Əlaqə Arxiv
news Image
2018.08.15
09:45
| A A A
Qurban bayramında ət kəsimi daha xaotik hal almayacaq
Mansur Piriyev: «Vətəndaşlar da bu məsələdə öz köməkliklərini göstərməlidir ki, şəhərimizin küçələrində hər il olduğu kimi Qurban bayramında antisanitar vəziyyət yaranmasın»

Qurban bayramının qeyd edilməsinə çox az vaxt qalıb. Artıq indidən Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.

Agentlik bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir: “Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur”.

Məlumatda bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilibdir. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.

Qeyd edək ki, aidiyyatı qurumlar hər il Qurban Bayramı öncəsi bu tip xəbərdarlıqlarla əhalini sanitar-gigiyenik qaydalara əməl etməyə səsləsə də, əks vəziyyət müşahidə olunur. Qurban bayramının elə ilk günlərindən yol kənarlarında qurbanlıq heyvanların antisanitar şəraitdə kəsimi həyata keçirilir. Qurbanlıq adına kəsilən heyvanların baş-ayağı bir tərəfə, içalatı, dərisi bir tərəfə tullanır. Heyvanlar müqəddəs bayram üçün kəsilsə də, kəsim yerlərində nə dinin, nədəki qanunun tələblərinə məhəl qoyulur. Bəs görəsən Agentlik bu cür halların bu bayram təkrarlanmaması üçün hansı qarşılayıcı tədbirlər görməyi planlaşdırır?

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyir ki, artıq Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunub: “Bu müraciətlər vətəndaşlar tərəfindən müvafiq yerli icra hakimiyyətləri orqanlarına olunmalıdır. Artıq icra orqanları tərəfindən hər rayon üzrə Qurban bayramı ilə bağlı kəsim yerləri  hazırlanmaqdadır. O ki qaldı küçə və yol kənarlarında sanitar normalara məhəl qoymayan şəxslərlə bağlı məsələyə, burada yerli icra hakimiyyətləri polis orqanları ilə birlikdə bu cür fəaliyyətin qarşısının alınması və təyin olunmuş qurban kəsimi məntəqələrinə yönləndirilməsi həyata keçiriləcəkdir. Qeyd edim ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür”.

Amma M. Piriyev vətəndaşları da bu məsələdə həssas olmağa səsləyir: “Vətəndaşlar da bu məsələdə öz köməkliklərini göstərməlidir ki, şəhərimizin küçələrində hər il olduğu kimi Qurban bayramında antisanitar vəziyyət yaranmasın. Belə halı müşahidə edən şəhər sakinləri   öz vətəndaş mövqeyini bildirməklə yanaşı yerli icra və polis orqanlarına eyni zamanda agentliyə məlumat verə bilər”.

Qurban bayramı ərəfəsi heyvan kəsim məntəqələrində sanitar tələblərlə yanaşı, qurbanlıq heyvanların qiymət məsələsi də aktuallaşır. Müsəlman ölkələrinin əksəriyyətində Qurban bayramı ərəfəsi qurbanlıq heyvanların qiyməti ucuzlaşsa da, bizdə əks vəziyyət müşahidə edilir. 

Qurban bayramı alıcı çoxluğundan fürsət kimi istifadə edən işbazlar qurbanlıq heyvanların qiymətini süni sürətdə bahalaşdırırlar.

Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, artıq Qurban bayramı ilə bağlı satışın həyata keçirilməsi üçün fermerlərə məlumat verilib. Onlar Bakıda qurbanlıq heyvanların satışını həyata keçirmək üçün müvafiq qurumlarla əlaqələndiriləcəklər.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz