Əlaqə Arxiv
news Image
2013.04.15
18:08
| A A A
İstismar müddəti bitən binaların taleyi hələ də müəmma olaraq qalır
Rövşən Talıbzadə: «İstismar müddəti bitən binaların sökülməsi yaxşı olardı» Həbib Ocaqov: «Elə binalar var ki, onların istismar müddəti 50 il bundan öncə qurtarıb»

Paytaxtda, eləcə də ölkənin bir sıra rayonlarında istismar müddətini başa vuran binaların mövcudluğu məlum həqiqətdir. Belə binaların taleyinin necə  olacağı isə hər zaman xüsusi maraq doğurur. Məsələyə münasibət bildirən "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Mövqe.az-a açıqlamasında istismar müddəti bitən binaların təhlükəli olduğunu qeyd edir: "İstismar müddəti bitən binaların sayı ilə əlaqədar bizdə heç bir məlumat yoxdur. Amma onu deyə bilərik ki, "İtalyan", "Xuruşşovka" layihəli binalar istismar müddəti bitən binalar hesab olunur. Hətta əksər banklarda girov götürüləndə, ipoteka krediti veriləndə o cür mənzillərin girovu qəbul edilmir. Onlarla bağlı tədbirlərin görülməsi yəqin ki, dövlətin diqqət mərkəzində qalır. Bakının böyük inkişaf planı əsasında həmin binalarla bağlı hansısa tədbirlər həyata keçirilə bilər. Ancaq indi istismar müddəti bitən binalarla əlaqədar heç bir ciddi addımlar atılmır. Bakının bir qismini əhatə edən bu tip binalar çoxdur. Ən çox da Nərimanov və Nəsimi rayonları üzrə belə binalar çoxdur. Onların sökülməsi, əhalinin oralardan köçürülməsi uzun müddətli və böyük maliyyə tələb edən məsələlərdəndir. Hazırda bununla bağlı hansısa tədbirlərin görülməsi müşahidə olunmur. 

İstismar müddəti bitən binaların sökülməsi yaxşı olardı. Ancaq bizdə ondan vacib məsələ olan köhnə, fərdi evlərin sökülməsi məsələsidir. Sovetski, Kubinka məhlələrində olan fərdi evlər tezliklə sökülməlidir". 

"Fövqəl"Assosasiyasının prezidenti Həbib Ocaqov isə məsələ ilə bağlı bildirir: "Elə binalar var ki, onların istismar müddəti 50 il bundan öncə qurtarıb. Ancaq onlar hələ də istismar edilir. Bu baxır binanın konstruksiyasına və vəziyyətinə. Binaların konstruksiyaları müxtəlif olduğu üçün onlara qarşı görülən tədbirlər də müxtəlifdir. O cür binaları təzədən rekonstruksiya edilir, təhlükəsizlik tədbirləri görülür və düzəldilir. Binaların aşlanmasına qarşı müxtəlif tədbirlər görülür. Hər binaya xüsusi yanaşma lazımdır. 

Restavrasiya edildikdə isə həmin binaları möhkəmlədirlər, zəlzələyə davamlılığını artırırlar və təmir edirlər. Bu məsələyə dövlətin öz yanaşması var. 200-dən artıq məktəb rekonstruksiya olunub. Elə yerlər var, məsələn, Sovetskidə bir-iki mərtəbəli binalar çoxdan tikilib, amma necə var elədə qalıblar yerlərində. Lakin elə binalarda var 30-il bundan əvvəl tikilsə də sökülür. Bu da onların konstruksiyasından irəli gəlir. Bu cür binalar şəhərin görünüşünə də xələl gətirir".


Sizin Reklam Yeriniz