Əlaqə Arxiv
news Image
2018.03.20
11:40
| A A A
Ət kəsimində problemlərə son qoyulur
Eyyub Hüseynov: «Bəzi ət kəsim yerlərinə təmizlik aparmaq üçün su belə çəkilməyib» Kliment Əsədov: «Heyvanın xəstə, yaxud da sağlam olması, təhlükəli zooinfeksiyaların daşıyıcı olub-olmadığını vizual baxışla müəyyən etmək olmaz»

Ət kəsimi məntəqələrinin şəraiti, antisanitar durumu ilə bağlı məsələ dəfələrlə ictimailəşdirilməsinə baxmayaraq, bu sahədə olan problemlər, hələ də qalmaqdadır. Bu günlərdə sözügedən məsələyə toxunan Qida Təhlükəsizliyi Agentliyi heyvanların və quşların kəsilib satılması üçün yaxın zamanlarda xüsusi yerlər yaradılacağı barədə məlumat verib. 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Eyni zamanda küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir. Hər bir rayonda qəbul olunmuş standartlara uyğun sallaqxanalar fəaliyyət göstərəcəyini söyləyən qurum səlahiyyətlisi, sallaqxananın yerləşdiyi yerin minimal kvadratı, avadanlıqlarən nəzərə alınacağını, eləcə də ətin keyfiyyətinin müəyyən edilməsi üçün laboratoriyanın fəaliyyətdə olacağını vurğulayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sallaqxanaların fəaliyyətinə nəzarətin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, yol kənarında heyvanların kəsim şəraitinə əməl edilməsə də, insanlar əsasən gözlərinin qarşısında kəsilmiş əti alırlar: “Bakıda yol kənarlarında, məhəllələrdə açıq şəraitdə ət kəsimi həyata keçirilir. Bəzi ət kəsim yerlərinə təmizlik aparmaq üçün su belə çəkilməyib. Bəzilərinin isə nə soyuducusu var, nə də kəsilmiş ətlərin sağlamlığını təsdiqləyən baytar möhürü. Bunlara baxmayaraq, insanlar hələ də bazardan, mağazadan çox, gözlərinin qarşısında kəsilmiş əti almağa üstünlük verirlər. Bunun əsas səbəbi insanların baytar möhürünə olan inamsızlığı ilə bağlıdır. Ona görə də düşünürəm ki, yeni yaranmış qurum nəzarəti elə formada həyata keçirməlidir ki, istehlakçılarda inam yaransın”. 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri Kliment Əsədov Qida Təhlükəsizliyi Agentliyinin sallaqxanaların fəaliyyətinə nəzarət həyata keçirməsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, sallaqxanaların fəaliyyəti ilə bağlı hazırda tələblər olsa da, bəzi sahibkarlıq subyektlərində bu standartlara əməl edilmir: “Yaxın vaxtlarda sallaqxanaların fəaliyyətinə nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək. Amma yenə də kəsilən heyvanların sağlamlığının yoxlanılması, qanın müayinəsi yerli rayon baytarları tərəfindən aparılacaq”.
K. Əsədov deyir ki, istehlakçılar əksər hallarda ət aldıqda xarici görünüşünə diqqət yetirsələr də, ətdə insan səhhəti üçün təhlükəli olan başqa amillər var: “Zooinfeksiyalar gözlə görünmür. Ancaq qanın laborator müayinəsi zamanı üzə çıxır. Ona görə də, heyvan kəsimi zamanı ətin baytar yoxlamasından keçməsi zəruridir”.
K. Əsədovun sözlərinə görə, heyvan kəsim məntəqələrinin əksəriyyətində bu tələblər gözlənilir: “Bəzən məhəllələrdə qanunsuz ət kəsimi yerləri fəaliyyət göstərir. Onlar baytar nəzarətindən kənar fəaliyyətdə olduqlarından kəsilən ətlər müayinəyə cəlb olunmur. İstehlakçılar elə hesab edir ki, heyvan gözlərinin qarşısında kəsilirsə, həmin heyvanın ətini almaq olar. Amma düşünmürlər ki, heyvanın xəstə, yaxud da sağlam olması, təhlükəli zooinfeksiyaların daşıyıcı olub-olmadığını vizual baxışla  müəyyən etmək olmaz. Ola bilər ki, kəsilmək üçün ət kəsimi yerinə gətirilən, hətta iki-üç gün istehlakçıların görməsi üçün obyektin qarşısına bağlanılan iribuynuzlu heyvan cavandır. Bununla heyvanın ətinin yemək üçün yararlı olub-olmadığını müəyyən etmək mümkün deyil. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Bu, ancaq baytar yoxlamasından keçdikdən sonra müəyyən edilir”.
Sektor müdiri deyir ki, ətə baytar möhürü vurulursa, istehlakçılar o əti rahatlıqla alıb istifadə edə bilərlər.Həmsöhbətimiz  ət kəsimi ilə bağlı tələblərə əməl etməyin şərt olduğunu, baytar nəzarətində olan sallaqxanalarda bütün tələblərin gözlənildiyini söyləyir: “Bu gün Bakıda ət kəsimini standartların tələblərinə uyğun həyata keçirən, soyuducusu, digər avadanlıqları olan ət kəsim məntəqələri var. Orada gigiyenik şərait də qorunub saxlanılır. Amma küçədə, yol kənarında ət kəsən yerlərdə bu qaydalara əməl edilməsi üçün heç bir şərait yoxdur. Ona görə də belə obyektlərə nəzarət vacibdir”. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz