Əlaqə Arxiv
news Image
2018.04.24
08:00
| A A A
Azərbaycanda da aliment fondunun yaradılması zərurətə çevrilir
Fatimə Hacıbəyli: “Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır” Ellada Bayramova: “Əsas problem icra mexanizmində boşluqların olmasıdır”

“Aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir”. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində deyilir. 

“Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, Müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış aliment fondunun yaradılması qaçılmaz zərurətdir”, – deyə illik məruzədə vurğulanır. 
Qeyd edək ki, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. Bu da 2016-cı ilə nisbətən 10,8% artım deməkdir. Bu fonda ekspertlər də birmənalı olaraq aliment fondunun yaradılmasını zəruri hesab edirlər. 
"Vəfa" Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli aliment fondunun yaradılmasını vacib hesab edir: “Bir çox xarici ölkələrdə bu tipi fondlar var. Lakin boşanmaq ərəfəsində olan ailələrlə iş aparılır, boşanan cütlüyə valideynlik məsuliyyəti başa salınır, uşaq və valideynlərlə psixoloq işləyir. Daha  sonra fond pulu verməyən və ya müəyyən səbəbdən gecikdirən ataların əvəzindən pul ödəyir. Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır. Belə olan halda ana aliment haqqında düşünmür. Nəzərə almaq lazımdır ki, aliment uşaq üçün ayrılmış vəsaitdir və valideyn bunu ödəməlidir. Əslində, həmin vəsait uşağın ehtiyaclarını tam ödəməyə belə  çatmır”.
Fatimə Hacıbəyli əlavə etdi ki, alimentin ödənməsi probleminin həlli üçün aliment fondunun yaradılması müsbət haldır: “Aliment fondunun yaradılması o baxımdan müsbət olar ki, alimentdən yayınma halları baş verəndə dövlət işə qarışar. Aliment ödənmədikcə, borclar yığılıb qalacaq. Bu zaman hökumət strukturları fəaliyyətə keçəcəklər. Belə bir fond yaradılarsa, bu sahədə yaranmış problem həll olunar və boşanmış qadınların sosial sıxıntısı az da olsa azalaq”. 
Hüquqşünas Ellada Bayramova da bu cür fondun yaradılmasının tərəfdarıdır: “Nəzərə alaq ki, hazırki aliment məbləği olan 154 manat çox azdır. Düzdür,  məhkəmələrdə onun şahidi oluruq ki, kişilər işləmədiklərini əsas gətirirlər. Yəni məbləğin aşağı salınmasını tələb edirlər. Ancaq övlad anada qalırsa, ata mütləq hansısa məsuliyyət daşımalı və bu da məcburi olmalıdır. Amma ata xaricə gedəndə icra mexanizmi dayanır. 
Məcburi ödəniş dedikdə, bu, ataya düşmən mövqedə durmaq demək deyil. Uşaq həm də atanın övladıdır. Övladın mənəvi həyatında iştirak etməlidir. Bunu edə bilmirsə, ən azından anaya maddi kömək etməlidir. Ana da 154 manatı alıb evdə oturmamalıdır. Qadın da işləməlidir. Bütün hallarda aliment fondunun yaradılması vacibdir. Alimet ödənişləri məcburi olmalıdır”. Hüquqşünas əlavə etdi ki, hansısa qanun hazırlanarkən onun icra mexanizmi həll edilir: “Ancaq bu qanunun icra mexanizmi bəlli deyil. Ailə Məcəlləsində göstərilir ki, ata işləsə də, işləməsə də, aliment pulu ödənilməlidir. Yalnız ata ölkəni tərk etdiyi zaman heç bir icra mexanizmi işləmir. 15 sutka həbs ediləndən sonra da ona qarşı hansısa icra mexanizmi görülmür. Ən azından məcburi işlə təmin olunmalıdır. Yəni, əsas problem icra mexanizmində boşluqların olmasıdır. Əsas məsələ də qanunun icrasıdır”.
Ellada Bayramovanın fikrincə, alimentin dövlət tərəfindən ödənilməsi daha düzgün olardı: “Praktikada 10 yaşına qədər uşaqlar adətən anada qalır. Ancaq qadının evi yoxdursa, kirayələrdə, orda-burda qalmağa məcbur olur. Bununla da uşağın hüquqları pozulur. Uşaq o şəraitdə böyüyürsə, cəmiyyətə, ailəyə layiqli övlad ola bilməyəcək”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz