Əlaqə Arxiv
news Image
2018.04.26
15:20
| A A A
Ölkədə sağlamlığa zərərli kəllə qəndlər satılır
Kiçik sexlər kəllə qəndin ağardılmasında mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsindən istifadə edir!

Ölkədə kəllə qənd istehsalı ilə məşğul olan sexlərdə qəndin ağardılmasında təhlükəli maddələrdən istifadə olunur.

Bu barədə Movqe.az-a Azad İstehlakçılar Birliyinin  sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynov bildirib ki, ölkədə qənd istehsal edən əksər kiçik sexlər  kəllə qəndin ağardılması zamanı, “sodium hidrosulfit”dən istifadə edərək insanların həyatlarını böyük təhlükə altına atır: “İstehlakçılar mütəmadi olaraq AİB-ə qəndin ağardılmasında müxtəlif qadağan edilmiş kimyəvi maddələrdən istifadə edildiyi barədə məlumat verirdilər. AİB istehlakçılardan daxil olmuş bu şikayətləri araşdırmaq üçün satışdakı qəndləri laborator yoxlamasını aparıb: “Ölkədə istehsal edilən 27 növ qəndin akreditasiya olunmuş laboratoriyada ekspertizasını keçirtdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edirlər. Bəllidir ki, kəllə qənd əldə etmək üçün şəkər tozu qaynadılır. Bu zaman onun rəngi dəyişərək tündləşir. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır. Bunun üçün “sentrafuqlma” adlanan qurğuda qənd ağardılma prosesindən keçməlidir. Bu  qurğu mərkəzdən qaçma qüvvəsinə əsaslanır. “Sentrafuqlma” yəni sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır, və ağ qənd qalır. Amma bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur. Bizim akreditasiya olunmuş laboratoriyada apardığımız ekspertiza zamanı məlum oldu ki, həmin sexlər qəndi ağartmaq üçün qeyd etdiyim kimi, çox təhlükəli maddədən yararlanırlar. Bu, “sodium hidrosulfit” adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir. Mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsindən qida istehsalında norma daxilində istifadəyə icazə verilir. Bildiyim qədər qənd istehsalında isə bu maddənin istifadəsi qəti yolverilməzdir. Çox təəssüf ki, ölkədə kəllə qənd istehsal edən sexlər, “sentrafuqlma” adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli “sodium hidrosulfit”dən istifadə edirlər. Bizim apardığımız ekspertiza zamanı “Bolluq” firmasının 700 qramlıq kəllə qəndlərində, “Qidam”şirkətinin “Dişləmə” 500 qramlıq paketlərində, “Seçmə”, “Azeliya”, “Oman”, “Vesta”, “Tərlan”, “Qızıltac”, “Xəyal”,  “Mastero”, “Unudulmaz”, “Bəxşiş” firmasının qəndlərində, Gəncəbasar zonasında istehsal olunan əksər kəllə qəndlərdə “sodium hidrosulfit” aşkarlandı. Biz belə qərara gəldik ki, ikinci dəfə yenidən ekspertiza aparaq, eyni nəticə üzə çıxsa, məsələ ilə bağlı aidiyyatı dövlət qurumu qarşısında qaldıraq”.
E. Hüseynov hazırda ölkədə standartlara uyğun şəkildə ağartma prosesindən keçən qəndlərin də istehsal olunduğunu söylədi. Onun sözlərinə görə, 
İmişli rayonundakı, Azersun Holdinqin Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində Kəllə Qənd Zavodunda istehsal edilən  “Azərşəkər”, “Final” və “Evim” markalı qənd məhsullarında “sodium hidrosulfit” aşkarlanmayıb. Buna səbəb, həmin zavodun standartlara uyğun qurulması, avadanlıqlarla təmin edilməsi ilə bağlıdır. Kəllə Qənd Zavodunda “sentrafuqlma” qurğusu olduğundan, kəllə qəndin ağardılması bu qurğu vasitəsilə standrtlara uyğun həyata keçirilir. 
