Əlaqə Arxiv
news Image
2018.04.20
15:12
| A A A
Masallıda görülən işlər, yeni vəzifələr Şura iclasında

Aprelin 16-da Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilmişdir. İclasda 2018-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Yığıncağı açan Masallı RİH başçısı cənab Rafil Hüseynov aprelin 18-də Azərbaycanda keçirilən prezident seçkilərində 86,3 faiz səslə qələbə qazanan cənab İlham Əliyevin yenidən 7 il müddətinə prezident seçilməsi münasibətilə iştirakçıları təbrik etmiş, bütün masallılar adından cənab Prezidentə xoş arzularını çatdırmış, ona çətin və şərəfli işlərində uğurlar arzulamış, Masallı rayonunda da seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir. Natiq Natiq göstərmişdir ki, respublikamızda olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. Ümumi uzunluğu 24,7 kilometr olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatıroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Hazırda Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir. 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq Sənaye məhəlləsində tikinti işləri yekunlaşmaqdadır.
         Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 153,5 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 11,5 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,2 faiz artaraq 15,9 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,7 faiz artaraq 20,2 milyon manat olmuşdur. 2018-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 16 milyon 64 manata qarşı 16 milyon 235 min 28 manat və ya 101,4 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 17 milyon 895 min 05 manata qarşı 14 milyon 723 min 17 manat və ya 82,2 faiz icra olmuşdur.
          Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1002 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 197-i qadınlardır. Qeydiyyata alınanlardan 675 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 307 nəfərini qadınlar təşkil edir. 
      2018-ci ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 15891.1min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 178.1 manat olmuşdur. Rayonda iri buynuzlu mal-qaranın sayı 72112 başa, xırda buynuzlu mal-qaranın sayı 86307 başa çatmışdır. Birinci rubda süd istehsalı 12231,5 tona, ət istehsalı 1551,1 tona, yumurta istehsalı 19530 min ədədə çatmışdır. 
          Rayon üzrə 24929 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan 9000 hektarı uzun müddətdir ki, mülkiyyətçilər tərəfindən əkilmir. Nəzərə alsaq ki, Masallıda əhalinin 90 faizə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır. 
        Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibati ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 hektar yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 hektar çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılmışdır. 
       Natiq bildirmişdir ki, rayonumuz üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli yüksəlmişdir. 2017-ci ildə isə rayonumuzda tütün əkini sahələri genişləndirilərək 32,5 hektara çatdırılmış və ümumilikdə 55 tona yaxın qurudulmuş tütünün 41 tonu Şəki şəhərindəki “İlham-M” MMC-yə, 14 tonu isə Lerik rayonunda yerləşən “LİK” MMC–yə təhvil verilmişdir. 
       Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlərə başlanılmışdır. Cari ildə barama yetişdirilməsi üçün bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılmış və 5000 ədəd məhsuldar tut tingi Çin Xalq Respublikasından gətirilərək şəhərin Seybətin ərazisində əkilmişdir. Rayon üzrə 24 964 hektar əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Azərbaycan Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılmışdır.
          Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3089,40 min manata qarşı 3697,30 min manat və ya 119,6 faiz, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 408,40 min manata qarşı 421,40 min manat və ya 103,1faiz yerinə yetirilmişdir. DSMF –nin rayon şöbəsi tərəfindən yaşa görə 14786, əlilliyə görə 10457, ailə başçısını itirən kimi 1933 nəfərə əmək pensiyası ödənmişdir.
      Məruzəçi elektrik təsərrüfatında, görülən işlərə, rayonun qazla təchiz edilməsi məsələlərinə də aydınlıq gətirmişdir. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir. 
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisi və təmirinə həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var. Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin tikintisinə başlanılmış, hazırda işlər davam etdirilir. Yaxın vaxtlarda Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisi nəzərdə tutulmuşdur.
         Natiq demişdir: -Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi - texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür. 2018-ci ilin ilk üç ayında rayonda 517 nəfər uşaq doğulmuş, uşaq ölümü 1 promil (1 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 562 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur. İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 5813 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. 12 fevral 2018-cı il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. 
       Masallıda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 4350 turist qəbul etmişdir ki, onun 550 nəfəri xaricdən gələnlərdir. Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. 
Məruzəçi rayonda siyasi partiyalar və QHT-lərin fəaliyyətinə də nəzər salmışdır.
      Masallıda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci ilin birinci rübündə rayon ərazisində 107 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92,3 olmuş və 8 cinayət hadisəsi açılmamış qalmışdır.
           Rüb ərzində rayon icra hakimiyyətinə 510 müraciət daxil olmuşdur ki, onlardan 276-sı rayon İcra hakimiyyətinə, 234-ü isə yuxarı təşkilatlara ünvanlanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 89 ədəd artım, şikayətlərin sayında isə 8 azalma olmuşdur. Yaranmış vakansiyalar barədə rayon icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
           Məruzəçi qeyd etmişdir ki, görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi ilin sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir. 2018-ci ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xətai Parkının yenidən qurulması nəzərdə tutulmuşdur. Ümumi uzunluğu 24,7 km olan Səmidxan – Xallıcallı - Eminli - Məmmədxanlı, Şatroba - Hişkədərə - Miyankü - Kubin yollarının asfaltlaşdırılması ilə əlaqədar hazırlıq işlərinə başlanılmışdır.
       Natiq qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallıda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. 
Azərbaycan Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallının inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
         Məruzə ətrafında müzakirələrdə rayon elektrik şəbəkəsinin rəisi Ağaverdi Həsənov, RİHB-nın Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, su-kanal idarəsinin müdiri Akif Həmidov və başqaları çıxış etmişlər.
     İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R. Hüseynov nitqində kənd təsərrüfatı işlərinin geniş vüsətini diqqətə çatdırmış, əkin sahələrinin suvarılması istiqamətində aparılan tədbirlərə, yeni təsərrüfat sahələri, habelə təhsil, səhiyyə, uşaq müəssisələrinin, sosial obyektlərin tikilməsi məsələlərinə toxunmuş, tikinti-abadlıq işlərinin davam etdiriləcəyini qeyd etmişdir.
    Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.
 

  ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz