Əlaqə Arxiv
news Image
2018.06.21
17:35
| A A A
Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Son iclas” bədii-sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.
Təqdimat mərasimində Milli Məclisin deputatı Ağacan Abiyev, rayon İcra Hakimiyyət başçısı yanında Şuranın üzvləri, filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən təqdimatda filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, bu gün təqdim olunan “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Sonra “Son iclas” filminin təqdimatı oldu. Film böyük maraqla izlənildi. 
Filmin nümayişindən sonra Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsəllim Həsənov  çəklişlə bağlı məlumat verərək bildirdi ki, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. 
Təqdimatda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq qeyd etdi ki, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş “Son iclas” bədii-sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. 
Rayon rəhbəri vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi bu mövzu üzrə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilən ikinci sənədli filmdir. Bundan əvvəl çəkilən “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. 2 mart 2016-cı il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Əbədi ezamiyyət” sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib. Sevindirici haldır ki, bu gün də Bakı Media Mərkəzinin “Son iclas” bədii-sənədli filmi rayon ictimaiyyətinə təqdim olundu. 
Rayon rəhbəri xüsusi qeyd etdi ki, bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Müstəqil Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində yeni mərhələ başlanmışdır. Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyimizin qorunmasında möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərir.
Sonda İlqar Abbasov rayon ictimaiyyətinin filmin Yaradıçı heyətinə, Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya minnətdarlığını çatdırdı və yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsəllim Həsənova  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi və YAP Suraxanı Rayon Təşkilatının “Təşəkkürnamə”si, rayonun fəal gənclərinə isə Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda yazılmış kitablar təqdim edildi.

 

Sizin Reklam Yeriniz