Əlaqə Arxiv
news Image
2018.03.13
10:08
| A A A
Feremerlər soyuducu anbarlardan uzaq qaçırlar
Qadir Bayramlı: “Bu məsələnin həlli üçün həm fermerlərin, həm də anbar sahiblərinin qarşılıqlı müzakirəsi və bunların birliklərinin olması lazımdır” Ruslan Atakişiyev: “Soyuducu anbarların xidməti haqqı bəzi fermerlər üçün sərfəli olmur”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisi həyata keçrilsə də onlardan istifadə edən fermerlərin sayı elə də çox deyil. Bu fonda da bəzən soyuducu anbar kompleksləri istifadəsiz qalır. Mütəxəssislər fermerlərin soyuducu anbarlara marağının az olmasını müxtəlif səbəblərlə izah edirlər. 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, ölkənin müxtəlif bölgələrində soyuducu anbarların yaradılması mütərrəqi haldır: “Lakin soyuducu anbarların istifadə ilə bağlı bir sıra problemlər var. Birinicisi, fermerlərin anbarlar haqqında kifayət qədər məlumatı yoxdu və ya məhduddur. Fermerlərin əksəriyyəti, xüsusi ilə kiçik istehsalçılar maliyyə problemləri yaşayırlar. Əllərində olan məhsulun dərhal pula çevrilməsini istəyirlər. Həmçinin fermerlər icarəyə veriləcək pulun özlərinə qalmasını istəyirlər. Bunlar  önəmli faktordur. 
Bundan başqa az miqdarda məhsulun anbarlarda saxlanılması nə fermerə, nə də anbar sahiblərinə sərf edir. Bu məsələdə ən ciddi problemlərdən biri istehsal, topdan alan və bazarlar arasında koordinasiya çatışmazlığının olmasıdır. Bundan başqa fermerlərin bazarlara çıxışında bəzən problemlər yaşanır. Bu problemlər də birbaşa olmsa da, vasitəçi yolla anbarların istifadəsini məhdudlaşdırır”.
Ekspertin fikrincə, bu məsələnin həlli üçün həm fermerlərin, həm də anbar sahiblərinin qarşılıqlı müzakirəsi və bunların birliklərinin olması lazımdır: “Fermerlər arasında təşkilatlanma zəifdir. Həm fermerlər, həm də anbar sahibləri təşkilatlanmış şəkildə bu məsələni həll edə bilərlər. Bir çox anbarların boş olması həm də böyük istehsalçılarını sayının az olması ilə əlaqədardır. Ökədə minlərlə ton tutumu olan anbarlar var. Ancaq bunlardan istifadə çox aşağıdır. Bu problem kənd təsərrüfatında yaşanan problemlərdən biridir. Ciddi bazar araşdırması olarsa, problemin həllinə kömək edə bilər. Həmçinin xarici, xüsusən də Türkiyə təcrübəsi öyrəniləmlidir”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində regionlarda soyuducu anbarların yaradılması nəzərdə tutulub: “Hazırda bir neçə rayonda bu cür anbarlar fəaliyyət göstərir. Amma soyuducu anbarların gözləniləndən az müştərisi var. Bunun da müəyyən səbəbləri var. Birinicisi, fermerlərin bəziləri anbar haqqında məlumatsızdırlar. İkincisi, soyuducu anbarların xidməti haqqı bəzi fermerlər üçün sərfəli olmur. Üçüncüsü, fermerlər kənd təsərrüfatı məhsullarını təbii yolla saxlamağa üstünlük verirlər. Çünki belə olduğu halda məhsulun dadı az dəyişir. Digər amil kimi alıcı tələbini də göstərə bilərik. Alıcılar anbardan çıxan məhsulu almaqda maraqlı olmurlar”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz