Əlaqə Arxiv
news Image
2018.02.22
13:10
| A A A
Azərbaycanda uşaq və hamilə qadınlar arasında dəmir defisitliyi var-UNİCEF

UNİCEF-in Azərbaycanla apardığı son təhlillərin nəticələrinə görə, ölkəmizdə uşaqlar və hamilə qadınlar arasında dəmir çatışmazlığı narahatlıq yaradacaq həddədir. Belə ki, Azərbaycanda 5 yaşlı uşaqlar arasında dəmir çatışmazlığı 15, sink çatışmazlığı 11, vitamin A çatışmazlığı isə 8 faiz təşkil edir. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında vəziyyətin ciddi narahatlıq doğurduğunu söyləyir. Onun sözlərinə görə, UNİCEF-in Azərbaycanla bağlı 2017-ci il təhlillərində uşaqlar arasında anemiyanın, dəmir çatışmazlığının 14,2 faiz arasında olduğu qeyd edilib: “ 6-11 aylıq uşaqlarda bu göstərici 39,5 faiz civarındadır. Qadınlar arasında bu göstərici 34, hamilə qadınlar arasında isə bir qədər də yüksək-38-40 faizə çatır. Anemiya çatışmazlığı ilə bağlı ən yaxşı vəziyyət paytaxtda, ən narahatlıq yaradacaq durum isə Quba-Xaçmaz zonasında qeydə alınıb”. 
Həmsöhbətimiz deyir ki, 2002-2005-ci illərdə Asiya İnkişaf Bankı və UNİCEF-in maliyə dəstəyi altında unun Fe və vitamin kompleksi (KAP-1) ilə zənginləşdirilməsi həyata keçirilib: “ Azәrbaycanda fәaliyyәt göstәrәn altı dәyirman layihәdә iştirak edib. Amma çox təəssüf ki, pilot layihәdə iştirak edən dəyirmanların çoxu vitamin kompleksini una əlavə etmədilər. “Dəmir defisitli anemiyanın qarşısının alınması və buğda ununun zənginləşdirilməsi üzrə” qanun layihəsi də 2005-ci ildə Milli Məclisə təqdim edilsə də, ondan da hələ ki bir səs-soraq yoxdur. Nəticədə respublikamızda unun zənginləşdirilməsi bu günə qədər tətbiq edilməmiş qalmaqdadır. 
Bu gün duzun yodlaşdırılması istiqamətində də vəziyyət ürəkaçan deyil. Bazardakı duzların 15 faizini yodlaşdırılmış duzlar təşkil edir. Biz bununla bağlı, bazarda saxta duzların satışı ilə əlaqədar yeni yaranan Qida Təhlükəsizliyi Agentliyinə məlumat versəк də, onlardan bir cavab gəlməyib”.  

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə bununla bağlı aparılan müzakirə və tədqiqatlarla tanış olduğunu söyləyir. Deputat deyir ki, ölkəmizdə dəmir defisitliyi ilə bağlı yaranmış vəziyyət qida çatışmazlığı ilə əlaqədar deyil: “ Bu, həm də qida mədəniyyəti ilə bağlı yaranmış bir problemdir. Biz ənənəvi qidaları qəbul etməyə öyrəşmişik. Ona görə də, mən düşünürəm ki, qida rasionumuzun müxtəlifliyini təşkil etməliyik. Nəzərə alsaq ki, bu gün dünyada undan imtina prosesi gedir, o zaman bizim qida rasionumuzun zənginləşdirilməsi yolunu seçməmiz daha yaxşı olardı. Amma bununla belə mən də bu məsələnin hər hansı bir formada həlli yolunun tərəfdarıyam. Ölkədə yod çatışmazlığının qarşısının alıması üçün xörək duzunun yodlaşdırılması artıq effekt verir. Bu məsələ də bir qəti fikrə gəlmək lazımdır”. 

