news Image
2018.07.12
17:23
| A A A
Min bir dərdin dərmanıdır bu yerlər - Masallının İstisuyu

Masallıdan Qəriblər kəndinə yol çox da uzaq deyil. Lakin bu məsafədə sanki fəsil dəyişir. Yayın nəfəstəngidən istisini dağların zirvəsindən əsən mehə palıd və Dəmir ağaclarının çəkib gətirdiyi sərinlik qarışır və qızmar günəşin odunu-atəşini səngidir.

Yaşıllıqlar qoynunda ünvan tapan yaraşıqlı turizm obyektləri bir-birini əvəz etdikcə insan gözləri dincəlir, rahatlıq tapır. Hər ağacın çətiri altında bir kenpinq, rahat şəraiti olan bina bərqərardır.
Dağların köksünü yarıb meşələrin ətrinə bürünüb-bələnən yollar bizi Masallı İstisu Fatimeyi-Zəhra şəfa sanatoriyasına aparır. Son illər bir sıra televiziya verilişlərin çəkilişi üçün obyektə dönən bu müalicə ocağı dağ zirvəsi ilə Viləş çayının birləşməsi üçün canlı körpünü xatırladır. Bu körpü sanatoriyanı təkcə Masallı ilə deyil, eyni zamanda respublikanın digər regionları ilə də birləşdirir.
Bakıdan, Sumqayıtdan, Gəncədən, Cəlilabad, İmişli, Sabirabad, Biləsuvar və Azərbaycanın digər bölgələrindən, Rusiya, başqa xarici ölkələrdən turist kimi, müalicə üçün, sağlamlıq ardınca gələn yüzlərlə insanla qarşılaşırsan. Bu yerlərin cazibəsi möcüzəli təbiətində, termal sularında, yaxşı müalicəsində, xidmətindədir. 
Bir sözlə, insanların gəldiyi, gördüyü, razı qaldığı yerdir...
Bu razılıqları istirahət edənlərin dilindən eşitmək gözlərimiz qarşısında açılan təbiət gözəlliklərinin, yaxşı xidmətin, sanatoriyanın təəssüratının təsdiqinə dönür.
İmişli rayonundan gəlmiş Famil İbişov məktəb direktorudur. Hacı Almuradlı kəndindəki təhsil ocağına rəhbərlik edir. Mətbuata yaxınlığı var. “Qızıl qələm” media mükafatçısıdır. Deyir ki, yay aylarında dincəlmək üçün seçdiyi alternativsiz yer Masallı İstsu Fatimeyi-Zəhra sanatoriyasıdır...
Bura on illər ərzində ailəsi ilə gələn, müalicəsindən, xidmətindən razı qalan, sanatoriyada Masallıdan dostlar tapan, onların xeyir-şərində iştirak edən Famil müəllim təkcə bu məkan haqqında təəssüratlarını deyil, digər fikirlərini də bizimlə böldü. Bildirdi ki, tez-tez rayona gəlir. Son illər Masallının inkişafı onun da fərəh və sevincinə səbəb olub. Deyir ki, indi Masallı bölgənin mərkəzi kimi tanınır.
Addımbaşı rastlaşdığımız, həmsöhbət olduğumuz ixtiyar yaşlı, cəmiyyətdə görüntüsü olan insanlarla dilində səslənən razılıqlar bu yerin yaratdığı ovqata bir ovqat da qatır. Xədicə və Zakir Əliyevlər istirahətdən, xidmətdən, yaradılan şəraitdən razılıq edirlər.Övladları Günelin, Türkanın, Turalın üzlərindəki, baxışlarındakı sevinc bu sözlərin təsdiqi idi.
Sumqayıtdan gələn Məstəli Məstəliyev də söhbətə qoşulur. 
Fizioterapiya otağı qarşısında növbə yaranıb. Cəlilabaddakı Alar kənd orta məktəbinin tarix müəllimi Tahir Əsgərov razılıq bildirdi. Həkim Qafar Şirinovun müalicəsini tərifləyir... Baş həkim Tofiq Şahbazovun, həkim Rauf Qurbanovun xidmətindən də hamı razılıqla danışır.
Sanatoriyanın müəyyən hündürlükdən Viləş çayının sahilinə kimi səpələnmiş otellər, binaları, müalicə korpusları, vannalar, restoranlar, kafelər səliqəli, zəncirvari düzümü xatırladırlar. Enib-qalxma pilləkanlarında günün bütün vaxtlarında insan axını var. Səliqə ilə yaradılmış şəlalədən axan su, geniş hovuz diqqəti cəlb edir. 
Bu gözəllik təbiət haqqındakı şeir parçasını yada salır:
Layla çalan şəlalələr,
Bu dağların anasıdır.
Yeddi rəngli göy qurşağı,
Fatma nənə hanasıdır.
Burada insanların vaxtının kifayət qədər əyləncəli keçməsi üçün o qədər şərait yaradılıb ki... Hər addımdakı əyləncələr, uşaq koruselləri, gün ərzində musiqi sədaları eşidilən çayxanalar, vaxt keçirmək üçün köşklərin canlı guşələrdə dovşanlara baxış, maraqlananları at üstündə, ulaq üstündə gəzintiləri...
Masallının bağ və bostanlarında yetişdirilən meyvələr, tərəvəzlər, süddən, qatıqdan tutmuş nehrə yağına, bala kimi burada satılır. Sanatoriyada saxlanılan toyuqların qəfəsindən kənd yumurtaları götürülüb satılır... Kəkotu, giləmərzə , nanə, itburnu, çobanyastığı, insan orqanizmi üçün faydalı olan qurudulmuş meyvələr və onlarca digər otlar, ədviyyatlar məmnunluqla alınır. Piti bərniləri, səhənglər, bardaqlar, gül qabları, sənətkarların, bacarıqlı əl sahiblərinin hazırladıqları palçıq və gildən olan əşyalar Masallı suvenirləri kimi alınıb, ən dəyərli sovqat təki digər rayonlara aparılır.
Sanatoriyanın ən böyük özəlliyi onlarca xəstəliyin müalicəsi, insanların sağlamlığının qorunmasıdır. Əsəb, yuxusuzluq, baş ağrısı, revmatizm, radikulit, oynaq ağrıları, ostroxondroz, miqren, bel və boyun, onurğa xəstəlikləri... Bir sözlə, siqareti tərgitmək, gidmək vərdişlərinin aşılanmasından qan dövranını yaxşılaşdırmağa, yüngülləşdirməyə qədər...
Masajlar, su vannaları, hovuzlar, fizioterapevtindən xoş ovqata kimi... Pilləkanları qalxıb düşmək, çayın içində qoyulan oturacaqlarda oturub sulara tamaşa etmək, balıqların min cür oyununa baxmaq insanın əsəblərini dincəldir, ruhunu sakitləşdirir.
Sanatoriyada sahibkar İldırım Allahyarovun təşkilatçılığı həmişə diqqət çəkir. Civə kimi bir yerdə durmayan, gün ərzində istirahətçilərlə əlaqə yaradıb onların ehtiyac və problemlərindən xəbər tutan bu insan sanatoriyada xidməti rəylərə, təkliflərə uyğun qurur.
Görüş vaxtı ölkəmizdə sahibkarlığa yaradılan şəraitdən, iş adamlarına qayğıdan danışdı. Dedi ki, uğurlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına böyük dəstəyinin nəticəsidir. Bu yaxınlarda möhtərəm Prezidentimizin sərəncamı ilə Turizm Agentliyinin yaradılması işimizi daha da canlandırmışdır. Masallıda da iş adamlarının yolunda yaşıl işıq var. Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun turizm işinin canlandırılmasına yönələn, Masallının turizm məkanı kimi tanınması istiqamətində tədbirləri qolumuza qüvvət verir... Rayon rəhbərinin Masallının mərkəzində yaratdığı yeniliklər, sanatoriyada da bu və ya digər aspektdə davam edir.
Neçə onilliklər ərzində şəfalı suları ilə diqqəti cəlb edən, müalicə məqsədilə Azərbaycanın bütün bölgələrindən, xaricdən gələnlərin istirahət və müalicəsi üçün mühüm əhəmiyyət kəsb edən Masallı istisu şəfa sanatoriyası bu gün yeni görüntüdə, təzə təravətdə cilvələnib. Bu həm də kütləvi mədəniyyət tədbirlərinin keçirilməsi, mənəvi dəyər ortaqlığı yaratması üçün münasib yerdir. Elə ona görə də istirahət edənlər günləri maraqla keçrir, yaşadıqları yerlərə ürəyidolu, xoş ovqatda qayıdırlar.

Əlihüseyn ŞÜKÜROV

Rəsul RZAYEV

Həsənağa ƏLİYEV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs