Əlaqə Arxiv
news Image
2018.07.17
10:43
| A A A
Ekologiyaya qənim kəsilənlər
Vüqar Bayramov: “Pikniklərin təşkilinə bələdiyyələr məsul ola bilər” Natiq Cəfərli: “İctimai qınaq insanların davranış qaydalarını dəyişmək gücündədir”

Araşdıramlar göstərir ki, bir sıra istirahət mərkəzləri ekologiyaya qənim kəsilib. Onlar ətraf mühiti sürətlə çirkləndirirlər. Bunu xüsusən də regionlarda müşahidə etmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, problemin həlli yolunda yalnız cərimələr yetərli deyil. Belə ki, maarifləndirici tədbirlərin daha effektiv olacağını düşünürlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, əvvəlki illərdə piknik edib zibilləri orada buraxanlar daha çox idi: “Ancaq son illər ətraf mühitə ziyan vuranların sayında azalma var. Müşahidələr göstərir ki, yalnız yerli vətəndaşlar yox, bəzi turizm obyektləri də ekologiyaya ziyan vururlar. Ona görə də ilk növbədə inzibati metodlardan istifadə edilməsinə ehtiyac var. Xüsusən cərimələr tətbiq edilməli və bunun icrası prosesinə nəzarət gücləndirilməlidir. 
Bundan  başqa, maarifləndirici tədbirlər vacibdir. Məsələn, ABŞ kimi ölkənin təcrübəsi göstərir ki, bu işdə maarifləndirci tədbirlər daha effektivdir. İkincisi, ABŞ-da pikniklərin təşkili ilə yerli icra orqanları – bələdiyyələr məşğul olurlar. Ölkəmizdə bu model tətbiq edilə bilər. Yəni, pikniklərin təşkilinə bələdiyyələr məsul ola bilər. Bəzi Avropa ölkələrində isə piknikin hazırlanmasına özəl sektorlar cəlb edilir. Azərbaycanda da bu təcrübədən istifadə olunması mümkündür. Amma bu işdə ilk növbədə qiymətlərin optimallaşması vacibdir. Monitorinqlər göstərir ki, özəl sektorun turistləri cəlb etdiyi bölgələrdə yüksək qiymətlər var. Özəl sektor optimal qiymətlərlə prosesə cəlb olunmalıdır. Əgər bütün bunlar həyata keçirilərsə, nəticə etibarı ilə ətraf mühitə vurulan ziyanın qarşısının alınmasına gətirib çıxara bilər”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu məsələdə  iki yanşama effetiv ola bilər: “Bunlardan birincisi, inzabiti yolla – cərimələrlə insanları bu əməldən çəkindirməkdir. Hansı ki, dünyanın bütün ölkələrində bu üsuldan istifadə olunur. 
İkinci yol isə təşviq, maarifləndirmədir. Yəni, sosial çarxlar çəkilməsi, kütləvi informasiya vasitələrində müzakirələrin olması vacibdir ki, insanlar ekologiyaya vurulan ziyanın gələcəyə vurulan ziyanın olduğunu anlasınlar. Bu da effektiv, ictimai qınağı yaradabiləcək yollardan biridir. Ümumiyyətlə, ictimai qınaq daha effektiv işləyir. Nəzərə alaq ki, dövlətin nəzarət orqanı hamıya, hər yerdə nəzarət etmək iqtidarında deyil. Lakin ictimai qınaq insanların davranış qaydalarını dəyişmək gücündədir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz