Əlaqə Arxiv
news Image
2018.08.22
09:00
| A A A
Lombard kreditlərində faiz soyğunçuluğu
Samir Əliyev: «Kommersiya bankı özünü zərərdən sığortalamalı olsa da, qiymətləndirmədə bu cür insafsızlıq düzgün sayıla bilməz»

Banklar tərəfindən  kreditlərinin verilməsi ilə bağlı tələblərin sərtləşməsi fonunda lombard kreditlərinə olan tələbat artır. Artıq kommersiya banklarının əksəriyyəti rəsmi gəlirini göstərmək imkanı olmayan müştərilərə lombard kreditləri təklif edirlər. Lombard kreditlərinin banklar vasitəsilə verilməsi lombardlar bürolarından fərqli olaraq girovun qorunmasına zəmanəti artırsa da, bank faizləri lombardlardan çox az fərqlənir.

İllik 38-40 faizlə lombard krediti təklif edən banklar üstəlik girovu bazar qiymətindən çox aşağı dəyərləndirirlər. Real bazar qiymətlərindən aşağı dəyərləndirilən girovlara banklar  ən yaxşı halda 50 faiz dəyərində kredit ayırır.

Ekspertlər də bankların lombard kreditlərində müştərilərə qarşı amansız davrandığını təsdiqləyirlər. Bank məsələləri üzrə tanınmış ekspert, iqtisadçı Samir Əliyev deyir ki, bankların istehlak kreditləri verməsinə olan məhdudiyyətlərdən sonra çox az sayda bank müştərilərə istehlak kreditləri təklif edir: “Bu cür təkliflə çıxış edən banklar isə müştərilərdən rəsmi gəlirlərini təsdiq edən sənəd tələb edirlər. Əgər müştəri aldığı əmək haqqını təsdiq edən sənəd təqdim edə bilirsə, bu elektron sistemdə öz əksini tapırsa, əmək haqqına müvafiq olaraq müştəriyə kredit ayrılır. Yox, əgər gəlir rəsmi təsdiqlənmirsə, banklar müştərilərə ancaq girov əsasında kredit ayırırlar.

Bu gün etiraf edək ki, banklar girovun qiymətləndirilməsində real bazar qiymətlərindən də aşağı qiymətləndirmə aparırlar. Kommersiya bankı özünü zərərdən sığortalamalı olsa da, qiymətləndirmədə bu cür insafsızlıq düzgün sayıla bilməz. Üstəlik siz qeyd etdiyiniz kimi girovun ən yaxşı halda 50 faizi dəyərində kredit ayırmaqla özlərini gələcək risklərdən tam sığortalamış olurlar. Bu da azmış kimi, girov kreditlərinə çox yüksək faiz tətbiq edirlər. Bankların bu qədər risklərdən özünü sığortaladığı halda girova ayırdığı kreditə yüksək məbləğdə faiz tətbiq etməsi əlbəttə ki, insafsızlıqdır. Ona görə də, banklar girov kreditlərinə tətbiq etdiyi faizləri aşağı salmalıdırlar”.

S. Əliyev bundan əlavə kredit ödənişi gecikdikdə girovların satışa çıxardılması ilə bağlı şərtlərin də banklara sərf edən formada hazırlandığını söyləyir. Onun sözlərinə görə, girov kredikləri ilə bağlı müştərilərlə bağlanan müqavilələrdə müştəri hüquqlarının qorunmasına yönəlmiş bəndlər öz əksini tapmalıdır.

 

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz