Əlaqə Arxiv
news Image
2018.03.13
10:04
| A A A
Avtomobil bazarı durğunluq mərhələsini geridə qoyur
Azər Allahverənov: “Buna səbəb maliyyə bazarında sabitliyin yaranmasıdır” Nüsrət İbrahimov: “2018-ci ildə də idxalın həcmi ötən ilə nisbətən artıq olacaq”

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb.  2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilib. 

Ekspertlərin fikrincə, avtomobil idxalında artımın olacağı gözlənilən idi. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, buna səbəb maliyyə bazarında sabitliyin yaranmasıdır: “Məlum devalvasiyalarla əlaqədar maliyyə bazarında yaşanan böhran qiymətlərin dəyişməsinə səbəb olmuşdu. Eyni zamanda problemli kreditlərin həcminin artması banklar tərəfindən verilən avtokreditlərin dayandırılmasına səbəb olmuşdu. Həmçinin alıcılıq qabiliyyətinin azalmasını da faktor kimi göstərə bilərik. Bunlar avtomobil satışının həcmini aşağı saldı. Ancaq 2017-cı ildən maliyyə bazarında müəyyən sabitlik yaranıb.  
Digər tərəfdən, banklar da avtomobil kreditləri verməyə başladılar. Bunu hələ ancaq avtomobil salonları vasitəsi ilə həyata keçirirlər. Eyni zamanda təcrübə göstərir ki, müəyyən müddətdən bir avtomobil satışında durğunluq yaşanır. Lakin sonradan canlanma baş verir. Şərləndirən səbəblər nə qədər çox olarsa, canlanma bir o qədər sürətlə gedər. Azərbaycanda da buna bənzər proses baş verir. Satışda müəyyən müddət durğunluq yaşandı. Amma artıq durğunluq dövrü geridə qalıb. 2017-ci ilin ikinci yarısından bunu müşahidə etmək mümkündür. Odur ki, 2018-ci ildə də ölkəyə idxal edilən avtomobillərin sayı ötən ilə nisbətən çox olacaq”.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirdi ki, bu artım gözlənilən idi: “Ancaq 2014-cü illə müqayisə etdikdə, 2017-ci ilin göstəricisi çox aşağıdır. 2015-ci ildən etibarən Azərbaycana avtomobil idxalında azalmalar müşahidə edildi. 2016-cı ildə bu azalma özünün ən yüksək həddinə çatdı. İdxal bir neçə dəfə aşağı düşdü. Ancaq sonradan insanlar mövcud şəraitlə barışmağa başladılar. 
2016-cı ilə nisbətən insanların alıcılıq qabiliyyətində artım müşahidə edildi. Həmçinin satış mərkəzlərində şərtlər bir qədər yumşaldıldı. Bu baxımdan 2017-ci ildə avtomobil satışında bir qədər artım müşahidə edildi. Ancaq bu artım 2014-cü ilin artımı ilə müqayisədə çox geri qalır”. 
Nüsrət İbrahimov əlavə etdi ki, idxalda artımın olmasına baxmayaraq, satışda artım qeydə alınmayıb: “Ancaq qiymətlərdə yüksəlmələr var. Ən çox qiymət artımı dekabr və yanvar ayında qeydə alınıb. Fevaral ayında isə 1.8 faiz azalma olub. Ancaq bu da azalma yox, qiymətlərin stabilləşməsi deməkdir”.
Ekspertin fikrincə, 2018-ci ildə də idxalın həcmi ötən ilə nisbətən artıq olacaq: “Bu, həm qiymətlərin dinamikasından, həm də alıcılıq qabiliyyətindən asılıdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz