Əlaqə Arxiv
news Image
2018.07.02
13:49
| A A A
Çimərliklərdə qiymətlər "od tutub yanır"-Müştəri sayı artdıqca qiymət də bahalaşır-REPORTAJ

Ötən gün havanın hərarəti rekord həddə, 43-44 dərəcəyə çatdığından sərinləmək üçün dənizə üz tutanların  sayı da çox idi. Müştəri bolluğunu görən çimərlik sahibləri isə 5 manata təklif etdikləri çətirlərin qiymətini 10 manata, 10 manata təklif etdikləri günlüklərin qiymətini isə 15 qaldırmışdılar. Digər çətirlərlə müqayisədə daha yaxşı görkəmdə olanlarının qiyməti isə 20 manatdan bir qəpik də aşağı deyildi. Dənizlə üzbəüz, ön sırada olan çətirlərin çoxu tutulduğundan müştərilər arxa sıralardakı çətirlərə  belə 10-15 manat vermək məcburiyyətində qalmışdılar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil çimərlik sahiblərinin pula hərisliyini bir qədər də artırmışdı. Çimərliyə üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü.  Müştərilərin isə nə şikayət edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı.  
Çimərliklərdə müştəri bolluğu çətirlərdən başqa menyuya da öz təsirini göstərmişdi. Adi günlərdə 3 manata  təklif edilən bir çaynikin qiyməti 5 manata yüksəlmişdi. Satışda 30 qəpiyə təklif edilən 0,5  litr qazsız suyun qiyməti 70 qəpik, 1 litr suyun qiyməti isə 1 manat 50 qəpiyə satılırdı. Sərin qarpızın, sərinləşdirici rəngli suların, meyvə şirələrinin qiymətində də 1-2 manatadək , bahalaşma vardı. İstehlakçıların “nolovka” adlandırdığı alkoqolsuz pivələrin qiyməti satışdakından 1 manat baha təklif olunurdu. Satışda qiyməti 1 manat 60 qəpiyə satılan alkoqolsuz pivələr çimərliklərdə 2 manat 80 qəpiyə təklif olunurdu. Alkoqollu pivələrin də qiymətində 2 manatadək fərq vardı. Adi günlərdə 5 manata satılan bir pors kababın qiyməti çimərliklərdə elə dünənki hava kimi od tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait...
Havanın isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzlərinə giriş 20 manatdan 25 manata qalxmışdı. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli olduğunu söylədilər: “Adi günlərdə bizim istirahət mərkəzinə giriş 20 manat, həftəsonu isə 25 manat olur”. 
Qeyd edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün bu cür məkanları əlçatmaz edir. Məsələn, “AF Hotel & Aqua Park Complex”ə uşaqlar üçün giriş 15, böyüklər üçün isə 20 manat təşkil edir. Amma bu məkana üz tutan müştərilərə içəriyə heç bir qida gətirməyə icazə verilmir. Hətta adi qazsız su belə 1 litrdən çox olduqda müştərilərin məkana girişinə imkan verilmir. “My Beach” istirahət mərkəzində də uşaqlar üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət mərkəzlərini ölkə vətəndaşları  ilə yanaşı, büdcə turistləri üçün də əlçatmaz edir. Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına ciddi mane törədir. 
Ekspertlər də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu fikrindədirlər. Azərbaycan Turizm Assossasiyasının sədr müavini Müzəffər Ağakərimov deyir ki, ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nı da bu məqsədə xidmət edir. Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”.
M. Ağakərimovun sözlərinə görə, çimərliklərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır: “Çimərliklərə mütləq şəkildə nəzarət edən qurum olmalıdır. Əks halda sizin sadaladığınız problemlər hələ bundan sonra da hər çimərlik mövsümündə təkrar olunacaqdır. Çimərliklərin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Çimərlik sahələrində nə normal çətirlər var, nədəki standartlara cavab verən şərait. Əksər çimərliklərin su-kanalizasiya xətti belə yoxdur. Ayaqyolusu olmayan çimərliklərdə sanitar-gigiyenik tələblərdən danışmaq yersizdir. Belə çimərliklərdə sahibkarlar bir neçə həsir çətir qoyub antisanitar şəraitdə yemək, çay satırlar. Bu cür çimərliklərlə çimərlik turizmini inkişaf etdirmək, xarici turistlər üçün cəlbedici etmək mümkün deyil”.
Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir: “Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə  uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır. Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”.
M. Ağakərimovun sözlərinə görə, çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Mən hər zaman demişəm ki, çimərliklər pulsuz olmalıdır. Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Həsiri tökülmüş, hər tərəfindən gün keçən, dəlik-deşik olmuş çətirlərə,  müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz. Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər. Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər".

 Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz