Əlaqə Arxiv
news Image
2018.06.21
07:00
| A A A
Tikinti materiallarında böyük qiymət artımı
Nüsrət İbrahimov: «Tikinti materiallarının qiymətinində artımın bir neçə səbəbi var» Rövşən Talıbzadə: «Yay aylarında tikinti bazarında canlanmanın müşahidə edilməsi həm taxta, həm də dəmir məmulatlarına tələbatı artırır»

Bazarda əksər tikinti materiallarının qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Ən çox qiymət artımı isə taxta və metal məhsullarının qiymətində maşahidə olunur. Bu barədə «Mövqe» qəzetinə məlumat verən vətəndaş Fəxriyyə Kazımova 15-lik düz döşəmənin qiymətində xeyli bahalaşma müşahidə olunduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, may ayının əvvəlində 27 manata aldığı bir ədəd 15-lik ölçülü düz döşəmənin qiyməti mayın sonuna bahalaşaraq 37 manata çatıb. Hazırda isə bu ölçüdə düz döşəmə tikinti materialları bazarında 50 manatdan baha təklif edilir. İstehlakçı metalların da qiymətində bahalaşma müşahidə olunduğunu söyləyir. Onun sözlərinə görə, dəmir barmaqlıqların hazırlanmasında istifadə olunan dəmirlərin qiymətində 40 qəpik bahalaşma var: “Ötən ay dəmir barmaqlıq üçün bir metrini 80 qəpiyə aldığım dəmirin qiyməti indi bazarda 1 manat 20 qəpikdir. Satıcılar qiymətin bahalaşmasını tələbatın artması ilə əlaqələndirirlər”.

Bənnalar da son bir ayda tikinti materiallarının qiymətində nəzərəçarpacaq artım olduğunu söyləyirlər. Namiq Muradov adlı usta mişar daşının, sementin qiymətinin sabit qalmasına rəğmən, taxta materiallarının, tikintidə istifadə edilən metalların, hətta ev təmirində istifadə edilən kafel-metlaxların qiymətində ciddi artım olduğunu söyləyir: “Bir ay öncə 12 manata satılan kafel-metlaxların bir kvadrat metrinin qiymətində ən azı 4-5 manat məbləğində artım var.  Qiymət artımını səbəbini biz də bilmirik. Amma əvvəlki aylarda alınan tikinti materiallarının qiyməti ilə müqayisədə xeyli artım olduğu danılmazdır. Təcrübəmizdə də bunun şahidi oluruq”.

Əmlak bazarı üzrə ekspertlər də son günlər tikinti materialları bazarlarında tikinti materiallarının qiymətində artım olduğunu təsdiqləyirlər.

«MBA Konsaltinq» şirkətinin rəhbəri, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov tikinti materiallarının qiymətinində artımın bir neçə səbəbinin olduğunu söyləyir: “Bəllidir ki, ölkəmizə taxta materialları əsasən Rusiyadan idxal edilir. Bu aylarda isə, Rusiyada havalar yağışlı keçir. Hava şəraiti yağıntılı olduqda, meşələrdə ağac qırılması çətin olur. Ona görə də, ağac tədarükü dayanır. Düz döşəmələr də taxta istehsalında yaranın kəpəkdən, ağac yonqarından yaranır. Ağac tədarükü dayandıqda, avtomatik olaraq bu, taxta kəpəyindən hazırlanan taxta metriallarının da istehsalını azaldır. Qıtlıq əmələ gəldiyindən bu zaman tələbin artması fonunda təklifin azalması qiymətlərə təsirsiz ötüşmür. Bir səbəb bu ola bilər.

Digər səbəb isə ağac materiallarının ölkəmizə idxalında yaranmış hər hansı problemlər ola bilər. Növbəti aylarda bu problem aradan qalxsa qiymət əvvəlki vəziyyətinə qayıda bilər. Yəni, bu müvəqqəti qiymət artımıdır.

Daha bir səbəb isə havaların isinməsi ilə əlaqədar ölkəmizdə tikinti işlərinin sürətlənməsidir. Hər birimiz bilirik ki, yayda tikintidə canlanma müşahidə olunur. Bu da təbii olaraq tikinti materiallarına tələbatı artırır. Tələb artdıqca qiymətlərdə artım qeydə alınır. Amma bu artım da mövsümi xarakter daşıyır”.

