Əlaqə Arxiv
news Image
2018.02.20
13:25
| A A A
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu və Xəzər rayonlarında yerləşir

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olub.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına maksimum diqqətin yönəldilməsi, o cümlədən iqtisadi sahələrdə sahibkarlar ordusunun formalaşdırılması aktual məsələlərdəndir. ƏMDK-dan Movqe.az-a bildirilib ki, ölkəmizin istehsal potensialının artırılması məqsədilə dövlət əmlakının özəlləşdirilməsi, müəssisələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edilir. İqtisadiyyatda özəl sferanın xüsusi çəkisinin artırılması üçün investisiya mühiti daha da sağlamlaşdırılır, yerli və xarici investorlar özəlləşdirməyə cəlb edilir. Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən açıq və şəffaf hərraclar da investor kütləsini bu prosesə cəlb etmək üçün unikal vasitədir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Budəfəki hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda və Mərdəkanda yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 45,6 kvadratmetr, Sabunçu rayonunda yerləşən 49 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Mərdəkanda olan 96 saylı mağaza da investor üçün gəlir mənbəyi ola bilər. Bu əmlakın ümumi faydalı sahəsi isə 324,6 kvadratmetr təşkil edir. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşdirilən əmlaklardan ikisi Bakının Suraxanı və Nəsimi rayonlarında, digəri isə Şabran şəhərində yerləşir. Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 32 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Suraxanıda yerləşən ümumi faydalı sahəsi 40 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Səhmdar Cəmiyyət üzrə özəlləşdirilən əmlak isə Gülşən Ətir ASC-dir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Prosedurun sadə olması investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək olar. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Özəlləşdirmə sahəsində yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, təcrübə göstərir ki, özəlləşdirilən müəssisələrə yüksək standartlara uyğun avadanlıq gətirməklə fəaliyyəti yenidən bərpa olunur. Həmin müəssisələr yeni iş yerlərinin açılmasına, müasir xidmətlərin göstərilməsinə, rəqabətqabiliyyətli məhsul istehsalına şərait yaradır. Həmçinin bölgələrin iqtisadi potensialının artmasına, dövlət və vətəndaş mənafelərinin təmin edilməsinə də müsbət təsirini göstərir.

Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşdirilməyə çıxarılan 74 əmlakdan 23-ü səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

AzərTac

Sizin Reklam Yeriniz