Əlaqə Arxiv
news Image
2018.03.05
11:10
| A A A
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

  Plenumda 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək  növbədənkənar prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi geniş müzakirə olunmuşdur. AKP MK sədri Rauf Qurbanov tədbiri açıq elan edərək gündəlikdə duran məsələ ilə əlaqədar məruzə etmişdir. Natiq ölkəmizdə keçiriləcək prezident seçkilərinin hansı səbəblərdən növbədənkənar keçiriləcəyinin mahiyyətini plenum iştirakçılarının  diqqətinə çatdırmışdır. AKP lideri cəmiyyətdə vətəndaş həmrəyliyinin, sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün bütün siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən Azərbaycan vətəndaşlarının seçkidə aktiv iştirak etməsinin zəruriliyini qeyd etmişdir. Daha sonra R.Qurbanov bəzi siyasi partiyalar tərəfindən seçkini boykot etməyə edilən çağırışların Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu və onun beynəlxalq imicinə xələl gətirdiyini, Azərbaycanı istəməyən xarici qüvvələrin bundan gələcəkdə ölkəmizə qarşı edəcəkləri təzyiq kimi dəyərləndirmişdir.
    Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Gəncə ŞK birinci katibi Ə. Veysov, ASZİ MK sədri A. Şiriyev, AKP Lənkəran RK birinci katibi N. Bağırov, AKP Sumqayıt ŞK birinci katibi  S. Hüseynov, AKP  Goranboy RK birinci katibi T. Əsədov,  AKP Ağdam RK birinci katibi A. Quliyev,  AKP Nizami RK birinci katibi N. Abbasov, AKP Suraxanı RK birinci katibi                   Ə. Cabbarov, AKP Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad RK birinci katibi N. Ağayev, AKP Beyləqan RK birinci katibi İ. Məhərrəmov, AKP MK üzvləri L. Teymurova, Q. Əhmədov  və digər yoldaşlar çıxış etmişdilər.
    AKP MK plenumu 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul etmiş və seçkinin gedişini izləmək üçün MSK, dairə və məntəqə seçki komissiyalarında AKP tərəfindən  müşahidəçi qismində iştirak edəcək yoldaşların siyahısını təsdiq etmişdir.
    Daha sonra plenumda Azərbaycan kommunistlərinin prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi geniş müzakirə olunmuşdur. AKP MK sədri Rauf Qurbanov prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına  ətraflı məlumat vermişdir. Plenum üzvləri Respublika üçün talehyüklü bir məsələni geniş müzakirə və təhlil etmiş, Azərbaycanda əmin-amanlığa, sabitliyə dəstəklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq barədə qərar qəbul etmişlər. Plenumda AKP MK rəhbər işçiləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak etmişdilər.
    Bununla da AKP MK növbəti  plenumu öz işini yekunlaşdırmışdır.

Sizin Reklam Yeriniz