Əlaqə Arxiv
news Image
2018.05.18
09:15
| A A A
Pərakəndə aparılan tikintilərin yaratdığı böyük problem
Rəşad Əliyev: “Bu kimi problemlərin yaşanmaması üçün ilk növbədə nəzarət gücləndirilməlidir” Vüqar Oruc: “Hansı ərazilərdə tikinti işinin aparılmasının mümkün olduğu göstərilməlidir”

"İlkin ehtimala görə, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib. 

O qeyd edib ki, kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən suxurların yuyulmasına təsir edib: "İlkin rəy budur, araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirdən qrunt aşınıb, çöküb". Göründüyü kimi, səbəb pərakəndə aparılan tikintilər göstərilir. Nəzərə alaq ki, ölkənin digər ərazilərində də belə tikintilər var. Odur ki, Bayıl hadisələri fonunda bu prosesin qarşısını alınması mütləqdir. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, burada iki problemi göstərmək olar: “Birincisi, bu cür zonalarda tikinti prosesləri nəzarətə götürməlidir. Nəzərə alaq ki, ölkədə müəyyən zonalar  risk zonaları kimi qeydə alınıb. Həmin ərazilərdə tikinti aparmaq olmaz. İkincisi isə bəzi yerlər riskli zona hesab olunsa da, orada tikinti işləri həyata keçirilib. Əsas risk qrupu məhz onlardır”.
Ekspert əlavə etdi ki, bu kimi problemlərin yaşanmaması üçün ilk növbədə nəzarət gücləndirilməlidir: “Düzdür, ölkə ərazisində risk zonaları müəyyən olunub. Orada məhdudiyyətlər tətbiq olunur. Sadəcə, proseslərə nəzarət daha da gücləndirilməlidir”. 
"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, sürüşməyə yalnız pərakəndə aparılan, icazəsiz tikinti səbəb ola bilməz: “Ancaq bu amil həmin ərazidə sürüşmə baş verdikdə təhlükənin miqyasını artıra bilər. Ona görə də bu tipli ərazilərdə tikinti işləri həyata keçirən zaman xüsusi texnologiyalardan istifadə etmək lazımdır. Orada yeraltı laylar yerləşdirilməlidir. Hansı ki, bu da risk dərəcəsini azaldır. Yəni, torpaq üzərindəki tikililərin müqavimət dərəcəsi yüksəlir. 
Ümumiyyətlə, aidiyyatı qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Tək sürüşmə zonalarında yox, şəhərin hər yerində həyata keçirilən tikililərə nəzarət yüksək səviyyədə olmalıdır. Söhbət bürokratik əngəllərdən getmir. Hansı ərazilərdə tikinti işinin aparılmasının mümkün olduğu göstərilməlidir. Vətəndaş da həmin sənədlərə görə hərəkət etməlidir. Düzdür, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində işlər görülür. Ancaq işlərin sadələşdirilməsi  riskli zonalarda tikintinin baş tutmasına imkan verməməlidir”.
Ekspert əlavə etdi ki, Bayıl zonası sürüşmə zonası elan olunub: “Ancaq problem o formada həll edilməlidir ki, həm insanların yaşayış hüququ pozulmasın, həm də qanunsuz tikililərin qarşısı alınsın. Müvafiq strukturlar bunun qarşısını almaq üçün yetərli addımlar ata bilər. Bu cür yerlərdə tikinti işləri aparılarkən yeraltı laylar vurulmalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz