Əlaqə Arxiv
news Image
2018.02.23
12:22
| A A A
ADAU-nun Aqrar Məsləhət Xidmətinin əməkdaşları Şimal Bölgəsinin fermerlərli ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Aqrar Məsləhət Xidməti” nin (AMX)  bir qrup əməkdaşı şimal bölgəsində səfər edib, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları ilə birgə Quba Fermer evində sahibkarlar və fermerlə görüş keçiriblər. Görüşün ilk günü Quba rayonu üçün ənənəvi olan meyvəçilik sahəsində mövcud problemlərin araşdırılması və həlli yolları geniş müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru İslam Bəyəhmədov ADAU-nun əməkdaşlarının gəlişi barədə məlumat verib. O bildirib ki, təsərrüfat sahiblərinin meyvə bitkilərinin becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə sahəsində biliklərinin artırılmasına ehtiyac var.

ADAU-nun Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov “İntensiv bağların becərilmə texnologiyası - problemlər və onların həlli yolları” mövzusunda, Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Ramiz Əsgərov “Tumlu və çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, Sahil Quliyev “Bitki xəstəliklərinin laboratoriya şəraitində diaqnostik təyini”, dosent Vusal Məmmədov “Bölgədə yayılmış meyvə bitkilərinin əsas zərərvericiləri və onların idarə olunması” mövzusunda təqdimat ediblər. İştirakçılarla qarşılıqlı müzakirə şəraitində problemlərin həlli yolları müzakirə olunub. İnstitutun direktoru İlham Qurbanov çıxış edərək rəhbərlik etdiyi elmi müəssisədə məsləhət xidmətinin fəaliyyət göstərdiyini, lakin bu xidmətin ADAU ilə birgə fəaliyyətinin daha effektli olacağını xüsusi qeyd edib. İ. Qurbanov bildirib ki, ADAU yeganə aqrar sahə üzrə mütəxəssis yetişdirən ali təhsil ocağıdır. İki qurumun birgə əməkdaşlığının respublikada meyvəçiliklə bağlı olan problemlərin asan həllinə zəmin yaradacağını deyən Qurbanov bu kimi görüşlərin bundan sonrada mütəmadi davam etdirilməsinin vacibliyini qeyd edib.

Günün ikinci yarısında ADAU-nun mütəxəssisləri ayrı-ayrı təsərrüfatları gəzib, ekstensiv və müasir tipli intensiv bağlarla tanış olub, becərmə texnologiyaları və bitki mühafizəsi sahəsində fermerlərlə müzakirələr aparıblar.

Səfərin ikinci günü Aqrar Məsləhət Xidmətinin əməkdaşları Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında olub heyvandarlıq və bitkiçilik sahəsində olan fermer və sahibkarlarla, eləcədə yerli mütəxəssislərlə görüşlər keçiriblər. Yalama Aqropark MMC-nin direktoru Zaur Əliyev görüş zamanı universitetlə aqropark arasında əlaqələrin yarandığını və bu sahədə görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini qeyd edib. O, ADAU ilə əməkdaşlıq memorandumunun bağlandığını deyib, aqroparkda yalnız yerli mütəxəssislərin, o cümlədən aqrar universitetin məzunlarının çalışdığını bildirib. Sonra aqroparkın fəaliyyət sahələri üzrə baxışlar keçirilib və müzakirələr aparılıb. ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin  mütəxəssisləri Rafiq Allahverdiyev və Ramin Abbasov heyvanların bəslənməsi və baytarlıq sahəsi üzrə fikir mübadilələri aparıb bu sahənin inkişafı ilə bağlı tövsiyələrini veriblər. Onlar heyvanlar arasında  baş verən daxili xəstəliklər və heyvanların süni mayalandırılması mövzusunda sualları cavablandırıblar. Mütəxəssislər fermada heyvanlara baxış keçirərək mövcud vəziyyətlə tanış olub, süni mayalandırma və heyvanların yemləndirilməsi haqqında öz təkliflərini veriblər.

Fermerlərin ehtiyaclarının öyrənilməsi məqsədilə ADAU-nun Aqrar Məsləhət Xidmətinin digər regionlara da səfərləri gözlənilir.
ƏLİHÜSEYN ŞÜKÜROV.
 




Sizin Reklam Yeriniz