news Image
2013.04.05
11:16
| A A A
İcbari sığortadan yayınan avtomobillər
Nüsrət İbrahimli: «Heç sığorta şirkətləri özləri də, vətəndaşlar qarşısında olan vəzifələrini lazımınca həyata keçirmirlər» Rəşad Həsənov: «Ictimai inam təmin edilməlidir ki, vətəndaşların sığorta sisteminə etibar etsin»

Maliyyə Nazirliyi: "Icbari sığortadan keçməyən avtomobil sahiblərinin qanunvericiliklə cəzalandırılma prosesi Dövlət Yol Polisinə tapşırılıb"


Ötən ildən etibarən avtomobillərin icbari sığortası həyata keçrilsə də, hələ də xeyli sayda maşın belə sığortaya lüzum görmür. Sürücülərdən bunun səbəbləri barədə soruşanda müxtəlif bəhanələr gətirirlər. Kimisi sığorta haqqının çox olmasını, kimisi sığorta şirkətlərinə inamsızlığı, kimisi isə sadəcə bu sığortanın gərəksizliyindən gileylənir. Bəs görəsən real vəziyyətdə avtomobillərin icbari sığorta edilməməsinin səbəbləri nədən ibarətdir?!

"MBA" LTD şirkətinin rəhbəri Nüsrət İbrahimli sürücülərin icbari sığortadan yayınması səbəbləri ilə bağlı Mövqe.az-a açıqlamasında bildirib: " Azərbaycanda sığorta bazarı o dərəcədə də inkişaf etməyib. Yeni bazar olduğu üçün insanlar hələ də bu bazara uyğunlaşa, öyrəşə bilmir. Sığortanın vacibliyini dərk etmirlər, ona laqeyd yanaşırlar. Amma bunun səbəbi təkcə insanların məsuliyyətsizliyindən irəli gəlmir. Heç sığorta şirkətləri özləri də, vətəndaşlar qarşısında olan vəzifələrini lazımınca həyata keçirmirlər. Bundan əlvə insanlar öz xərclərini minimuma endirmək istəyirlər. İcbari sığorta haqqının 100 manata bərabər olmasına baxmayaraq, əksər sürücülər bunu da qənimət bilirlər. Bu faktorlar ona səbəb olur ki, avtomobillər icbari sığortadan keçmirlər".

İSİM-in eksperti Rəşad Həsənov məsələyə dair bildirib: "Avtomobillərin icbari sığortası haqqında qanun qəbul elidikdən sonra bu sahədə hiss ediləcək səviyyədə irəliləyiş baş verib. Lakin problemin kökündən həll edildiyini demək hələ ki tezdir. Belə ki, hazırda ölkədə icbari sığortası olmayan avtomobillər kifayət qədərdir. Ölkənin avtomobil bazasının tamami ilə icbari sığortaya cəlb edilə bilməməsinin bəzi səbəbləri var. Birincisi, insanların sığorta şirkətlərinə olan inamsızlığıdır. Buna səbəb kimi ötən dövrdə sığorta şirkətlərinin baş verən sığorta hadisələri zamanı vətəndaşın probleminə laqeyd münasibəti, bir cox hallarda haqsız olaraq dəyən zərərin qarşılanmaması, əsası olmayan səbəblər göstərərək sığorta ödənişinin ya ödənilməməsi, yaxud da həcminin azaldılması, bu sektorda olan qeyri-stabil maliyyə vəziyyəti və s. neqativ halları qeyd etmək olar. Doğrudur, icbari sığortanın edilməsi məcburi xarakter daşıyır, lakin, bununla yanşı ictimai inam da təmin edilməlidir ki, vətəndaşların sığorta sisteminə etibar etsin, eləcə də maşınların avtosığortaya cəlb edilməsi prosesi sürətlənə bilsin. Əksər hallarda vətəndaş sığorta haqqını ya cərimə, ya əlavə xərc və yaxud da ki, itirilmiş vəsait olaraq dəyərləndirir. Vətəndaşı əmin etmək lazımdır ki, artıq bu kimi neqativ hallar baş verməyəcək və sığorta şirkətləri bu sahədə yeni təşviqedici addımlar ataraq passivliyi aradan qaldırmaq gücünə malikdirlər. Digər bir tərəfdən isə sığorta haqqında qanunda vətəndaşların aldadılması halları ilə bağlı şirkətlərə qarşı ciddi cərimələrin tətbiq edilməsi və Cinayət Məcəlləsinə əlavələr etməklə bu istiqamətdə həm şirkətlərin və həm də işçilərin məsuliyyəti artırılmalıdır.

Sürücülər avtomobillərini niyə icbari sığortaya cəlb etməkdən yayınır sualına isə ekspert belə cavab verdi: "Digər bir problem əhalinin müəyyən bir qisminin təyin edilmiş klassifikasiyaya uyğun məbləğləri ödəmək imkanının olmamasıdır. Bu halda vətəndaşı sabah baş verəcək qəzanın fəsadlarından çox, gündəlik qayğılarını düşünür və mümkün qədər icbari sığortadan yayınmağa çalışır. Ümumiyətlə isə, bu istiqamətə diqqətin artırılması günümüzdə ciddi əhəmiyyət daşıyır. Cünki, sığorta sisteminin inkişaf etdirilməsi həyatın müəyyən mərhələlərindən insanlara dəstək olur ki, bu da yaşayış şərtlərinin yumşaldılması üçün vacib amildir. Başqa bir məqam isə ondan ibarətdir ki, sığorta əməliyatları periodik xarakter daşıyır və bu ona imkan vermir ki, icbari sığortaya cəlb edilmə prosesi sona çatsın. Yəni bu istiqamətdə problemlər hər zaman olacaq. Sadəcə ən yaxşı nəticəni əldə etməyə çalışmaq lazımdır".

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətndən Mövqe.az-a verilən məlumata görə, icbari sığortadan keçməyən avtomobil sahiblərinin qanunvericiliklə cəzalandırılma prosesi Dövlət Yol Polisinə tapşırılıb: "Avtomobillərin icbari qaydada sığortadan keçməsi mütləq lazımdır".