Əlaqə Arxiv
news Image
2018.05.24
12:09
| A A A
Qəbiristanlıqlarda boş əraziləri hasarlamağa icazə verilməyəcək

Bu günlərdə ölkə başçısı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzaladı. Sənədə əsasən, Torpaq Məcəlləsinin 47-ci maddəsinə əlavə edilib. Bu əlavə ilə bundan sonra qəbiristanlıqların altındakı torpaqlar bələdiyyələrin mülkiyyətinə verilib.

Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov qəbiristanlıqların bələdiyyə mülkiyyətinə verilməsinin müsbət addım olduğunu desə də, bəzi bələdiyyələrin ərazisində ümumiyyətlə, qəbiristanlıq olmadığını söyləyir. Onun sözlərinə görə, Rəsulzadə bələdiyyəsinin ərazisində bir qəbiristanlıq belə yoxdur. 
H. Hüseynov билдирир ки, qəbiristanlıqların bələdiyyə mülkiyyətinə verilməsi müsbət haldır: “Qardaş Türkiyədə də məzarlıqlar bələdiyyələrin mülkiyyətindədir. Azərbaycanda qəbiristanlıqların bələdiyyə mülkiyyətinə verilməsi düşünürəm ki, məzarlıqlarda artıq yerlərin əvvəldən götürülməsinin qarşısını ala bilər. İndiyədək qəbiristanlıqların çoxunda yerlər əvvəlcədən tutulurdu. Bir ailə qəbiristanlıqda geniş yer götürərək həmin ərazini hasarlayaraq dünyasını dəyişən ailə üzvlərinin hamısını yaxın-yaxına dəfn edirdi. Qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bu halların qarşısı alınacaq. Əvvəlki kimi qəbiristanlıqlarda boş torpaqların məşğul edilməsinə yol verilməyəcək. Amma burada da bir məsələ var. Bunun üçün gərək bələdiyyələrin balansına yeni boş qəbiristanlıq əraziləri verilsin. Çünki, qeyd etdiyim kimi, qəbiristanlıqların çoxunda boş yer qalmayıb. İnsanlar əvvəldən bir çox yerləri hasarlayaraq alıblar. İndi onların əlindən həmin yerlərin alınması mümkün deyil. Ona görə də, bələdiyyələrə yeni boş qəbiristanlıq əraziləri verilməlidir ki, onlar dünyasını dəyişən insanlara dəfn üçün yeri planlı şəkildə ayırsın. Yəni, əvvəldən torpaq alınması hallarına yol verilməsin”. 


Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva bu qərarın bələdiyyə institutunun inkişafına, daha yaxşı və çoxçaxəli xidmət göstərməsinə imkan yaratdığını söyləyir. Həmsöhbətimiz deyir ki, bir sıra bələdiyyələr xidmət sahələrində olan qəbirstanlqıalara nəzarət edir, rəhbərliyini həyata keçirirlər: “Amma bunu bütün bələdiyyələrə şamil etmək olmaz. Qanun tam mənasında qüvvəyə mindikdən sonra ilk olaraq, sənədləşmə işləri aparılmalıdır. Ondan sonra artıq səmərəli xidmətdən söz açmaq olar. Məsələn, rəhbərlik etdiyim bələdiyyənin ərazisində qəbirstanlıq mövcuddur və sakinlərimiz tərəfindən mütəmadi müraciətlər daxil olur. Bəzən bu müraciətlər təmizliklə bağlı olur ki, tərəfimizdən qəbirstanlıq ərazisində təmizlik işləri həyata keçirilir. 
Həmçinin, bəzən baxırsız ki, imkansız ailədir, rəhmətə gedəni var, müraciət edir, yer istəyir. Amma biz məcburən imtina etməli oluruq, çünki yer vermək bizim səlahiyyətimizə daxil deyil. Həmçinin, qəbirstanlıqların bələdiyyələrin nəzarətinə verilməsi maliyyə imkanlarının da genişlənməsinə gətirib çıxaracaq. Belə ki, bilinən xidmətlər qarşılığında müəyyən olunmuş rüsumlar bələdiyyə büdcəsinə mədaxil ediləcək ki, bu da artım deməkdir. Amma hər bir halda biz sakinlərimizə uzun ömür arzu edirik ki, belə müraciətlərin sayı az olsun”.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz