news Image
2018.07.13
10:36
| A A A
Xalçaçılıq yunçuluqda böhrana son qoyur
Qadir Bayramlı: “Yunun keyfiyyət dərəcələri obyektiv şəkildə müəyyən edilməli və istehsalçılara sərfəli qiymətlərlə satış imkanları təmin edilməlidir” Vahid Məhərrəmov: “Əgər yundan nəsə istehsal edilməyəcəksə, fermerlər yunçuluğun inkişafında maraqlı olmayacaqlar”

"Bu il 10 xalça fabriki istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu fabriklərdən ikisinin açılışı baş tutub. İlin sonuna qədər daha 8 xalça fabriki istifadəyə veriləcək". Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransında çıxışında bildirib. Onun sözlərinə görə, ötən il 10 xalça fabriki istifadəyə verilib: “Növbəti 2019-cu ildə də 10 xalça fabriki açılmaqla, ölkədə xalçaçılıq sahəsində fəaliyyət göstərən fabriklərin sayı 30-a çatdırılacaq”.

Mütəxəssislər bildirirlər ki, xalça istehsalının artımı yun tədarükünün artımını şərtləndirir. Bu isə yunçuluğun inkişaf etdirilməsindən keçir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, yun istehsalı Azərbaycanın ənənəvi sahələrindəm biridir: “1980-ci ilin əvvəllərində 11 min ton olan yun istehalı 1990-cı ilin əvvəllərində bir qədər azalsa da, 1998-ci il ildən başlayaraq, 10 min tonun üzərinə çıxa bildi. Son illərdə  isə artıq 16 min ton civarındadır. Amma bu rəqəm ölkənin potensialına görə xeyli azdır. Qoyunculuğa diqqət artırılarsa, istehsalda intensiv təsərrüfat üsulları və müasir metodlar istifadə edilərsə, yun istehsalına müsbət təsirini göstərəcək. Yunluqda qoyunçuluğun inkişafı üçün məhsuldar qoyun cinslərinin yetişdirilməsi, yem bazasının möhkəmləndirilməsi, təşviq proqramlarının artırılması kimi işlərin sistemli, planlı aparılması zəruridir. 
Yunun keyfiyyətli olması üçün yun qırxımı zamanında aparılmalı, saxlanma qaydalarına əməl edilməli, yunun ilkin emalı müasir texnologiya ilə təchiz edilmiş müəssisələrdə həyata keçirilməlidir. Bu  sahədə ən əhəmiyyətli məsələlərdən  biri yun satışıdır. Yunun keyfiyyət dərəcələri obyektiv şəkildə müəyyən edilməli və  istehsalçılara sərfəli qiymətlərlə satış imkanları təmin edilməlidir”.
Ekspert əlavə etdi ki, ölkədə yun emalı müəssisələrinin sayının artırılması, yun-iplik və hazır geyim istehsalının genişləndirilməsi  gəlirlərin artmasını təmin edə bilər: “Çünki işlənmiş məhsulların satışı xam yun satışından daha çox gəlir gətirir. Digər tərəfdən yeni yun emalı müəssisələrinin açılması həm yeni iş yerlərinin açılması, həm də ölkənin yundan hazırlanmış keyfiyyətli geyim əşyaları ilə təmin edilməsi baxımından əhəmiyyətlidir. Ölkəyə cəlb edilən xarici sərmayənin bir qisminin yun sənayesinə yönəldilməsi bu sahənin inkişafına öz töhfəsini verə bilər”.
Aqrar ekspert Vahid Məhərrəmov bildirdi ki, hazırda ölkədə lazım olan qədər yun istehsal edilmir: “Nəzərə alaq ki, Azərbaycanda heyvanlar universal cinslərdir. Bunlar da əsasən ətlik istiqamətdə istifadə olunur. Fermerlər məhz heyvandarlıqdan o məqsədlə istifadə edirlər ki, ət satıb gəlir qazansınlar. Hətta dərisinə belə bir o qədər dəyər vermirlər. Çünki ölkədə dəridən son məhsul istehsal edən müəssisələr çox azdır”.
Ekspert əlavə etdi ki, yunçuluğu inkişaf etdirmək üçün ölkəyə xüsusi qoyun cinsləri olan merinos cinsləri gətirilməlidir: “Çünki bu gün dünya bazarında ən çox tələb olunan məhz həmin yundur. Amma həmin cinslərin də hamısından yaxşı yun alınmır. Bunun üçün müəyyən növləri var. Lakin qoyunçuluğun hansı məqsədlə inkişafı önəmli məsələdir. Belə ki, əsasən ətlik istiqamətdə qoyunçuluğu inkişaf etdirmək daha məqsədəuyğun olardı.  Ona görə ki, ölkədə qoyun ətinə tələb var. İkincisi də yetərincə qoyun əti yoxdur. Daxili ttələbatın 38 faizini ödəyə bilirik. Yəni, əsasən bu sahəyə önəm verilməli, ətlik istiqamətdə yeni cins qoyunlar yetişdirilməlidir. Ət istehsalının artımında onlardan istifadə olunmalıdır. Amma yun istehsalından əvvəl onun üçün son məhsulu fikirləşmək lazımdır. Yunun emal olunması vacib şərtdir. Əgər yundan nəsə istehsal edilməyəcəksə, fermerlər yunçuluğun inkişafında maraqlı olmayacaqlar”.
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs