Əlaqə Arxiv
news Image
2018.08.14
17:22
| A A A
"Nar" 700 bal toplayan abituriyentləri belə qiymətləndirdi-Bahalı smartfon, mobil internet və zənglər üçün ödənişsiz balans... Fotolar

Valideynlərinin gözündən qürur, özlərinin üzündən isə sevinc hissi yağırdı. Axı minlərlə həmyaşıdları içərisində seçildikləri üçün yenidən başını uca edəcəkdilər valideynlərinin...Özləri isə çəkdikləri əziyyətin hədər getməməsinin sevincini bu gün bir daha, təkrar  yaşayacaqdılar. Yəqin ki, söhbətin bu ilin rekordçularından, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə toplayan abituriyentlərdən getdiyini bildiniz...
“Nar”ın bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin hamısını bir yerə toplayacağı xəbərini eşidəndə biz də tənbəllik eləməyib yollandıq tədbirin baş tutacağı ünvana. Bu tədbir bizə həm ali məktəblərə qəbul imtahanlarında maksimal bal toplayanlarla, həm də onların valideynləri ilə canlı söhbət etmək imkanı verdiyindən, fürsəti qaçırmayıb başladıq işimizə...


İlk həmsöhbətim isə elə öz həmyerlim oldu. Şirin Şəki ləhcəli həmsöhbətim Nərmin İsmayılova 3-cü qrupa imtahan verərək maksimum bal toplayıb.  Ali məktəbə qəbul olmaq, həm də yüksək nəticə göstərməyin repetitor yanına getmədən mümkün olmadığını düşünənlər çox olsa da, Nərmin öz nəticəsi ilə bunu sübut edib. Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova ali məktəblərə qəbul imtahanlarına elə öz təhsil aldığı məktəbdə müəllimlərin köməyi ilə hazırlaşıb: “Əlavə repetitor yanına getmədən bu nəticəyə nail oldum. Sadəcə son iki ildə daha çox çalışdım. Oxuduğum məktəbi maksimum nəticə ilə bitirdiyim üçün, fərqlənmə atestatı aldım. İlin əvvəlində məqsədim əslində 690 bal toplamaq idi. Lakin birinci imtahandan sonra gördüm ki, mən 700-ə xeyli yaxınlaşmışam.  Fikirləşdim ki, 700 bal niyə də toplamayım? Bu məqsədi qarşıma qoyub daha dərindən hazırlaşdım və istəyimə nail oldum”.
Nərmin deyir ki, 700 bal toplamaq üçün bütün günü oxumaq yox, günün bir hissəsini istirahət edib digər hissəsini oxumağa sərf etmək daha yaxşıdır: “Gündə 7-8 saat oxumağa vaxt sərf edirdim. Müəllimlərim də mənim yüksək bal toplayacağıma inamlı idilər. Öncə müəllimlərimin, daha sonra valideynlərimin arzusunu reallaşdırdım”.
Nərminin atası Etibar İsmayılov da qızı ilə fəxr etdiyini söyləyir. İki qız atası olan E. İsmayılov bu sevinci yaşatdığına görə, Nərminə minnətdar olduğunu da dilə gətirdi: “Nərmin həm müəllimlərinin, həm özünün, həmçinin də valideynlərinin zəhmətini itirmədi. Hər kəsə valideynlərinin başını uca edən belə xeyirli övlad arzu edirəm”. 
Nərmin bu günki tədbirə qatılmaq üçün ona gələn dəvətdən də danışdı: “Bizə zəng edərək 700 bal toplayan abituriyentlərə həsr olunmuş tədbir keçiriləcəyini söylədilər. Bu günki tədbirdə “Nar” tərəfindən rekordçu olaraq mənim də hədiyyə ilə mükafatlandırılacağım gözlənilir. Bu diqqətə görə, tədbiri təşkil edən, dəstək verən hər kəsə minnətdaram”.


