermerlər və yerli kənd təsərrüfatı qurumlarının (Kənd təsərrüfatı idarəsi, Bitki mühafizəsi mərkəzi və s.) iştirakı ilə növbəti elmi-praktiki seminar keçirib.

 Seminarı giriş sözü ilə açan Aqrar Məsləhət Xidmətinin rəhbəri Vüqar Bəşirov aqrar sahəyə dövlət qayğısından söz açmış, bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün alimlərin tədqiqat nəticələrinin istehsalatda tətbiq olunmasının vacibliyini vurğulamış və məsləhət xidmətinin məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri haqda məlumat vermişdir. O, universitetin torpaq və bitki analizlərini həyata keçirən müasir laboratoriyaları, xəstəlik və digər patologiyaların diaqnostikasını yüksək dəqiqliklə yerinə yetirən bitki və baytarlıq klinikaları və yenilənmiş maşın-traktor parkının imkanlarından danışmışdır. Vüqar Bəşirov həmçinin aqrar sahənin inkişafında vacib rol oynayan iqtisadiyyat yönümlü xidmətlərdən (aqrar sığorta, biznes planlaşdırma, mühasibatlıq və s.) fermerlərin yararlanmasını tövsiyə etmişdir. Qeyd edilmişdir ki, Aqrar Məsləhət Xidmətinin təklif etdiyi xidmətlərin qiyməti fermerlər üçün əlçatandır, xidmətin mütəxəssisləri xarici mütəxəssislərdən fərqli olaraq yerli torpaq-iqlim şəraitini daha yaxşı bildiyi üçün problemlərin həllində daha tez və düzgün qərar verə bilirlər. Sonda xidmətin mütəxəssislərinin məsləhət və tövsiyələrindən faydalanmaq, eləcə də laboratoriya, klinika və texnikaların imkanlarından yararlanmaq üçün fermerlərin müraciət edə biləcəyi əlaqə məlumatları (telefon nömrəsi, whatsapp, facebook, elektron poçt, internet saytı, poçt ünvanı) elan edilmişdir.

AMX-nin mütəxəssisi Fariz Ələkbərovun “Pomidor istehsalında mütərəqqi texnologiyanın və biopreparatların tətbiqi”nə həsr olunmuş təqdimatı fermerlər tərəfindən maraqla qarşılandı. Mütəxəssis xüsusilə vurğuladı ki, fermerlərimiz bəzən qida elementlərinin çatışmazlığı və ya istixanada su, hava, istilik və işıq rejiminin pozulması ilə bağlı olan problemləri infeksion xəstəlik kimi başa düşür ona qarşı kimyəvi dərmanlardan istifadə edirlər, nəticədə isə problem həll olunmayaraq olduğu kimi qalır. Yüksək pomidor məhsulu almaq üçün keyfiyyətli əkin materialının əhəmiyyətindən danışan mütəxəssis şitil yetişdirməyin qaydaları və praktiki üsullar haqda fermerləri məlumatlanırdı. Fariz Ələkbərov pomidor becərilməsində mütərəqqi texnologiyaların (tirəyə əkin, mulçalama, damcılı suvarma və müasir gübrələr, ekoloji təmiz məhsul istehsalı) tətbiqi haqda praktiki bilikləri seminar iştirakçıları ilə bölüşdü və fermerlərin suallarına ətraflı cavab verdi.

Pomidor bitkisinin xəstəlikləri barədə çıxış edən mütəxəssis Aytəkin Məmmədova örtülü və açıq şəraitdə becərilən pomidor əkinlərində ən çox rast gəlinən yoluxucu xəstəliklərin (fitoftoroz, unluşeh, alternarioz, boz çürümə, bakterial xərçəng, virus xəstəlikləri) əlamətləri, fərqləndirici xüsusiyyətləri və müalicə üsulları haqda seminar iştirakçılarını ətraflı məlumatlandırdı. Bundan başqa mütəxəssis istixanada xəstəliklərin inkişafına mane olmaq üçün istilik və havalanma rejiminin düzgün nizamlanmasının vacibliyini fermerlərin diqqətinə çatdırdı.

AMX-nin mütəxəssisi Vüsal Məmmədov “Kənd təsərrüfatı bitkilərinə zərər vuran nematodlar və onların idarəedilməsi” mövzusunda məruzə edərək bitkilərin köklərində parazitlik edən mikroskopik qurdlar –fır nematodları haqda ətraflı məlumat verdi. Nematodların bitkiyə vurduğu zərərin (məhsul itkisi) miqyası, bitki nematodlarının yayılma yolları, kökün nematodla sirayətlənməsinin simptomları və onun təyini metodları müzakirə edildi. Vüsal Məmmədov parazit bitki nematodlarına qarşı tətbiq edilən aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirləri haqda ətraflı məlumat verdi və fermerlərin sualları cavablandırıldı. Fermerlər parazit nematodlardan başqa digər zərərvericilərə (trips, ağqanadlı və s.) qarşı mübarizə üsulları haqda mütəxəssisə suallar ünvanladılar və cavablardan razı qaldılar.

Şəmkir Bitki Mühafizə Mərkəzinin əməkdaşları fermerlərlə belə görüşlərin keçirilməsinin faydalı olduğunu və aqrar sahədə məhsuldarlığın yüksəldilməsi üçün universitetin məsləhət xidməti ilə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd etdilər.

Seminarın sonunda iştirakçılar universitetin mütəxəssislərinin tövsiyə etdiyi mütərəqqi texnologiyaların istehsalatda tətbiq imkanlarını yüksək qiymətləndirdilər. Fermerlər yerlərdə torpaq, su və bitkilərin tərkibinin analizinə, xəstəlik və digər zərərli orqanizmlərin laboratoriya şəraitində diaqnostikasına böyük tələbat olduğunu qeyd etdilər və Aqrar Məsləhət Xidməti ilə mütəmadi əlaqə saxlayacaqlarını bildirdilər.

 ƏLIHÜSEYN ŞÜKÜROV.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs