news Image
2018.04.16
10:46
| A A A
Bakı Metropolitenində fleşmob keçirilib

Bakı Metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

"Bakı Metropoliteni QSC"dən Movqe.az-a verilən məlumata görə, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub.

Xalq Cümhuriyyətinin yubileyinə "Bakı Metropoliteni" QSC-də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fleşmob keçirilib. Fleşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fleşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

 

Fleşmob ulu öndərin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.

 

 

Zülfiyyə QULUYEVA