news Image
2013.04.08
15:51
| A A A
Azərbaycanın bəzi çaylarından daşqınlar keçəcək
Aprel və may aylarının ayrı-ayrı günlərində ölkədəki bəzi çaylardan daşqınların keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda, aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublikanın çaylarında aprel, may və iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın və su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.

Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozuna əsasən, Kür çayından Şəmkir su anbarına axımın normanın 75-94, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 74-102, Araz çayından Araz su anbarına axımın isə normanın 40-60 faizini təşkil edəcəyi gözlənilir.

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 86-123, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında 86-104, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 58-88, Naxçıvan MR çaylarında 35-87, Lənkəran-Astara bölgəsi çaylarında isə 52-84 faizini təşkil edəcəyi gözlənilir.

Gursululuq dövründə, xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda, gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-in (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.