Dünən media nümayəndələri üçün İmişli rayonunda, Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdindəki Kəllə Qənd Zavoduna təşkil olunmuş media turun  məqsədi də, istehsal prosesi ilə jurnalistləri yaxından tanış etmək, kəllə qəndin standartlara uyğun şəkildə ağardılma prosesini canlı olaraq izləmələrinə şərait yaratmaq idi.  Zavodda istehsal prosesi ilə tanış olan KİV nümayəndələrinə heç bir kimyəvi, süni və zərərli olan kimyəvi qatqılardan istifadə olunmamaqla qəndin ağardılma prosesi göstərilib. Təbii sarı rəngli kəllə qəndlər “sentrafuqa qurğularında” mərkəzdən qaçma qüvvəsinə əsaslanan “sentrafuqlma” (sürətli fırlanma) prosesi hesabına qəndin ağardılması nümayiş olunub. Zavodda qəndin istehsalında suyun mikrobioloji təmizlənməsindən başlamaqla bütün proseslərdə son dərəcə gigiyenik və sanitar qaydalara riayət olunmaqla hazır məhsulun qurudulması və gigiyenik anbarlarda saxlanmasına qədər ardıcıllıqla KİV nümayəndələrinə əyani şəkildə göstərilib. Burada jurnalistlərə məlumat verilib ki, xam mal olaraq şəkər məhsullarının mənşəyi ölkə ərazisində yetişdirilməklə yekunda AŞİB-ə tədarük edilən yüksək keyfiyyətli şəkər çuğundurudur. Zavod məhsullarının böyük hissəsi Rusiya bazarları tərəfindən tədarük edilir. “Kəllə qənd”-in istehsalı digər sexlərdən fərqli olaraq, zavod şəklində fəaliyyət göstərir. Burada bütün istehsal prosesi  qapalı mühitdə, xam məhsulun qəbulundan son məhsulun qablaşdırılmasınadək məhsula heç  bir əl təsiri olmadan, tam  avtomatlaşdırılmış avadanlıqlar hesabına istehsal edilir. Qaynadılaraq şəkər çəlləklərinə doldurulan maye soyuduqdan sonra ağardılması üçün “sentrafuqlma” qurğusuna yerləşdirilir. Burada ağarma prosesindən keçdikdən sonra kəllə qəndlər çəlləkdən çıxardılaraq qurudulması üçün kameralara yerləşdirilir. Məhsul bundan sonra doğranma, ələnmə, paketlənmə prosesindən keçir. Hazır məhsul qablaşdırıldıqdan sonra da 42 dərəcə temperaturlu depoda nəmliyi alınmaq üçün saxlanılır. Bundan sonra hazır məhsul saxlanma anbarına yerləşdirilir. Jurnalistlər məhsulun qurudulması, nəmliyinin götürülməsi, eləcə də saxlanma anbarı ilə də tanış olublar. Burada KİV nümayəndələrinə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair dövlət proqramının tərkib hissəsi olaraq, 2012-ci ildə İmişli rayonunda, Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) nəzdində “Kəllə Qənd” zavodu istismara verildiyi bildirilib. Məlumat verilib ki, zavodda dünyanın aparıcı şirkətlərinin mütərəqqi avadanlıqlarının, texnoloji qurğuların tətbiqi ilə beynəlxalq standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən “kəllə qənd” istehsal edilir.
Movqe.az saytının əməkdaşı zavodda kəllə qəndin standartlara uyğun istehsal prosesini izlədikdən sonra ölkədə kiçik sexlərdə  istehsal olunan kəllə qəndlərə təhlükəli maddə olan  “sodium hidrosulfit” vurulması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb. Agentlikdən məsələnin araşdırıldıqdan sonra sorğuya cavab veriləcəyini bildiriblər. Məsələ ilə bağlı tərkibində mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsinin aşkarlandığı bildirilən kəllə qənd istehsalçılarının da mövqeyini dərc etməyə hazırıq. 

Zülfiyyə QULUYEVA

Bakı-İmişli-Bakı

Sizin Reklam Yeriniz