700 bal toplayan Göyçay rayonu Ləkçiplaq kənd 1 saylı tam orta məktəbinin məzunu Şəkər Qədirli isə Modern.az saytının və  “Nar”ın təşkilatçılığı ilə keçirilən bu tədbirə anası və bacısı ilə birgə qatılmışdı. I ixtisas qrupu üzrə imtahan verən Şəkər birinci imtahanda xarici dildə kodlaşdırmada və fizikadan bir sualda səhv etdiyi üçün 685 bal toplasa da, ikinci imtahanda ona olan ümidləri tam doğruldub. Kənd orta məktəbində orta təhsilini əla qiymətlərlə başa vuran Şəkər Baki Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi fakültəsini seçdiyini söyləyir.
Müsahibim bu nəticəni göstərmək üçün hazırlıq kursu keçdiyini söyləsə də, orta məktəbdə aldığı biliklərin onun üçün əsas baza rolu oynadığını söylədi. Şəkərlə söhbət əsnasında öyrəndik ki, o, ailənin ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən tək üzvü deyil. Sən demə, Şəkərin bacısı da Gülər Qədirli də yüksək balla (677 bal) ali məktəbə qəbul olub və hazırda Bakı Ali Neft Məktəbində təhsil alır: “Hər kəsə zəhmətinin bəhrəsini görməyi arzulayıram. Bu sözlə ifadə edilməyəcək bir hissdir. Ali məktəbə qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərə diqqəti də çox vacib hesab edirəm. Bu gün bizim bu tədbirə dəvət edilməyimiz təkcə bizim üçün stimul deyil. “Nar”ın bu diqqəti növbəti qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də bir stimuldur. Onlar görürlər ki, biz yüksək nəticəmizə görə seçilirik, mükafatlar alırıq. Bundan gələcəkdə imtahan verəcək məzunların həvəslənəcəyi şübhəsizdir. Bu diqqətə görə, mən də tədbirin təşkilatçılarına minnətdaram”.
Şəkərin anası Kifayət Abdullayevanın da sevinci köksünə sığmırdı. Deyir, həm Şəkərin anası, həm də müəlliməsi kimi arzusuna çatıb: “Özüm Şəkərin fransız dili müəlliməsi olmuşam. Qızımdan bu yüksək nəticəni gözləyirdim. İki il daha çox hazırlaşsa da, orta məktəbi birinci sinifdən əla qiymətlərlə oxuyub. Bu gün də həm özü, həm də biz bunun sevincini yaşayırıq. Mən bir müəllimə kimi, yüksək bal toplayan bu abituriyentlərə “Nar”ın qayğısını yüksək qiymətləndirirəm. Narın Vətəni olan Göyçayda ətrafımız, qohum-əqraba “Nar”ın 700 bal toplayan abituriyentlərə diqqətini təqdir edir”.
Kifayət Abdullayeva kənd yerində iş çox olsa da, qızlarının üzərinə düşən işi də özü gördüyünü söyləyir: “Yüksək nəticə üçün məktəb-şagird-valideyn üçlüyü olmalıdır. Mən qızlara iş görmək əvəzinə həmişə kitab oxumağı məsləhət görmüşəm. Həyət-bacada iş çox olsa da, onların da işini özüm görmüşəm ki, vaxtlarını dərs oxumağa sərf etsinlər. Hər kəs əziyyətinin bəhrəsini gec-tez görür. Bu qızların uğuru mənim zəhmətimin bəhrəsidir”. 
Amma Kifayət ana bundan sonra övladlarının üzərində daha böyük məsuliyyət olduğunu söyləyir: “Bu uğurun başlanğıcıdır. Ən böyük gözləntim, ali məktəbi də yüksək nəticə ilə başa vurmalarıdır”. 
Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Məmmədli Selcan da bu gün “Nar”ın tədbirinə dəvətlilər sırasında idi. Atası Mahir müəllimlə tədbirə qatılan Selcan yüksək nəticə qazanmasında təhsil aldığı məktəbin böyük rolu olduğunu deyir: “Birinci imtahanda 676 bal toplasam da, iyulun 26-da təşkil edilən ikinci imtahanda 700 bal nəticə göstərdim”.


