news Image
2018.05.16
17:31
| A A A
Nümayəndə heyətinin rəhbəri: Bəzi qüvvələr, o cümlədən erməni lobbisi Azərbaycanı Avropa Şurasından kənarlaşdırmaq istəyirlər

Bəzi qüvvələr, o cümlədən erməni lobbisi Azərbaycanı Avropa Şurasından kənarlaşdırmaq istəyirlər.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, lakin həmin qüvvələr Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə təsir göstərə bilməyəcəklər: "Bu, Avropa Şurasının özünə ziyandır və Şurada ikili standartların mövcud olduğunu bir daha göstərir”.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Ermənistan və Ermənistanın ətrafında olan qüvvələr beynəlxalq arenada Azərbaycana uduzduqları üçün başqa taktika seçirlər:

“Biz orada Dağlıq Qarabağ həqiqətlərini qaldırırıq, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətiririk, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayırıq və Ermənistan çətin vəziyyətə düşür. Azərbaycan nümayəndə heyətinə sanksiya tətbiq edərək, hansısa düzgün olmayan davranışla Azərbaycan haqqında mənfi rəy yaradacaqlarını düşünürlər. Burada erməni lobbisi ilə yanaşı, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin də rolu var".

S.Seyidov əlavə edib ki, Azərbaycanın Avropa ilə çox yaxşı münasibətləri var, ancaq bunu istəməyən qüvvələr Azərbaycanı bu yoldan çəkindirmək istəyirlər: "Lakin heç kim düşünməsin ki, biz bu meydanı tərk edəcəyik. Bizim bayrağımız Ulu Öndər Heydər Əliyev tərəfindən orada ucaldılıb. Bu bir imkandır, bir meydandır və biz bu meydandan istifadə edib Azərbaycan həqiqətlərini orada çatdıracağıq”.

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.