news Image
2013.03.29
13:22
| A A A
Təhsil Nazirliyi yeni dərsliklərlə bağlı açıq tender elan edib
Təhsil Nazirliyi 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinin VI sinifləri üçün kurrikulum əsasında dərsliklərin nəşri işlərinin (yazılması, hazırlanması, dizaynı və digər çapaqədərki işlər) satın alınmasına dair Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, tender 21 lot üzrə keçiriləcək. Xarici dil (ingilis, fransız və alman dilləri) dərslik komplektləri təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəbləri üçün eynidir. Açıq tender prosedurunda hər bir lot üzrə həm dərslik, həm də müəllim üçün metodik vəsaitlərin nəşr işləri (yazılması, hazırlanması, dizaynı və digər çapaqədərki işlər) nəzərdə tutulsa da, dövlət vəsaiti hesabına satınalma yalnız dərsliklərə şamil edilir. Müəllim üçün metodik vəsaitlərin nəşri və çapının maliyyələşməsi isə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir.

Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 19 aprel tarixə kimi müvafiq sənədləri təqdim etməlidirlər. İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır. Tenderdə hər bir lot üzrə iştirak haqqı ödənilir.

İddiaçılar məzmun (keyfiyyət) və maliyyə (qiymət) təkliflərinin bağlamalarını (zərflərin) 14 may 2013-cü il saat 18:00-dək Tender Komissiyasına təqdim etməlidirlər. Tender proseduru, yəni məzmun (keyfiyyət) və maliyyə (qiymət) təklifləri olan bağlamaların (zərflərin) açılışı 15 may tarixdə, saat 15:00-da Təhsil Nazirliyində keçiriləcək. Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. Əlavə məlumat üçün Təhsil Nazirliyinin Tender Komissiyasına müraciət etmək olar.