N. İbrahimov ölkədə tikinti materiallarının istehsalına rəğmən tikinti materiallarının qiymətinin artmasını isə belə şərh edir: “Hazırda bazarda qiyməti bahalaşan məhsullar əsasən ölkədə istehsal edilməyən tikinti materiallarıdır. Biz bu gün əsasən idxal edilən tikinti materiallarının qiymətində artım müşahidə edirik. Tikinti materialları arasında bu gün qiymət artımı əsasən taxta-şalban, dəmir və izolyasiya məhsullarında qeydə alınır. Hansı ki, həmin tikinti materialları ölkədə istehsal edilmir. Hansı tikinti materialları ölkədə istehsal edilirsə, biz onun qiymətində artım görmürük. Məsələn, mişar daşının qiyməti, qumun qiyməti əvvəlki illərdəki kimi dəyişməz qalıb. Buna səbəb əvvəlki illərdə bu tikinti məhsullarının qiymətinin sahibkar tərəfindən baha müəyyən edilməsi idi. Beş il bundan öncə sahibkarın mişar daşının istehsalından mənfəəti 100 faiz idi. Bu gün sahibkar mənfəətini azaltmaqla bazarda öz dayanıqlığlığını qorumaq üçün qiyməti sabit saxlayır. Ona görə də, daxildə istehsal edilən tikinti materiallarının qiymətində artım qeydə alınmır. Bu gün bahalaşan əsasən idxal məhsullarıdır”.

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə son vaxtlar tikinti materialları bazarında bahalaşmanın əsasən idxal məhsullarında qeydə alındığnı söyləyir. Onun sözlərinə görə, taxta və düz döşəmə məhsullarının qiymətində artım Rusiya meşələrində ağac kəsimi üçün əlverişsiz şəraitin yaranması ilə bağlıdır: “Bu aylarda Rusiyada aramsız yağışlar meşələrdə bataqlıqların yaranmasına səbəb olur. Belə şərait, ağac kəsimi üçün əlverişsizdir. Ağac materialının taxta materialına çevrilməsində yaranmış durğunluq digər taxta məhsullarının istehsalını zəiflədir. Bu da təbii olaraq taxta yonqarından hazırlanan “dik” “dvp” kimi məhsulların istehsalına təsir edib. Belə şəraitdə həmin məhsulların istehsalının azalması digər ölkələrin bazarlarına da təsirsiz ötüşmür.

Bu gün “dik” “dvp” kimi məhsulların qiymətində artımın bir səbəbi bu ola bilər. Digər səbəb isə mövsümi amildir. Yay aylarında tikinti bazarında canlanmanın müşahidə edilməsi həm taxta, həm də dəmir məmulatlarına tələbatı artırır. Bu gün ölkəmizdə, xüsusilə paytaxtda bir neçə pilot layihə həyata keçirilir. Köhnə binalar sökülərək yerində müasir binalar inşa edilir. Bu avtomatik tikinti  materiallarına, taxtaya, dəmirə tələbatlı dəfələrlə artırır. Nəzərə alsaq ki, tikinti işlərini tikinti aparan şirkətlər yay aylarında daha da sürətləndirirlər, bu da bazara təsirsiz ötüşmür”.

R. Talıbzadə ölkədə metal istehsalının daxili tələbatı ödəyəcək səviyyədə olmadığını bildirir. Onun sözlərinə görə, bu da dəmir məmulatlarının idxaldan asılılığını artırır: “Bu gün dəmir istehsalında, xüsusilə tikintidə geniş yararlandığımız armaturun hazırlanmasında istifadə edilən bir sıra xammal materialları Azərbaycana Rusiyadan, Ukraynadan gətirilir. Bütün bunlar dəmir məhsullarının qiymətinə tələbat artdıqca təsir edir”.

Həmsöhbətimiz yay aylarında fərdi evlərin tikintisinin də sürətləndiyini, bunun da daxili bazarda tikinti materiallarına tələbatı artırdığını bildirir: “Bu gün “Sovetski” adlanan ərazidə, paytaxtın müxtəlif yerlərində köhnə fərdi evlər sökülür. Həmin evlərin sakinləri aldıqları vəsaitlə Bakı ətrafında ev tikməyə üstünlük verirlər. Bu özü də tikinti bazarında canlanma yaradır”.

R. Talıbzadə bildirir ki, taxta məhsullarının, eləcə də dəmirin qiymətində artımın olduğunu onlar da qeydə alıb: “Qış aylarında 15-lik ölçüdə “dik”in qiyməti 24-25 manat idisə, ötən ayın sonuna 35-36 manata təklif olunurdu. Bu kifayət qədər nəzərəçarpacaq artımdır”.

 

Zülfiyyə QULUYEVA          

Sizin Reklam Yeriniz