Əlaqə Arxiv
news Image
2018.05.17
09:40
| A A A
İxtisaslı kadrlar iqtisadi şaxələndirmənin aparıcı qüvvələridir
İnsan kapitalına diqqət mütəxəssislərin yetişdirilməsinə sanballı töhfələr verir

Azərbaycanın sürətli iqtisadi inkişafı fonunda ixtisaslı, peşəkar kadrlara tələb artır. Hökumətin apardığı düzgün neft strategiyası əldə olunan valyutanın insan kapitalına transferini formalaşdırır və bununla ölkənin ixtisaslı kadr istehlakını ödəməyə çalışır. Müstəqillik illərində bu istiqamətdə aparılmış siyasət öz bəhrəsini verib və indi güclü insan resursları iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışır. Amma Azərbaycan iqtisadiyyatının inkişaf sürəti böyükdür və bu anlamda hələ ölkədə belə kadrların hazırlanmasında problemlər müşahidə olunur. 

Ekspertlərin fikrincə, son illər Azərbaycanda iqtidsadi yönümlü peşələrə maraq artıb. Bank işi, menecer, bununla paralel olaraq mühəndislik, xüsusilə informasiya texnologiyaları mühəndisliyi, tibb sahəsində yaxşı ixtisaslaşmış həkimlik ən perspektivli peşələr hesab olunur.
Hümanitar yönümlü peşələr haqda isə təəssüflər olsun ki, bu fikri söyləmək mümkün deyil. Sosioloq, fəlsəfə, beynəlxalq münasibətlər, pedaqogika ixtisaslarına nədənsə maraq azdır. Bu ixtisas üzrə ali məktəb məzunlarının hansısa işə düzəlməsində böyük problemlər ortaya çıxır.
Ümumiyyətlə, peşə seçiminə istər valideynlərin yönləndirməsi, istərsə də müəlimlərin proqramlar hazırlamasında böyük əksikliklər var. Elə sahələr var ki, orada həqiqətən də böyük mütəxəssisə ehtiyac var. Ancaq həmin peşələrə nə abuturiyent gedir, nə də valideynlər övladlarını yönəldir. Bunun obyektiv və subyektiv səbəbləri var. Çünki, cəmiyyət və dövlətdə də bu peşələr lazım olan nüfuzunu qazanmayıb. Bu səbəbdən valideynlər məsələyə praqmatik yanaşaraq daha perspektiv vəd edən peşələr seçirlər. Cəmiyyətdə gələcəyi layihələşdirən, proqramlaşdıran sosial mühəndislərə, idarəetmə mütəxəsissislərə böyük ehtiyac var. Əksinə, sosial problemlər, konfliktlər, ailə münaqişələrin sayı artsa da, bu peşəni ya seçən yoxdur, olsa da əlacsızlıqdan seçirlər.
Mütəxəssislərin fikrincə, peşə seçiminə fərdi və ictimai yanaşma tərzi var. Təəssüf ki, bizdə ictimai yanaşma zəif inkişaf edib. İnsanlar daha çox peşənin fərdi tərəfini nəzərə alırlar ki, bu ixtisası qazanandan sonra özünə necə karyera qura biləcək. Çox az insan idealist olaraq düşünür ki, ölkəm, millətim üçün necə yardımçı ola bilərəm. Bu da peşə seçimində problemli tərəfdir.
Ali məktəbdə təhsil alan gəncin ixtisasına sevgisi yoxdursa, yəni özü seçim etməyibsə, gələcəkdə peşəkar ola bilməz. Çünki öz karyerasını qurmaq istəyən gənclər yiyələndikləri ixtisasa uyğun çalışmayacaqlar, bacardıqları işlə məşğul olacaqlar. Ona görə də gənclərə mütləq seçim tanımaq lazımdır. Peşəsini özü seçən gənc gələcəkdə işinə daha məsuliyyətli yanaşacaq. 
Peşə yönləndirilməsi zamanı psixoloqların yardımından istifadə etmək faydalı olar. Düzdür, yenə də bizim cəmiyyətdə belə yardımın səmərəsi haqda lazımı səviyyədə təsəvvürlər formalaşmayıb. Amma məsələyə elmi-praktiki sıviyyədə yanaşanda bunun faydası aydın görünür.
İndi Azərbaycan böyük logistik mərkəzlərə malik iri beynəlxalq nəqliyyat qovşaqlarına sahibdir. Bu sahə sürətlə inkişaf gedir və özü ilə bərabər geniş ixtisaslar şəbəkəsini yaradır. Bu sahədə bizim kifayət qədər kadrımız yoxdur. Onların hazırlanması vaxt və təcrübə tələb edir. Lakin əsas məsələ heç də bunda yox, bu sahədə işləmək arzusunun olmasıdır. Üstəlik, sahə yeni və beynəlxalq olduğu üçün yüksək hazırlıqlı kadrlara ehtiyac var. Güman etmək olar ki, ölkədə gedən ciddi islahatlar fonunda Təhsil Nazirliyinin yeni rəhbərliyi yeni iş sahələrində işləmək üçün kadr hazırlığının yüksəldilməsinə daha geniş ampluada yanaşacaq.  Xüsusilə, peşə məktəblərində ixtisas çeşidinin və tədrisin keyfiyyətinin artırılması bu işdə həlledici rol oynaya bilər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz