Əlaqə Arxiv
news Image
2013.04.01
15:49
| A A A
İstehlakçılara ötürülən zaman itkiyə gedən «mavi yanacaq»…
Araz Ağayev: «Rəqəmlər dəyişkən olduğu üçün biz bunu açıqlamırıq» Vüqar Bayramov: «Qaz itkisinin böyük bir qismi Bakı şəhərinin payına düşür və 2012-ci ildə qaz itkisi 40% olub»

Ölkənin qazpaylayıcı sistemində daim aktuallığı ilə seçilən məsələlərdən biri də "mavi yanacağın" istehsalçıdan istehlakçılara çatdırılması zamanı borularda müəyyən itkiyə məruz qalmasıdır. Görülən tədbirlərə baxmayaraq, hələ də belə itkilər yaşanır. Mütəxəssislərin fikrincə, nəql zamanı qaz itkisinin tamamilə aradan qaldırılması mümkün olmasa da onu maksimum azaltmaq olar.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Mövqe.az-a verdiyi açıqlamada qaz itkilərinin bu gün də olduğunu bildirir: "Mənbədən istehlakçıya verilənə qədər qaz itkiləririn yaşanması halları olur. Amma rəqəmlər dəyişkən olduğu üçün biz bunu açıqlamırıq. İtkilərlə daim mübarizə aparılır. Qaz təsərrüfatı sahəsində itkilərə yol verilməməsi üçün daim tədbirlər görülür. Sızmaların qarşısı alınır, təmir–bərpa işləri görülür. İl-ildən də qaz itkilərində azalma müşahidə olunur".

İqtisadçı ekspert Vüqar Bayramov da məsələyə dair, Mövqe.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib: "Yerli idarələrə satılan qazın bir hissəsi itkiyə gedir. Bu itkinin yaranması infrastrukturun köhnə olmasından irəli gəlir. Bu səbəbdən istehsal olunan qazın bir qismi praktik olaraq itkilərə gedir. Lakin son illər qaz infrastrukturun yaxşılaşdırılması bağlı addımlar atıldığı üçün itkilərdə xeyli azalmalar var. Amma bununla belə qazın satışı ilə bağlı ciddi itkilər qeydiyyatsız xətlərin olduğu zaman müşahidə olunur.

2010-cu ildə satılan qazın və yaxud da ki, yerli idarələrin "Azəriqaz"dan aldığı qazın təxminən 56%-i itkiyə gedirdisə, tədqiqatlarımız göstərir ki, bu rəqəm son illər 35%-ə qədər azalıb. Amma yenə də yüksək olarq qalmaqdadır. Bu itki heç də mavi qazın havaya buraxılması demək deyil. Söhbət ondan gedir ki, qeydiyyatsız xətlərin olması, bir sıra hallarda sənayenin, biznesin qeydiyyatsız, iridiametrli xətlərdən istifadə etməklə mavi qazdan istifadəsi belə xoşagəlməz hallara səbəb olur.

Qaz sektorunun idarəetməyə verilməsi daha yaxşıdır. Çünki MDB və Şərqi Avropa ölkələrinin təcrübəsinə diqqət etsək, görərik ki, onlarda qazın paylaşdırılması sistemi özəl şirkətlərin idarəetməsinə verilib. Özəl şirkətlər aldığı qazın haqqını tam şəkildə ödəməyə məcburdur. Bu zaman itkilərin aradan qaldırılmasına idarəyəgötürmə şirkət ciddi yanaşır". Ekspert 2012-ci ildə olan qaz itkisini belə açıqlayıb: "Qaz itkisinin böyük bir qismi Bakı şəhərinin payına düşür və 2012-ci ildə qaz itkisi 40% olub".


Sizin Reklam Yeriniz