 Selcan deyir ki, Gəncə şəhərindən 700 bal toplayan yeganə abituriyent olması onu da, ailəsini də qürurlandırır. İki il hazırlaşdığını söyləyən Selcan ADA Universitetində hüquq ixtisası üzrə pulsuz təhsil alacağına görə çox sevincli olduğunu gizlətmədi: “Amma bu üzərimə çox böyük məsuliyyət qoyur. Pulsuz təhsilimi davam etdirmək üçün ali məktəbdə də əla oxumalıyam” deyir Selcan...
Selcanın atası, hazırda Aqrar Universitetin dosenti olan Mahil Məmmədovla söhbət əsnasında isə uğurlu, savadlı övlad yetişdirməyin, resseptini öyrənməyə çalışdıq: “Bunun xüsusi bir ressepti yoxdur. Mən deyərdim ki,bu valideyndən çox, uşaqdan asılıdır. Uşaq təhsilə meyilli olmalıdır. Amma sözsüz ki, valideyn də tələbkar olmalıdır. Qeyd edim ki, qızımın uğurları hələ çox kiçik yaşlarından, bağça illərdən başlayıb. İngilis dili təmayüllü bağçaya gedən Selcan erkən yaşlarından xarici dildə sərbəst danışmağı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Sonrakı illərdə də elmə, təhsilə həvəsli olan Selcan orta məktəbi əla qiymətlərlə oxuyub. Qızımın təhsilə marağını hiss edən valideyn kimi övladımın yaxşı təhsil alması üçün ona həmişə mənəvi dəstək olmuşam”.
700 bal toplayan tələbələr, onların valideynləri ilə söhbət üçün “Nar”ın yaratdığı fürsətdən maksimum yararlanmağa çalışırdıq. Amma 700 bal toplayan abituriyentlərlə görüş üçün təşkil olunan tədbir də başlamaq üzrə idi. Elə digər rekordçu ilə söhbətimizi də tədbirin başlanması üçün müəyyən olunmuş vaxt çatdığı üçün yarımçıq saxlamalı olduq. 
AzEdu.az Azərbaycan Təhsil Portalının, Modern.az İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə baş tutan tədbirdə  700 bal toplayan abituriyentlərin görüşünə millət vəkilləri, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri də gəlmişdi. Tədbirdə qeyd edildi ki, hər il keçirilən və artıq ənənə şəklini alan bu cür tədbirlərin məqsədi təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, onların  gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olaraq, aşılamaqdır.  “Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırıldı. İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif  bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edildi. İştirakçılardan millət vəkili Mahir Abbaszadə tədbirin əhəmiyyəti barədə söz açaraq bildirdi ki, bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının, diqqətin çoxluğundan irəli gələn məsələdir: “Sizlər təhsilin qəhrəmanlarısınız. Bu uğurlarınızı davam etdirməyi və gələcəkdə də qəhrəman olaraq qalmağı sizə arzu edirəm”.
AzEdu.az və Modern.az saytının baş direktoru Elşad Eyvazlı tədbirdə iştirak edən qonaqları salamlayaraq maksimum nəticə göstərən abituriyentləri təbrik edib:  “Modern.az  və Nar Mobile-ın təşkilatçılığı ilə keçirilən bu tədbir artıq ənənə halını alıb. Hazırda əvvəlki illərdə 700 bal toplayan gənclər də qonaqlar arasında əyləşiblər. Bəzən elə hallar müşahidə olunur ki, yüksək nəticə göstərən abituriyentin ali məktəbdə kəsri olur. Sizə ali təhsilinizi də uğurla davam etdirməyinizi və gələcəyin ən peşəkar mütəxəsisslərinə çevrilməyinizi arzu edirəm”.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri  Firudin Həmzəyev çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu üçün təşkilatçılara təşəkkür edib:
“Təhsil Nazirliyinin rəhbərliyi adından bu tədbirin təşkilatçılarına, Modern.az və AzEdu.az saytının rəhbərliyinə, “Nar”a o cümlədən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. 700 bal toplayan gəncləri, valideynləri təbrik edirəm. Digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb. Bu təhsilə göstərilən qayğının təzahürüdür”.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik ediblər. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzdə artıq ikinci ildir ki, bu tədbirdə iştirak etdiyini vurğulayıb:
“Ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb. 700 bal toplayan gənclərin sayının artması bizi sevindirir. Bu hələ başlanğıcdır, sizə qarşıda uzun yol gözləyir. Bu uğuru gələcəkdə də davam etdirmək lazımdır”. 
Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini  xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.   

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz