Əlaqə Arxiv
news Image
2018.07.20
11:34
| A A A
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin ölkənin aparıcı media orqanlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Movqe.az-ın məlumatına görə,  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb. Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirib ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytarıb: " "Əkinçi" qəzeti iki il fəaliyyət göstərdi. Bu iki ildə Azərbaycan xalqının həyata keçirəcəyi bütün məsələlərin əsasını qoydu. "Əkinçi" qəzeti xalqa yol göstərdi, milli şüurumuzu ayıltdı, milli kimliyimizi bizə göstərdi. "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Azərbaycanın imicinin formalaşdırılmasında bu gün mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Azərbaycan jurnalistikası həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür: ""O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib. Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, müstəqil qəzetləri olsun, insanlar maariflənsinlər. Həsən bəy xeyirxah, maarifçi şəxsiyyət idi. Onun istəyi gənclərin, xalqın maariflənməsi id.  Bu gün bizim müstəqil, güclü dövlətimiz, müstəqil mediamız var. Azərbaycanda təhsil inkişaf edir. Bu gün biz fəxr edirik ki, Azərbaycan gəncləri xarici ölkələrdəki bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb Vətənə dönürlər. Əlbəttə, Həsən bəyin də istədiyi bunlar idi. Bu gün mediamıza dövlət qayğısı var. Siz də bilirsiniz ki, Həsən bəy nə qiymətli əşyaları vardısa, sataraq qəzetinin çapına yönəltmişdi. Sonda maliyyə çətinliyi üzündən qəzet bağlandı. Bu gün isə qəzetlərimizə dövlət dəstəyi var. Çap mediasının üzərini qara buludlar alsa da,dövlətimiz, onun başçısı cənab İlham Əliyevin qayğısı mediamızın üzərindədir. Bu gün biz o qayğını hiss edirik. Həsən bəyin ideyaları artıq həyata keçib".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz