Əlaqə Arxiv
news Image
2018.04.24
09:00
| A A A
Torpaq bazarında aktivlik qiymətləri artırır
Ramil Osmanlı: “Torpaq bazarında baş verən proseslərin mənzil bazarına hansısa təsiri yoxdur” Rəşad Əliyev: “Bu fəsildə torpaq, tikinti bazarında təbii olaraq aktivlik yaşanır”

Bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma artıb. Bu aktivlik öz növbəsində qiymətlərdən də yan keçməyib. Qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb. Ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.

Ekspertlərin fikrincə, bahalaşma mövsümi xarakter daşıyır. Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı bildirdi ki, bu, mövsümlə əlaqəli məsələdir: “Ancaq torpaq bazarı üçün o qədər də dinamik göstərici deyil. Nəzərə alaq ki, hər il bu mövsümdə fərdi yaşayış evlərinin tikintisi tempi yüksəlir. Ona görə də torpaq bazarında müəyyən qədər aktivliyin yaranması təbiidir. Bu il də nisbi aktivlik müşahidə olunur. Sadəcə, nisbi aktivlik olduğuna görə qiymətlərə elə də ciddi təsir göstərmir”.
Ramil Osmanlı əlavə etdi ki, torpaq bazarında baş verən proseslərin mənzil bazarına hansısa təsiri yoxdur: “Əksinə, mənzil bazarında aktivlik müşahidə olunanda müəyyən qədər torpaq bazarına da təsir göstərir. Bu da əsasən müəyyən ərazilərin söküntü zamanı bazara pul axıntılarının artımı fonunda baş verir. Çünki kompensasiyaların bir hissəsi məhz fərdi yaşayış evlərinin tikintisinə yönəlir”. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, adətən torpaq bazarında yaz aylarında müəyyən qədər aktivlik baş verir: “Çünki, tikinti mövsümi başlayır. Ancaq həm bu il, həm də ötən il torpaq bazarında ciddi dəyişiklik yoxdur. Yəni, canlanma elə də güclü deyil. 
Nəzərə alaq ki, torpaq bazarı əmlak bazarının bir seqmentidir. Hər bir seqmentin də özünəməxsus xüsusiyyəti olur. Məsələn, bağ evlərində yayda, mənzil baparında payızda canlanma baş verir. Ona görə də torpaq bazarında yaşanan zəif aktivlik daşınmaz əmlak bazarında qiymət hərəkətliliyinə səbəb ola bilməz. Hazırda mənzil  tikmək 2013-cü illə müqayisə o qədər də sərfəli deyil”. 
Rəşad Əliyev əlavə etdi ki, insanlar mənzilləri adətən havalar istilənən vaxtı tikməyə çalışırlar: “Ancaq Azərbaycan şimal ölkəsi deyil ki, soyuq havalarda işləmək mümkün olmasın. O baxımdan zərurət yaranırsa, mənzillər ilin bütün fəsillərində tikilir. Sadəcə, havaların istilənməsi buna təsir edir. Odur ki, bu fəsildə torpaq, tikinti bazarında təbii olaraq aktivlik yaşanır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz