Əlaqə Arxiv
news Image
2018.02.20
09:30
| A A A
Azərbaycana üz tutan əcnəbi miqrantların sayında kəskin artım yaşanır
Azər Allahverənov: “Azərbaycana gəlib burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantların sayı artır”

Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb.  DMX-dan verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.

Qeyd edək ki, oxşar hadisələr tez-tez baş verir. Ancaq müşahidə olunan odur ki, son dövrlər Azərbaycana üz tutan əcnəbi miqrantların sayında kəskin artım var. 
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, Azərbaycan ildən-ilə miqrant axınları üçün təyinat ölkəsinə çevrilməkdədir: “Azərbaycana gəlib burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantların sayı artır. Ancaq əsas məqam odur ki, ölkə ərazisində heç də onların hamısı qanuni yolla əmək fəaliyyəti ilə məşğul olmaq istəmir. Əvvəlcə müəyyən imkanlardan yararlanaraq, qanuni əsaslarla ölkə ərazisinə daxil olurlar. Sonra isə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olmağa cəhd edirlər. Amma son illərin statistikası daha yaxşıdır. Belə ki, 2016-cı ildə Azərbaycanda yaşadığı yer üzrə qeydiyyata alınan miqrantların sayı 672 min oldu. Lakin 2017-ci ildə bu rəqəm 794 min olub. Bu da 2016-cı illə müqayisədə 2017-ci ildə 18 faiz artım deməkdir. 
Düzdür, ehtimal edilir ki, miqrantların sayında artım varsa, qeyri-qanuni miqrantların da sayında artım olmalıdır. Ancaq belə deyil. 2016-cı ildə ölkə ərazisində qeyri-qanuni əsaslarla yaşayan və aşkar olunan miqranların sayı 26632 nəfər olub. Amma 2017-ci ilin statistikasında görə, qeyri-qanuni əsaslarla yaşayan və aşkar olunan miqranların sayı 21438 nəfər idi. Yəni, 2016-cı ilə nisbətən 2017-ci ildə 5 min nəfərə qədər az qeyri-qanuni miqrant qeydə alınıb. Bu da 19 faiz azalma deməkdir. Bu, onu göstərir ki, aidiyyatı qurumların fəaliyyəti qeyri-qanuni miqrasiya ilə mübarizədə effekt verir. Nəticədə miqrantların ümumi sayında artım müşahidə olunmasına baxmayaraq, qeyri-qanuni əsaslarla yaşayan miqrantların sayında azalma baş verir. Yalnız preventiv tədbirlər yox, həm də müvafiq təşkilatlarla zəruri ictimai agahlandırma işləri aparılır. Müvafiq  qurumların məsuliyyətindən irəli gələrək, müəyyən işlər həyata keçirilir. Burada ictimai maairfləndirmə elementləri də var. Bütün bunların nəticəsidir ki, qeyri-qanuni əsaslarla yaşayan miqrantların sayında azalma müşahidə olunur”. 
Ekspert əlavə etdi ki, adətən, qeyri-qanuni miqrasiyada maraqlı olan ayrı-ayrı sindikatlar, kriminal qruplaşmalar hansısa ölkəni özləri üçün hədəf seçir: “Bunun üçün də müxtəlif marşrutlardan istifadə edirlər. İndiki məlumatda əsas Hindistanın adı çəkilir. Ancaq bir neçə ay əvvəl Banqladeşdən intensiv axın müşahidə edilirdi. Ölkə ərazisində turist kimi daxil olur, sonra qeyri-qanuni əsaslarla qalır, və ya üçüncü ölkəyə getməyə cəhd göstərir. Bununla bağlı Dövlət Miqrasiya Xidməti zəruri tədbirlər həyata keçirdi və həmin “kanal”ın qarşısı alındı. Ancaq son zamanlar Hindistan vətəndaşları ilə bağlı məlumatlar var. Aldadılırlar, müəyyən vədlərə inanaraq gəlirlər. Amma sonda da müvafiq qurumlar tərəfindən aşkarlanırlar. Zaman-zaman ayrı-ayrı ölkələrlə bağlı məlumatlar olur.  Ölkəmizi özü üçün təyinat yeri seçən qruplaşamalar müxtəlif marşrutlardan yararlanırlar ki, nəticədə Azərbaycanda qeyri-qanuni miqrasiyanın genişlənməsinə şərait yaradırlar”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz