Əlaqə Arxiv
news Image
2018.03.19
13:45
| A A A
Fondun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Martın 17-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə birinci yeri tutmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əlamətdar bayramlar ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənə halının aldığını bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fondun 2017-ci ildə 6 fərdi jurnalist yazıları müsabiqəsi keçirdiyini bildirib. İcraçı direktor qeyd edib ki, bu müsabiqələrdə 600-dən çox jurnalist iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb: "Bu gün qaliblərinin mükafatlandırılmasına toplaşdığımız müsabiqə yanvarın 23-dən martın 6-dək davam edib. Müsabiqəyə 67 kütləvi informasiya vasitəsindən 169 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən, hər istiqamət üzrə 6 nəfər, ümumilikdə 90 nəfər jurnalist qalib elan edilib. Müsabiqənin ikinci və üçüncü yerlər üzrə nəticələri martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə açıqlanıb. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş 15 nəfər jurnalisti mükafatlandıracağıq".

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - şöbə müdiri Əli Həsənova verilib. Novruz bayramı münasibətilə qonaqları və mətbuat işçilərini təbrik edən Əli Həsənov Fondun fərdi yazı müsabiqələrinin təşkilinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib. Ə.Həsənov Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayıb: "Jurnalistlərlə ünsiyyət çox xoşdur. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk".

Əli Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir. 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin

11-də keçiriləcək prezident seçkiləridir. Seçkilərə intensiv hazırlıq işləri gedir. Martın 19-dan aprelin 10-dək seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-lərin üzərinə düşəcək. Siz qarşıdan gələn prezident seçkilərində həm vətəndaş kimi iştirak edərək namizədlərə öz münasibətinizi bildirəcək, həm də bilavasitə seçkilərin gedişini işıqlandıracaqsınız".

Prezidentin köməkçisi deyib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: "Bilirsiniz ki, dövlətimizin başçısının Sərəncamı ilə bu il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bu səbəbdən də nəinki Azərbaycanda, dünyanın hər yerində bu əlamətdar yubileylərlə bağlı silsilə tədbirlər keçiriləcək".

Əli Həsənov qeyd edib ki, ölkədə jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsuliyyəti Azərbaycan dövləti üzərinə götürüb: "Düşünürəm ki, bu il də jurnalistlərin ciddi müdafiəyə ehtiyacı olmayacaq. Əksinə, jurnalistlər dövlətin yaratdığı müdafiə mexanizmlərindən məharətlə istifadə edəcəklər".

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi əmin olduğunu bildirib ki, Azərbaycan 2018-ci ili də uğurla başa çatdıracaq. Azərbaycanın mühüm, hələ də həll edilməyən problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəhayət, öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad ediləcək, qaçqın və köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlər mükafatlandırılıb.

KİV əməkdaşlarının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri ilə bağlı elmi maarifləndirmə fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Mətbuat Şurasının xüsusi mükafatına layiq görülüb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Sizin Reklam Yeriniz