Azərbaycan Tibb Universitetinn Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov da anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin elmi cəhətdən sübut edildiyini söyləyir. İ. Əhmədov deyir ki, dünyada ən geniş yayılmış anemiya forması dəmir defisitli anemiyadır: “Bunu qısa olaraq DDA adlandırırlar. Dəmir defisitindən dünyada iki milyarddan artıq insan əziyyət çəkir. Dəmir defisitliyinin yaranması, dəmirlə zəngin ərzaq məhsullarından lazımi səviyyədə istehlak edilməməsi ilə bağlıdır. 
İnsanlar dəmir çatışmazlığının yaranmaması üçün mütləq qida rasionlarında ətə, yumurtaya, balığa, meyvə-tərəvəzlərə yer verməlidirlər”. Kafedra müdirinin sözlərinə görə, dəmir mənbəyi olan məhsulların lazımi səviyyədə istehlak edə bilməməsi ilə yanaşı,  səmərəsiz qidalanma, qida məhsullarının yüksək dərəcədə saflaşdırılması da dəmir defisitliyinə yol açır: “Ona görə də əhali arasında qidalanma mədəniyyətini yüksəltmək lazımdır. Nəzərə almaq lazımdır ki, dəmir defisitliyi patologiyanın meydana çıxmasına səbəb olur. Bununla belə, qan azlığının yaranmasını  təkcə düzgün qidalnmamaya bağlamaq da düzgün sayıla bilməz.  Kəskin və xronik xəstəliklər, körpələrdə ana südü ilə qidalanmanın çatışmazlığı, qurd invaziyaları da uşaqlarda qan azlığının yaranma səbəblərindəndir”. 
İ. Əhmədovun sözlərinə görə, doğuş zamanı ana ölümünün 40%-i anemiya ilə bağlıdır: “Anemiyası olan qadınlar əksər hallarda az çəkili uşaqlar dünyaya gətirirlər. Ona görə də, çıxş yolu qida rasionumuzu zənginləşdirməkdir. Amma qida mədəniyyətinin aşılanmasının xeyli vaxt alacağını nəzərə alsaq, Azərbaycanda zənginləşdirmək üçün ən münasib qida buğda unudur. Mütəxəssislər də dəmirin unun hər kiloqramına 30 mq əlavə edilməsini məsləhət görürlər”.
 Sonda məlumat üçün onu da qeyd edək ki, dəmir defisiti sağlamlığa vurduğu ziyanla yanaşı, mənfi iqtisadi nəticələrə də gətirib çıxarır. Anemiyanın geniş yayıldığı ölkələrdə ümumi daxili məhsul 2% azalır. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə 2004-cü ildәn başlayaraq Mәrkәzi Asiya-Qazaxıstan, Özbәkistan, Qırğızıstan, Tacikistan vә Monqolustan kimi ölkәlәrindә davamlı qida zәnginlәşdirilmәsi həyata keçirilib. Unun zәnginlәşdirilmәsi nәticәsindә artıq 2010-cu ildә iştirakçı dövlәtlәrdә bir sıra müsbət dəyişikliklər nәzәrә çarpıb. Anemiya qadınlarda 42%-dәn 34%-ә, uşaqlarda 35%-dәn 22%-ә düşüb. Mütəxəssislər hesab edir ki, bu cür tәdbirlәr hәm dә iqtisadi artıma öz töhfәsini verir. Tәxmini hesablamalara görә dәmir vә yod ilә zәnginlәşdirmәyә xәrclәnәn hәr 1 dollar 9 dollara qәdәr iqtisadi fayda verә bilәr. Zənginləşdirmə düzgün aparıldıqda unun dadına, rәnginә vә görünüşünә heç bir tәsir göstәrmir. Un üyüdәn dәyirmanlar unu zәnginlәşdirmәklә  emal zamanı itirilən və insan orqanizmi üçün vacib olan maddələr olan dəmir, fol turşusunu bərpa edə bilirlər. Son illər dünyada ərzaqların tərkibinin dəmirlə, yodla zənginləşdirilməsi praktikası geniş yayılıb. Belə ki, Kosta-Rikada, Meksikada, Çilidə əhali arasında dəmir defisitli anemiyanı aradan qaldırmaq üçün bu üsuldan çoxdan istifadə edilir. 1993-cü ildən Çilidə unun zənginləşdirilməsi ilə demir defisitli anemiyanı, demək olar, tamamilə aradan qaldırıblar. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ, İngiltərə kimi 60 illik zənginləşdirmə təcrübəsinə malik ölkələrdə bu problem, demək olar, yoxdur. Kanadada bütün istehsal olunan un zənginləşdirilməlidir və zənginləşdirilməmiş un satışı yasaqdır.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz