Əlaqə Arxiv
news Image
2018.08.21
09:15
| A A A
Məktəbli ləvazimatlarının satış yarmarkalarına tələb artır
Əhməd Məmmədzadə: «Əvvəlki illərdə metrostansiyaların yaxınlığında məktəbli ləvazimatlarının satışı üçün yarmarkalar fəaliyyət göstərib» Məhəmməd Talıblı: «Artıq tələbatın əksər hissəsinin milli istehsal hesabına təmin edilməsinin vaxtı çatıb»

Yeni tədris ili yaxınlaşdıqca valideynlərin məktəb qayğıları da artır. Məktəbli ləvazimatlarının qiyməti sentyabr ayı ərəfəsi daha da bahalaşdığından valideynlərin əksəriyyəti məktəb bazarlığına elə indidən start verib. Amma valideynlər yenə elə indidən məktəblu ləvazimatlarının qiymətində bahalaşmanın müşahidə olunduğundan gileylənirlər.

Üç övladı məktəbli olan Günel Salmazadə övladları üçün ancaq məktəbli forması aldığını söyləyir: “Çanta, digər məktəb ləvazimatlarını isə hələ ki almamışam. Hər il məktəbli ləvazimatlarının qiyməti dərslər başlayana yaxın bahalaşırdı. Bu il isə məktəbin başlamasına bir ay qalmış qiymətləri artırıblar. Ən ucuz çantanın qiyməti 20 manatdır. Halbuki ötən il həmin çantalar 10-15 manata satılırdı. Dəftərin, qələmin, rəngli kağızların da qiymətində bahalaşma var. İndidən qiymətlər bahalşıbsa, yəqin ki, dərslər başlayana bir-iki həftə qalmış qiyməti yenidən qaldırarlar. Çünki, sentyabrın əvvəli məktəbli ləvazimatlarına tələbat da artır”.

Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il məktəbli ləvazimatlarının satışında da bolluq müşahidə edilmir. Ötən il paytaxtın müxtəlif yerlərində təşkil edilən məktəbli ləvazimatlarının satış yarmarkaları da bu il gözə dəymir. İndi Bakıda məktəbli ləvazimatları ancaq təyinatı üzrə mağazalarda satılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Deprtamentinin ümumi sektorunun müdiri Əhməd Məmmədzadə bu il də paytaxtın müxtəlif yerlərində məktəbli ləvazimatlarının satış yarmarkalarının təşkil ediləcəyini söyləyir. Onun sözlərinə görə, əvvəlki illərdə metrostansiyaların yaxınlığında məktəbli ləvazimatlarının satışı üçün yarmarkalar fəaliyyət göstərib: “Yəqin ki, bu il də elə həmin ünvanlarda məktəbli ləvazimatlarının ucuz qiymətə satışı üçün yarmarkalar açılacaq”.

Qeyd edək ki, məktəbli ləvazimatlarının qiymətinin ili-ildən bahalaşması bu məhsulların ölkəmizdə istehsalını da zəruri edir.

İqtisadçı Məhəmməd Talıblı deyir ki, məktəbli ləvazimatlarının təşviq siyasəti olmalıdır: “Bu gün məktəbli ləvazimatlarına olan tələbat əsasən idxal hesabına ödənilir. Artıq tələbatın əksər hissəsinin milli istehsal hesabına təmin edilməsinin vaxtı çatıb. Məktəbli ləvazimatlarının qiymətinin hər il bahalaşmasının bir səbəbi də istehsal ölkələrində istehsal xərclərinin bahalaşması ilə bağlı ola bilər”.

M. Talıblının sözlərinə görə, məktəbli ləvazimatlarının xarici ölkələrdən idxalı ölkəmizdən valyutanın kənara çıxamasına səbəb olur. İqtisadçı məktəbli ləvazimatlarının istehsalı üçün yüksək texnologiya tələb olunmadığından, bunun kiçik sahibkarlar tərəfindən təşkilinin mümkün olduğunu söyləyir. Onun sözlərinə görə, daha çox təsərrüfat subyektlərin bu prosesə qoşulması həm də rəqabət mühitinin yaranmasına gətirib çıxardar: “Məktəbli ləvazimatlarına tələbat ilboyu olur. Daha çox təsərrüfat subyekti istehsal prosesinə qoşularsa, rəqabət nəticəsində qiymətlərdə ucuzlaşma müşahidə edilər». M. Talıblı bunun kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəyini söyləyir.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz