Əlaqə Arxiv
news Image
2018.07.17
09:50
| A A A
Ermənistanda siyasi və iqtisadi qeyri sabitlik davam edir
Əhalinin etirazları səngimək bilmir, çünki ölkənin “başın tutursa ayağı sürüşür, ayağın tutursan başı gicəllənir”

Bu günlər Ermənistanda əhalinin etirazları davam edir və getdikcə genişlənir. Çünki, məhvəri olmayan ölkəni idarə etmək də çətindir, əhalini sakitləşdirmək də. İqtisadiyyat bərbad vəziyyətdədir, iş yerləri kəskin şəkildə çatışmır, yenilərini isə yaratmağa imkan yoxdur. Həmişə olduğu kimi camaat gözünü dikib diasporun və xarici ianəverənlərin əlinə, amma onlar da indi üz döndəriblər. Ona görə ki, yorulublar. Bu ölkəyə pul bağışlamağın əhəmiyyəti yoxdur. Verdikcə, yenə istəyir və sonda tələb etməyə başlayır, sanki xaricdəkilərin və xaricilərin bunlara borcu var. Hakimiyyət mənsubları o qədər verilən ianələri oğurlayıb yaxud səmərəsiz şəkildə istifadə ediblər ki, daha heç kim onların ah-naləsinə inanmır. Xalq isə iş və çörək tələb edir. 

Bütün sahələrdə korrupsiyanın yığışdırılması, iş yerlərinin açılması tələbilə küçələrdən əl çəkməyən etirazçıların gücünü baş verən nöqsanlar daha da artırır. Bu günlərdə Vanadzor şəhərinin “Taronner” adlı ərazisinin enerji sistemində güclü partlayış baş verib. Erməni mətbuatı yazır ki, partlayış "Taron-2" rayonu ilə qonşuluqda, dağlıq ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyində baş verib. Hazırda həmin ərazidə və ətraf rayonlarda işıqlar sönüb. İlkin ehtimala görə, işıq dirəyində qısaqapanma baş verib. Sakinlərin sözlərinə görə, belə hadisələr hər dəfə yağışlar yağanda baş verir. Çünki, dirəklər və avadanlıq köhnədir, “nuh əyyamından qalıb” və bu səbəbdən tez-tez qəzalar baş verir, dəyişməyə və yeniləməyə isə vəsait yoxdur. 
Uzun illər erməni xalqını öz fırıldaqçı fəaliyyəti ilə aldatmış Erməni apostol kilsəsinin katolikosu II Qaregin əleyhinə mitinqlər yenidən alovlanıb. “Novosti Armeniya” saytı rahibin mətbuat katibi Vaqram Melikyana istinadla məlumat yayıb ki, etirazçılar Qndevanka getməyə çalışan ermənilərin katolikosu II Qareginin kortejini mühasirəyə alıb: “Hazırda avtomobil mühasirəyə alınıb, Qndevanka gedən yol maşınlar və daşla kəsilib. Etiraz edənlər təhdid edirlər”. Onun sözlərinə görə, dini lider təhlükə qarşısındadır. Etirazçılar onun fəaliyyətini din xadiminin səlahiyyətlərindən kənar olduğu və inanclılara mənəvi əzaqb verdiyinə görə istefasını tələb edirlər. 
Bu arada hökumət etirazların səviyyəsini zəiflətmək üçün bəzi aldadıcı hərəkətlər edir. “Aykakan jamanak” qəzeti yazır ki, baş nazirin qərarı ilə səhiyyədə birinci manqa əməkdaşlarının maaşları avqustun birindən artırılacaq. Terapevtlərin məvacibləri xidmət etdikləri əhali sayına görə müəyyənləşəcək. Məsələn, həkimlərdən biri deyir ki, o, 1600 nəfər üçün işləyir. Lakin aldığı əmək haqqı heç ayın yarısını da görmür. Adını bildirmək istəmən həmin həkim nazirə “sağ ol” desə də, 15 faizlik artımın bir işə yaramayacağını da bildirməyi unutmur. Onun dediyinə görə, ümumiyyətlə indiki əmək haqqı sistemi heç cür real vəziyyətlə uyuşmur. Həkimlər maaşlarını 10 dram (0,025 dollar) artırmaq üçün pasiyentlərin arxasınca qaçıb onların sayını çoxaltmaqla məşğuldurlar ki, maaşlarını ala bilsinlər. Ən yaxşı variant vəzifə maaşlarının müəyyən edilməsidir. 
İndi hökumət çıxılmaz vəziyyətdədir. Çünki, əmək haqqı siyasəti əhalini qəzəbləndirir. Bu siyasəti dəyişmək üçünsə hökumətin əlində resurslar yoxdur. Vəziyyətin düzələcəyinə də ümid qalmayıb. Baş nazir Paşinyan Brüssel səfərində kimlərdənsə vəsait almağa ümid edirdi, amma o da puç olub və o, İrəvana “əli ətəyindən uzun qayıdıb”. İndi onun daha nəyə ümid etdiyi naməlumdur. Görünür buna görə səsi çıxmır. Ancaq dövlətin daha dərin bataqlığa qərq olması səbəbindən etirazçıların səsi getdikcə güclənir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz