Əlaqə Arxiv
news Image
2018.07.21
09:30
| A A A
Qeyri-neft sektorunda mühüm nailiyyətlər
Ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi aqrar sahənin inkişafını sürətləndirir

Müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi yeni texnologiyalı istehsal sahələrinin yaradılmasını tələb edir. Çünki, əhali artımı ilə məhsuldarlığın artımının uzlaşması labüddür, əks halda ərzaq təhlükəsizliyi heç zaman bərqərar ola bilməz. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı sahəsində apardığı islahatlar istiqamətində aqrar sahəyə daha diqqətlə yanaşır, kəndli-fermer təsərrüfatları ilə yanaşı iri aqroparkların yaradılmasını təşviq edir. Hazırda ölkədə  4 aqropark fəaliyyət göstərir. İlin sonuna qədər daha on dörd aqropark istifadəyə veriləcək. Bu cür iri fermer təsərrüfatlarının qısa təcrübəsi göstərir ki, istehsalın təmərküzləşməsi yeni texnologiyaların tətbiqinə gözəl mühit yaradır və məhsuldarlığın artırılmasına imkan verir. Çünki, əməyin planlaşdırılması, texnikanın tətbiqi daha da asanlaşır. Bitkiçiliklə məşğul olan aqroparklarda məhsuldarlıq yüksək səviyyəyə qalxıb. Məsələn, taxılçılıqda hər hektardan minimum 50 sentner məhxul əldə edilir. Halbuki kalxoz-savxoz dövründə bu göstərici Azərbaycanda ortalama 17-18 sentner, ən yaxşı halda 25-30 sentner idi. 

İslahatlar davam edir. İndiyədək dövlət aqroparkların yaradılmasına milyonlarla dollar investisiya yatırıb. Yalnız infrastruktur layihələrinə 200 milyon manatdan çox sərmayə qoyulub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Ümumilikdə, ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq.
Hökumətin qeyri-neft sektoruna göstərdiyi prioritet münasibət bəhrəsini verir və nəticələr ildən-ilə yüksəlir. Bu ilin altı ayı ərzində ümumi daxili məhsul 1,3 faiz artıb. Qeyri-neft sektorunda artım isə 2 faiz olub. Ümumilikdə, sənaye istehsalı 1 faiz artsa da, qeyri–neft sənayesi 8,8 faiz çoxalıb. Göründüyü kimi, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək hədər getmir. Ərzaq təhlükəsizliyi proqramının təmin olunmasında sanballı addımlar atılır. Belə ki, kənd təsərrüfatı 7,6 faiz artıb ki, bunun da içərisində bitkiçilik 14 faiz təşkil edir.
İş öz ahəngi ilə gedir. Yeni təsərrüfatlar əməmlə gəlir, torpaqda işləyənlərin sayı artır. Hökumətin səyi ilə mütərəqqi metodların tətbiqi və təsərrüfatların özlərinin infrastrukturu yaxşılaşdırılır. Hökumətin proqramında 100 min hektar yeni torpaqları suvarılan əkin sahəsinə çevirmək üçün 300 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bunlardan 175-i artıq qazılıb istifadəyə verilib.
Son illərdə kənd təsərrüfatının inkişafı istiqamətində texnika parkı tamamilə yenilənib. Bu gün tarlalarda və zəmilərdə dünyanın aparıcı şirkətlərinin texnikası işləyir. Keçən il 10 min vahid texnika alınıb. Bu ilin sonuna qədər 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Kənd təsərrüfatı texnikasının böyük bazası yaradılsa da, onların alınması davam etdiriləcək.  
Artıq Azərbaycanın ixrac məhsullarının sırasında qeyri-neft məhsullarının çeşidi xeyli genişlənib. Ərzaq məhsulları bu sırada öz dadı və keyfiyyəti ilə seçilir. 
Bu yaxınlarda yaradılmış Qida Təhlükəsizliyi Agentliyi həm Azərbaycana gətirilən ərzaq məhsullarının standartlara uyğunluğuna, həm də Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğunluğuna nəzarət edəcək.  
N.NOVRUZ

Sizin Reklam Yeriniz