news Image
2013.03.28
17:27
| A A A
Yaşayış binalarının biraadımlığındakı bombalar

Yaşayış binalarının biraddımlığında yerləşən yanacaqdoldurma məntəqələri təhlükə olaraq qalır. Bir müddət öncə yaşayış binalarının yaxınlığındakı yanacaq doldurma məntəqələrinin söküləcəyi xəbəri yayılsa da, hələki, yaşayış evləri ilə az qala qapıbir qonşu olan yanacaqdoldurma məntəqələrinə "gözün üstə qaşın var" deyən yoxdur. Bu gün paytaxtın müxtəlif ərazilərində apardığımız müşahidələr zamanı da yaşayış binaları ilə qonşu olan yanacaqdoldurma məntəqələrinin hələki köç üstə olmadığının, öz fəaliyyətlərini davam etdirdiklərinin şahidi olduq. Məsələn, "Odlar Yurdu" universitetinə çatmamış fəaliyyət göstərən "ABU" yanacaqdoldurma məntəqəsi təxminən 6-7 il öncə tikilib. Həmin məntəqə ilə hündürmərtəbəli yaşayış binası arasında məsafə təxminən 20-25 metrdir. Dərnəgül qəsəbəsində isə əksinə, "Lido" restoranı və hündürmərtəbəli bina məntəqənin yaxınlığında sonradan inşa edilib. Eyni vəziyyət Bakıdakı R.Rüstəmov küçəsində hökm sürməkdədir. Bu yanacaqdoldurma məntəqəsinin yaxınlığında iaşə obyektləri ilə yanaşı məscid də tikilib. Həmçinin "Ukrayna" dairəsi yaxınlığında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi "Təbrik" şadlıq sarayının bir neçə addımlığında inşa olunub. Hətta Bakıda bəzi yanacaqdoldurma məntəqələri metro tunelinin üstündə tikilib və həmin məntəqələrdən metronun tunelinə sızma baş verib. Yanacaqdoldurma məntəqələri demək olar ki, yaşayış məntəqələrinə birləşik şəkildə tikilib. Bu obyektlərin sahibləri sakinlərin həyatını təhlükə altına qoyur. Orada baş verən hər hansi bir hadisə, partlayiş və ya yanğın birbaşa ətrafda olan yaşayiş binalarına təsir edə bilər.

Həmin ətraf binalarda yaşayan sakinlər də bu barədə çox narahatdır: "Biz sanki ayaqmızın altında bomba saxlamışıq. Yanacaqdoldurma məntəqəsi demək olar ki, binamızın həyətindədir. Binamizla 10 - 15 metrə arası var. Hətta onların yeraltı çənləri binamızın həyətinə belə gəlib çıxır. Buna baxan da yoxdur. Niyə icazə verilib ki, belə bir məsafədə yanacaqdoldurma məntəqəsi tikilsin? "

Mütəxəssislər bildirir ki, əhalinin təhlükəsizliyi baxımından yanacaqdoldurma məntəqələri təhlükəli ərazilərdən köçürülməlidir. Təlimata əsasən belə məntəqələrin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilməsi tövsiyə olunur. FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin inspektoru Elçin Xankişiyevin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinin olmaması üçün aşağıdakı qaydalara riayət olunmalıdır. E.Xankişiyev deyir ki, yanacaqdoldurma məntəqələrinin qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və su qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometeoroloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında yerləşdirilməsi də qadağandır. Amma paytaxtda müşahidə zamanı fotokameralarımızın obyektivinə tuş gələn mənzərələr isə bunun əksini göstərir.