Əlaqə Arxiv
news Image
2018.06.25
10:01
| A A A
Videooyunlardan asılılıq Azərbaycanda da yayılır-SOS

Videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da,  videooyunlara aludə olan insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiq olunması, internetin əlçatanlığı isə bu sayı daha da artırır. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib. Məlumata görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur.   Bildirilir ki, oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.
Psixoloqlar da internet oyunlarından uzun müddət istifadənin asılılıq həddinə çatdığını söyləyirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, internetdən asılılığı olan insanlar arasında bu gün psixoloji dəstək alan, eləcə də xəstəxana şəraitində müalicə olunanları da var: “Azərbaycanda da elə insanlar var ki, internet olmayan yerlərdə özlərini çox narahat hiss edirlər. Hətta internet olmayan yerlərə getmirlər. Videooyunlardan asılılıq da narahatçılıq yaradacaq həddədir. Problem ondadır ki, bu oyunlar insan psixikasına təsir edən bir missiyanı həyata keçirdirlər. Elə oyunlar var ki, dini, milli, irqi ayrıseçkilik salır, intihara sürükləyir, aqressivlik yaradır. Bu da stersə, gərginliyə səbəb olur, hətta ailədə münasibətlərin pozulmasına belə gətirib çıxardır. Bu gün Azərbaycanda elə ailələr var ki, bu cür oyunlarda iştirak edir. Tutaq ki, “Ferma” adlı bir oyunda iştirakçılar bir kəndi qoruyurlar. Belə insanlar axşam yatmır ki, həmin sahəni qorusun ki, ora oğru girməsin. Hətta bir neçə dəqiqə vaxt tapan kimi dərhal həmin oyuna daxil olub oyunu davam etdirirlər. Bu artıq həmin insanda videooyuna asılılıq yaratdığını göstərir. Bu cür hallar ailədə də söz-söhbətə səbəb olur. Ailə üzvləri arasında ünsiyyət azalır. Ailədə valideyn övladından, onun problemlərindən bixəbər qalır. Bu gün uşaqların, yeniyetmələrin videooyunlara asılılığı da narahatlıq yaradacaq səviyyədədir. Bu onlarda fikir dağınıqlığına, dərslərə marağın azalmasına səbəb olur”.
Psixoloq uşaqların uzun müddət videooyun oynamasının düzgün olmadığını, bunun fiziki aktivliyi azaltdığını, uşaqlarda aqressivliyə, davranış pozğunluğuna belə gətirib çıxartdığını söyləyir. E. Rüstəmov deyir ki, uşaqların oynadığı videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır: “Bu gün valideynlər də etiraf edir ki, uşaqları internetdən, smartfonlardan tam olaraq uzaq tutmaq mümkün deyil. Ona görə də, uşaqlara günün müxtəlif vatxlarında az müddətdə mobil telefonda oyun oynamağa icazə verilə bilər. Amma nəzərə almaq lazımdır ki, uşaq internetdən ona zərərli olan oyunlara daxil olub oynaya bilər. Bununla da zərərli informasiya ala bilər. Ona görə də, valideyn özü evdə olduğu zaman, nəzarət altında uşağa internetdən istifadə etməyə imkan verməlidir”.
Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz